Mövsümi allergiyalar mövzusuna həsr edilmiş konfrans keçirilib

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan Tibb Universitetində təşkil olunan tədbirdə klinikanın elm və tədris işləri üzrə direktor müavini, dosent Adil Nuriyev, nazirliyin baş allerqoloqu Cəbrayıl Məmmədov və tibb universitetinin professoru Amaliya Əyyubova iştirak ediblər.

C.Məmmədov yazda meydana çıxan allergik problemlər haqqında danışarkən bildirib ki, bir sıra ağacların yaz fəslində tozlanması allergiyaya həssas insanlarda bu problemin əlamətlərinin baş qaldırmasına səbəb olur. Bu səbəbdən baharın gəlişi ilə allergik xəstəliklər özünü daha qabarıq büruzə verir. 

Baş allerqoloq bu problemlərlə əlaqədar meydana çıxan bir sıra xəstəliklərdən söz aşıb. O deyib ki, bu xəstəliklərin xüsusi olaraq Azərbaycanda ən çox yayılmış olanı bronxial astmadır ki, buna əhalinin təxminən 5 faizində rast gəlinir. Bu problem əsasən irsi və ya yüksək rütubət olan şəraitdə yaşayanlarda meydana çıxır. Allergiya əsasən selikli qişanın güclü qaşınması və dəri səpgiləri, ümumi zəifliklə özünü büruzə verir.

Azərbaycan Allerqoloq, İmmunoloq və İmmunoreabilitoloqlar Elmi Cəmiyyətinin prezidenti, MDB ölkələrinin Allerqoloq və Kliniki İmmunoloqlar Şurasının vitse-prezidenti, Azərbaycan Tibb Universitetinin professoru Amaliya Əyyubova uşaqlarda yaranan allergik problemlər haqqında danışıb. O, bütün allergik problemlərin uşaq dövründə başlandığını deyib. Bildirilib ki, gələcəkdə bu istiqamətdə daha ağır xəstəliklərlə üzləşməmək üçün problemin qarşısının zamanında, yəni kiçik yaşlarda alınması mütləqdir. 

Allergiyanın əmələ gəlmə səbəbləri haqqında danışan A.Əyyubova burada irsiliyin də vacib rol oynadığını qeyd edib. Bildirilib ki, valideynlərdən birində allergik xəstəlik və ya reaksiyanın olması uşağın bu növ xəstəliklərə meyillilik riskini yüzdə əlli, hər ikisində olması isə 75 faiz artırır: “Altı aylığa qədər olan uşaqlarda allergiyanın əmələ gəlməsinə əsasən qida məhsulları səbəb olur. Allergik reaksiya özünü səpki, öskürək, asqıraq, boğulma və bir sıra digər hallarla büruzə verir. Xəstəlik və reaksiyalar mərhələli davam edir. Yeni doğulmuş körpələri ananın immun sistemi qoruyur. Altı aydan sonra körpələrdə immunitet bir qədər zəifləyir, onlarda virus və ya bakterial mənşəli xəstəliklərə meyillilik artır. Əgər uşaqlarda üç yaşa qədər təngnəfəslik və ya xışıltılı nəfəsalma müşahidə edilirsə, bu, artıq obstruktiv bronxitin göstəricisidir. Belə uşaqlar bronxların bəlğəmlə tıxaclanması səbəbindən çətin nəfəs alır və mütəmadi olaraq öskürürlər. Onlar bronxlarda olan seliyi ifraz etməyə çalışırlar ki, bu da güclü öskürəklə nəticələnir. Bu hal artıq xəstəliyin astmaya keçmə ehtimalını artırır”. 

Allerqoloqun sözlərinə görə, statistik məlumatlara əsasən, son illər bütün dünyada allergik xəstəliklərin sayında artım müşahidə edilir.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında