Keyfiyyətsiz ərzaq malları insan sağlamlığı üçün təhlükə mənbəyidir

İnsan sağlamlığının qorunmasında ətraf mühitlə yanaşı, istehlak mallarının, xüsusən də ərzaq məhsullarının keyfiyyəti də mühüm amillərdən sayılır. Bu baxımdan ərzaq məhsullarının istehsal və saxlanma şəraiti, satış şəbəkələri vasitəsilə istehlakçılara çatdırılması xüsusi diqqət tələb edir. Son illər ölkəmizdə bu sahədə bir sıra zəruri tədbirlər həyata keçirilsə də, müşahidələr göstərir ki, hələ də bəzi ticarət şəbəkələrində əhaliyə keyfiyyətsiz, vaxtı ötmüş ərzaq malları satılır.
Təsadüfi deyil ki, Nazirlər Kabinetinin 2010-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında möhtərəm Prezidentimiz İlham Əliyev bu məsələyə toxunaraq bəzi iradlarını bildirmiş, əhaliyə keyfiyyətsiz malların satılmasına ciddi qadağa qoyulmasını mühüm bir vəzifə olaraq qarşıya qoymuşdur. Dövlət başçısı insanların sağlamlığına mənfi təsir göstərən keyfiyyətsiz və vaxtı ötmüş məhsulların idxalının qarşısının alınması ilə yanaşı, yerlərdə saxta, primitiv üsullarla hazırlanan qida məhsullarının da aşkar edilərək ticarət şəbəkələrindən dərhal yığışdırılması ilə bağlı əlaqədar təşkilatlara ciddi tapşırıqlar vermişdir.
Ölkəmizin hər yerində olduğu kimi, paytaxtın Nizami rayonunda da bu sahədə vacib işlər görülür. Hər şeydən əvvəl qeyd etmək istəyirəm ki, rayonumuzun ərazisində istehsal olunan və satılan ərzaq məhsullarının fiziki-kimyəvi, bakterioloji, toksikoloji, radioloji göstəricilərinə görə müayinələri plan-qrafikə uyğun aparılır ki, bu da keyfiyyətsiz ərzaq məhsullarının istər istehsal xəttindən, istərsə də ticarət şəbəkəsindən vaxtında çıxarılaraq baş verə biləcək qida zəhərlənmələrinin qarşısının alınmasına imkan verir. Məlumat üçün bildirirəm ki, 2010-cu ilin birinci rübü ərzində rayon ərazisində 4 qida zəhərlənməsi baş vermişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 hadisə azdır. Hesabat dövründə botulizm hadisəsi isə, ümumiyyətlə, qeydə alınmamışdır.
İstehsal sahələrinin laborator-instrumental yolla müayinələri, ərzaq mallarının sertifikatlaşmaya cəlb edilməsi satışa çıxarılan məhsullar barəsində dəqiq rəy verilməsinə imkan yaradır. Cari ilin ilk rübündə bu məqsədə 42 istehsal sahəsində laborator-instrumental yolla müayinələr aparılmış, 69 çeşiddə ərzaq məhsulu tam laborator müayinələrindən keçərək sertifikat almışdır. Bütövlükdə həm istehsal sahələrindən, həm də ticarət şəbəkələrindən laborator müayinələrinə 753 müxtəlif çeşiddə ərzaq məhsulları gətirilmiş, bunların 31-nin bakterioloji çirklənmə, 27-nin isə fiziki-kimyəvi göstəricilərinə görə qəbul olunmuş normalara uyğun gəlmədiyi aşkar edilmişdir. Elə bu səbəbdən iki istehsal sahəsinin fəaliyyəti müvəqqəti olaraq dayandırılmış, 4 nəfərə qarşı inzibati qaydada cərimə protoklları tərtib edilərək həmin şəxslər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq cərimələnmişlər.
İstehsal sahələrində məhsulların texnoloji normativlərə uyğun istehsalı, temperatur rejiminin gözlənilməsi şərtilə saxlanması, ticarət şəbəkələrinə daşınması xüsusi nəzarət altında həyata keçirilir. Bir çox hallarda bütün texnoloji emaldan normativlərə uyğun keçmiş məhsulların bəzi ticarət şəbəkələrində düzgün qaydada saxlanılmaması, ərzaq və qeyri-ərzaq məhsullarının bir-biri ilə yanaşı düzülməsi, tez xarab olan ərzaq məhsullarının temperatur rejiminin gözlənilməməsi qida zəhərlənmələrinə gətirib çıxarır. Belə faktların aşkara çıxarılması zamanı cavabdeh şəxslərə qarşı inzibati qaydada tədbirlər görülür, həmin məhsullar aktlaşdırılaraq satışdan çıxarılır və komissiya üzvlərinin iştirakı ilə yandırılır.
Bildiyiniz kimi, istər qida zəhərlənmələrinin, istərsə də kəskin mədə-bağırsaq infeksiyalarının baş verməsində əsas amillərdən biri də içməli su hesab edilir. Rayon sakinlərinin içməli suya tələbatı 3 mənbədən həyata keçirilir. İlin əvvəlindən xüsusi razılaşdırılmış plan-qrafikə uyğun olaraq əhaliyə verilən içməli suyun üzərində ciddi bakterioloji və kimyəvi müayinələrlə nəzarət aparılır. Məhəllədaxili su anbarları hər il yenidən yuyulub dezinfeksiya olunur. Laborator müayinələrdən və qaneedici nəticələr əldə olunduqdan sonra suyun əhaliyə verilməsi təmin edilir. Elə bunun nəticəsidir ki, son bir neçə ildə rayonumuzda qarın yatalağı, salmonelyoz, dizenteriya kimi yoluxucu xəstəliklər, ümumiyyətlə, qeydə alınmamışdır.
Qida zəhərlənmələrinə gətirib çıxara biləcək hallardan biri də keyfiyyətsiz ətdən istifadə edilməklə sıxılmış propan qazında bişirilmiş dönərlərdir. Bir çox hallarda ucuz, keyfiyyətsiz ətdən istifadə, eyni zamanda, kimyəvi-zəhərli ayrılmalarla bişirilmiş bu qidalar həmin an kəskin qida zəhərlənməsi yaratmasa da, orqanizmə kifayət qədər zərərli və gələcəkdə bəd xassəli şişlər yarada biləcək qədər təhlükəlidir. Elə bu səbəbdən də rayon ərazisində belə halların qarşısı yerindəcə alınmaqla 8 dönər köşkü rəsmi qaydada sənədləşdirilərək bağlanmışdır. Hazırda yalnız qida üçün yararlı, keyfiyyətli mal ətindən istifadə etməklə, elektrik və közlə bişirilmə yolu ilə fəaliyyət göstərən dönər köşkləri əhaliyə xidmət göstərməkdədir.
Keyfiyyətli ərzaq məhsullarının əhaliyə satılması qədər həmin məhsulları realizə edən şəxslərin, ictimai-iaşə xidməti göstərən işçilərin tam sağlam olmaları da mühüm amillərdən hesab olunur və bunun üzərində ciddi nəzarət aparılır. Belə ki, cari ilin ilk rübü ərzində dövri tibbi müayinələrdən keçməli olan 1020 nəfər işçidən 1006-sı tam tibbi müayinələrə cəlb edilmiş, yalnız tam sağlamlığı təsdiq olunduqdan sonra işə buraxılmışlar.
Son aylarda rayonumuzda gedən abadlıq-quruculuq işləri, ekoloji tarazlığın qorunması müəssisə rəhbərlərini öz sahəsində daha da məsuliyyətli olmağa istiqamətləndirir. Rayon ərazisindən məişət tullantılarının vaxtı-vaxtında daşınması, park və meydanlarda abadlıq işlərinin yüksək zövqlə aparılması, kütləvi şəkildə müxtəlif növ ağacların əkilməsi sakinlərimizin rəğbətinə səbəb olmuşdur. Fürsətdən istifadə edərək bildirmək istəyirəm ki, sakinlərimizin keyfiyyətli ərzaq və içməli su ilə təminatı bizim üzərimizə düşən ən mühüm vəzifələrdən biri kimi bundan sonra da məsuliyyətlə icra ediləcəkdir.
Yeri gəlmişkən, yaz-yay mövsümünün daxil olması ilə əlaqədar Nizami Rayon İcra Hakimiyyəti başçısının xüsusi sərəncamı ilə qanunsuz küçə ticarəti, keyfiyyətsiz sərinləşdirici şirələrin satışının qarşısının alınması, habelə əhaliyə satılan istehlak mallarının keyfiyyətinə ictimai nəzarəti təmin etmək məqsədilə xüsusi komissiya yaradılmış, həmin komissiyanın tərkibinə aidiyyəti təşkilatların nümayəndələri daxil edilmişdir. Bu komissiya rayon ərazisində küçə ticarətinin, qazlaşdırılmış şirəli suların satışının, qeyri-qanuni mal-qara kəsiminin, qanunsuz səyyari ictimai-iaşə fəaliyyətinin qarşısını alınması istiqamətində səmərəli fəaliyyət göstərəcək.

{nl}

Nadir EYVAZOV, Nizami rayonunun baş dövlət sanitariya həkimi

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında