Suraxanıda 125 min 578 nəfər müayinədən keçib

Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən əhalinin kütləvi pulsuz tibbi müayinəsi Suraxanıda da böyük ruh yüksəkliyi ilə icra olunur. Rayon icra hakimiyyəti başçısının müvafiq sərəncamı ilə bu kampaniyanın operativ təşkil edilməsi məqsədilə komissiya yaradılıb, müəssisə və idarə kollektivlərinin tibbi müayinədən keçmə qrafiki hazırlanıb. Humanist aksiya bu il fevralın 10-dan etibarən
4 xəstəxana, 4 poliklinika və 1 ambulatoriyada reallaşdırılır.

Rayon üzrə 18 yaşdan yuxarı 180 min 117 nəfər sakinin və 14 min 492 nəfər məcburi köçkünün tibbi müayinədən keçirilməsi nəzərdə tutulub. Hər bir vətəndaş yaşadığı əraziyə yaxın tibb müəssisəsində müayinə olunur. İndiyədək 125 min 578 nəfər və 99 müəssisənin kollektivi bu xeyirxah təşəbbüsdən yararlanıb. Onlardan 2815 nəfərində müxtəlif xəstəliklər aşkarlanıb, 85 nəfər stasionar müalicəyə cəlb edilib, 224 nəfər isə təkrar müayinə və müalicə olunmaq üçün paytaxtın müxtəlif xəstəxanalarına göndərilib.

Tibb müəssisələrində işləyən həkimlərdən ibarət səyyar briqadalar məktəblərdə, uşaq bağçalarında və poliklinikaya gələ bilməyən yaşlı insanlara evlərində tibbi xidmət göstərirlər. Aşkara çıxarılan xəstəliklər üzrə müalicə kursları təyin edilir.

Rayonda əhalinin tibbi müayinəsinin aparıldığı müəssisələrdən biri də Yeni Suraxanı qəsəbəsində yerləşən 12 nömrəli Birləşmiş Şəhər Xəstəxanasıdır. Ölkəmizdə gedən abadlıq-quruculuq işlərinin tərkib hissəsi kimi əsaslı təmir edilən bu səhiyyə ocağının poliklinika hissəsində Suraxanının idarə və müəssisələrində, təhsil ocaqlarında çalışanların, habelə pensiyaçıların tibbi müayinəsinə xüsusi önəm verilir. Sakinlərin mütəşəkkil surətdə tibbi müayinələrə cəlb olunmaları humanist aksiyanın yüksək səviyyədə təşkilindən xəbər verir.

Xəstəxananın baş həkimi Bəhlul Məmmədov bildirib ki, əhalinin sağlamlığının etibarlı şəkildə qorunması, xəstəliklərin erkən aşkarlanaraq insanların müalicəyə cəlb olunması məqsədilə keçirilən bu kampaniya hamının ürəyincədir. Xəstəliklərin ilkin dövrdə aşkarlanması, xəstələrin dispanser qeydiyyatına alınması sonrakı dövrdə onların müayinə və müalicəsində mühüm önəm daşıyır.

Əhalinin müayinəsi tərtib edilən qrafikə əsasən aparılır. Sakinlər əvvəlcə terapevt tərəfindən müayinə olunur, sonra isə ehtiyac yarandığı halda onlar cərrah, oftalmoloq, nevropatoloq, stomatoloq və digər həkimlər tərəfindən müayinə edilirlər.

Humanist aksiya başlayandan indiyə kimi xəstəxanada 13 min 980 nəfər tibbi müayinədən keçib. Onların 142 nəfərində xəstəlik aşkar olunub, 33 nəfər stasionar müalicəyə cəlb edilib və 14 nəfəri təkrar müayinə üçün Bakının müxtəlif xəstəxanalarına göndərilib. Eyni zamanda, 967 nəfərdən laborator analiz götürülüb, 377 nəfər EKQ, 271 nəfər rentgen müayinələrindən və 393 nəfər isə UZİ müayinəsindən keçib.

Rayon sakinləri sağlamlıq ocaqlarının tibb işçilərindən, burada yaradılan şəraitdən razıdırlar. Onlar humanist aksiyanı möhtərəm dövlət başçımız tərəfindən ölkəmizdə əhalinin sağlamlığına göstərilən qayğının bariz nümunəsi kimi dəyərləndirirlər.

V. BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında