Dünya şöhrətli baytarlıq mikrobioloqu

Böyük şəxsiyyətlər hər zaman qəlblərdə yaşayıb, yaddaşlarda əbədi qalırlar. Baytarlıq mikrobiologiyası tarixində özünəməxsus şərəfli yeri və mövqeyi olan, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, baytarlıq elmləri doktoru, professor, Lui Paster medalına layiq görülən görkəmli mikrobioloq, epizootoloq, mahir pedaqoq, dövlət xadimi Məmmədtağı Qasım oğlu Qəniyev məhz belə insanlardan idi.

Azərbaycanda baytarlıq mikrobiologiyasının inkişaf etdirilməsi, tədrisi məhz Məmmədtağı Qəniyevin adı ilə bağlıdır. O, çalışdığı elm sahəsinin həm tarixi, həm də cari məsələləri ilə maraqlanır və onların elmi tədqiqinə nail olmağa çalışırdı.

M.Qəniyev 1907-ci ildə Şamaxı şəhərində kiçik tacir ailəsində dünyaya göz açmışdır. İbtidai təhsilini orada aldıqdan sonra 1920-ci ildə Bakıdakı S.Orconikidze adına hərbi hazırlıq məktəbinə daxil olmuşdur. 1926-cı ildə hərbi məktəbi bitirdikdən sonra Zaqafqaziya hərbi dairəsinə, oradan isə Lenin-qrad (Sankt-Peterburq) dairə məktəbinə göndərilmişdir. 1927-ci ildə Leninqrad dairə Hərbi Tibb Komissiyasının qərarı ilə səhhətinə görə hərbi təhsildən azad edilmişdir.

Bakıya qayıdan Məmmədtağı Qəniyev M.Ə.Sabir adına məktəbə daxil olaraq təhsilini davam etdirməklə yanaşı, Bakı Türk Satirik Fəhlə Teatrında müdir köməkçisi vəzifəsində çalışmışdır.

M.Qəniyev gənc yaşlarından heyvanat aləmi ilə maraqlanmış, bu sahəyə meyil göstərmişdir. Ona görə də 1928-ci ildə İrəvanda Zaqafqaziya Baytarlıq-Zootexnik İnstitutunun baytarlıq fakültəsinə daxil olmuşdur.

Tələbəlik illərində M. Qəniyev elmi-tədqiqat işləri ilə maraqlanır, professor A. Germanin rəhbərlik etdiyi tələbə dərnəyində fəallıq göstərir və elə burada da özünün ilk “İribuynuzlu heyvanlardan alınmış bağırsaq çöplərinin variabilliyinin öyrənilməsi” mövzusunda elmi-tədqiqat işini yerinə yetirir.

Həmin dövrdə Zaqafqaziyada iribuynuzlu heyvanların taunu tüğyan edirdi. Bu xəstəliyə qarşı mübarizə üçün dəstələr, qruplar yaradılırdı. M.Qəniyev də 1929-cu ildə bu təhlükəli infeksiyaya qarşı mübarizə aparan dəstənin tərkibinə qatılır. Həmin institutda oxuduğu illərdə sözügedən ali təhsil müəssisəsinin təqdimatı ilə 1929-1932-ci illərdə M.Qəniyev İrəvan Pedaqoji Texnikumunda da dərs deyirdi.

1932-ci ildə institutu bitirən M. Qəniyevin elmə marağı nəzərə alınaraq aspiranturada saxlanılır. Lakin elə həmin vaxt Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun müdiriyyəti onu baytarlıq fakültəsinin mikrobiologiya kafedrasına daimi işə – assistent vəzifəsinə dəvət edir.

1930-cu ildə yaradılan Azərbaycan Baytarlıq-Zootexnik İnstitutunda elmi kadrlara böyük ehtiyac vardı. Mikrobiologiya və epizootologiya kafedrasının möhkəmləndirilməsində M.Qəniyevin böyük rolu oldu. O, tələbələri həmin kafedranın praktik materialları ilə tanış edir, mühazirələr oxuyur və Zaqafqaziya Zoobaytarlıq İnstitutu və onun direktoru, baytarlıq işinin böyük təşkilatçısı, professor V.Massino ilə əlaqə saxlayırdı. Onun köməyi ilə sözügedən kafedra üçün lazımi avadanlıqlar alındı. Həmin dövrdə Azərbaycan dilində dərslik və dərs vəsaitləri də yox idi. M.Qəniyev bu çatışmazlığın aradan qaldırılmasında fəal iştirak etdi və 1933-cü ildə ilk dəfə onun “Mikrobiologiyanın əsasları” adlı dərsliyi çapdan çıxdı. Sonra isə Azərbaycan dilində mikrobiologiya terminologiyasını yaratdı.

Həmin dövrdə Gəncə şəhərinin və ətraf rayonların içməli su ilə təchizatı vacib məsələlərdən biri idi. Bu məqsədlə 1934-cü ildə şəhəri və ətraf rayonları içməli su ilə təmin etmək üçün kəhrizlərin və digər su mənbələrinin sanitar vəziyyətini yaxşılaşdırmaq məqsədilə Dövlət Komissiyası yaradıldı. M.Qəniyev komissiyanın sədr müavini oldu.

1934-1936-cı illərdə M.Qəniyev Gəncə şəhəri və onun ətraf rayonlarının su mənbələrinin mikrobioloji və kimyəvi tərkibini hərtərəfli öyrənir. Topladığı materiallar əsasında 21 iyun 1936-cı ildə “Kirovabad şəhəri və onun ətraf rayonlarının su təminatının sanitar vəziyyəti” mövzusunda baytarlıq elmləri namizədi elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə edir.

 M.Qəniyev 1934-cü ildən 1936-cı ilə qədər Tbilisi şəhərində Zaqafqaziya Universitetində dərs deyir, həm də Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda kənd təsərrüfatı heyvanları və quşlarının xəstəlikləri və onlarla mübarizə mövzusunda mühazirələr oxuyurdu.

 1934-1936-cı illərə qədər M.Qəniyev həmin ali təhsil müəssisəsində işləməklə yanaşı, Kirovabad Baytarlıq Texnikumunda direktorun tədris hissəsi üzrə müavini kimi də fəaliyyət göstərir. Baytarlıq Texnikumunun Zaqatala şəhərindən Kirovabad şəhərinə köçürülməsinə və texnikumda milli kadrların hazırlanmasına böyük əmək sərf edir.

1938-ci ildə M.Qəniyevə mikrobiologiya ixtisası üzrə dosent vəzifəsi verilir və Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda kafedra müdiri təyin olunur. O, 1959-cu ilə qədər həmin kafedraya rəhbərlik edir. Bu dövrdə alimin ümumi və baytarlıq mikrobiologiyasının bəzi məsələlərini işıqlandıran ikinci “Mikrobiologiya kursu” dərsliyi çapdan çıxır.

Bu dövrdə iribuynuzlu heyvanların pasterelyoz xəstəliyi Azərbaycanda, xüsusən, keçmiş İttifaqın cənub respublikalarında geniş yayılaraq heyvandarlıq təsərrüfatlarına böyük ziyan vururdu. Elə buna görə də M.Qəniyev Azərbaycanda iribuynuzlu heyvanların və camışların pasterelyozunu öyrənməyə başlayır.

Aparılan tədqiqat işləri göstərdi ki, Zaqafqaziyada iribuynuzlu heyvanlarda və camışlarda pasterelyozun yayılmasının əsas səbəbi torpaqda və durğun sututarlarda törədicilərin olmasıdır. Bununla bərabər, xəstəlikdən sonra sağalan heyvanlar da 1 il xəstəlik törədicilərini daşıyır. Başqa sözlə, xəstə və xəstəlik keçirən heyvanlar otarılma, suvarma və yemlənmə vaxtı törədiciləri yayır və beləliklə, digər iribuynuzlu heyvanlar arasında xəstəlik baş verir.

M.Qəniyev onu da müəyyən etmişdir ki, pasterelyozun törədiciləri meyvədə, torpaqda, suda və digər materiallarda öz yoluxdurma qabiliyyətini 4 aya qədər saxlayır.

İribuynuzlu heyvanların və camışların pasterelyozla yoluxması bu infeksiyaya qarşı radikal mübarizə metodları işləyib hazırlamağı tələb edirdi.

heyvanların pasterelyozuna qarşı aktiv immunlaşdırılması üçün çox iş görülmüşdür. Lakin fəal profilaktika aparmaq məqsədilə seçilən metodlar, bu infeksiyanın bəzi epizootoloji amilləri nəzərə alınmadığından, həmişə müvəffəqiyyətli olmurdu. Bu xəstəliyə qarşı elə vaksin yaratmaq lazım idi ki, o, vurulan heyvanlarda uzunmüddətli immunitet yaransın və heyvanlar daha xəstələnməsin. Bu məqsədlə alim, müxtəlif metodlarla bir neçə vaksin hazırlayır və onların immunobioloji xüsusiyyətlərinin öyrənilməsi sınağı zamanı yarımmaye formal vaksin müsbət nəticələr verir.

M.Qəniyev əldə etdiyi uğurlarla kifayətlənməyərək, tələbələri ilə birgə bu vaksini bir qədər də təkmilləşdirir. Nəticədə heyvan orqanizmində yaradılan immunitetin müddətini uzatmaq və dozasını aşağı salmaq mümkün olur.

1956-cı ildən başlayaraq, təkmilləşdirilmiş yarımmaye formol hidrooksidalumin vaksini ilə respublikada 6 milyona yaxın iribuynuzlu heyvan və camış vaksinləşdirir.

1956-cı ildə göstərilən vaksin SSRİ Kənd Təsərrüfatı Nazirliyi tərəfindən rəsmi preparat kimi təsdiq olunur və onun tətbiqinə başlanılır.

M.Qəniyev və onun tələbələri pasterelyoz probleminin öyrənilməsi ilə 30 il məşğul olmuşlar. Bununla bağlı alimin 2 monoqrafiyası çap olunmuşdur. 1944-cü ildə M.Qəniyev “Azərbaycan SSR-in iribuynuzlu heyvanlarının və camışlarının pasterelyozu” mövzusunda Moskvada Ümumittifaq Eksperimental Baytarlıq İnstitutunda doktorluq dissertasiyası müdafiə etmişdir.

Pasterelyoz əleyhinə vaksinin müvəffəqiyyətli tətbiqinə görə, 1956-cı ildə Ümumittifaq Kənd Təsərrüfatı sərgisində “Kiçik qızıl” və gümüş medallara layiq görülmüş və Azərbaycan SSR Xalq Torpaq Komissarlığının texniki şurasına üzv seçilmişdir.

Böyük Vətən müharibəsinin birinci ili o, baş baytar həkimi kimi praktik sahədə böyük işlər görür. 1941-ci ilin sonunda isə atçılıq sovxozlarının infeksion anemiyaya görə vəziyyətini öyrənmək və heyvanların sağaldılması planını hazırlamaq üzrə Zaqafqaziya hərbi dairəsinin üzvü seçilir.

M.Qəniyev 1943-cü ildə Azərbaycan Elmi-Tədqiqat İnstitutuna direktor təyin edilir və alimin təşəbbüsü ilə Kürdəmirdə həmin institutun köməkçi eksperimental təsərrüfatı yaradılır. 1950-ci ildə isə onun baytarlıq mikrobiologiyası üzrə üçüncü dərsliyi çapdan çıxır.

M.Qəniyev Azərbaycanda kənd təsərrüfatı heyvanlarının dabaq və listeriozun öyrənilməsi istiqamətində böyük elmi-tədqiqat işi aparmışdır. Dabaq xəstəliyinin müxtəlif məsələlərinə və onlarla mübarizə tədbirlərinə aid 10-a qədər elmi iş alimin qələmindən çıxmışdır. O, 1965-ci ildən ömrünün sonuna qədər Nazirlər Sovetinin kənd təsərrüfatı heyvanlarının dabaq xəstəliyi ilə mübarizə üzrə fövqəladə komissiyasının üzvü olmuşdur.

M.Qəniyev professor Ə.Ənnağıyevlə birlikdə listerioz əleyhinə vaksin təklif etmişdir. Bu vaksin 1962-ci ildə keçmiş SSRİ-nin bir çox vilayətlərində uğurla tətbiq olunmuşdur.

M.Qəniyevin yüksək ixtisaslı kadrların hazırlanmasında da böyük xidmətləri olmuş, 36 elmlər namizədi və doktoru hazırlamışdır.

1958-ci ildə Azərbaycan SSR Kənd Təsərrüfatı Akademiyası təşkil olunur. Bu akademiyaya seçilən həqiqi üzvlərdən biri də M.Qəniyev idi. Sonralar o, akademiyanın Rəyasət Heyətinin üzvü seçilir, heyvandarlıq və baytarlıq şöbəsinin akademik katibi işləyir. 1962-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyası ləğv edildikdən sonra M.Qəniyev Azərbaycan EA-nın həqiqi və EA-nın kənd təsərrüfatı elmləri bölməsinin büro üzvü seçilir.

Baytarlıq elminin inkişafında və yüksək ixtisaslı kadrların hazırlanmasında xidmətləri yüksək qiymətləndirilərək “Şərəf nişanı”, “Qırmızı Əmək Bayrağı” ordenləri, 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində “Fədakar əməyə görə” və “Qafqazın müdafiəsinə görə” medalları ilə təltif edilmişdir. 1958-ci ildə ona “Azərbaycan SSR-in əməkdar elm xadimi” fəxri adı verilmişdir.

Görkəmli mikrobioloq, dünya şöhrətli alim, akademik M.Qəniyevin tələbələri unudulmaz müəllimlərinin işini bu gün də uğurla davam etdirir, elmi müəssisələrdə, təsərrüfatlarda əzmlə çalışır, onu daim ehtiramla yad edirlər.

Tamilla ƏLİYEVA,
Baytarlıq Elmi – Tədqiqat İnstitutunun direktoru, biologiya üzrə fəlsəfə doktoru, dosent,
İlham ƏZİMOV,
institutun direktor müavini,
baytarlıq elmləri doktoru, professor,
Avtandil YUSİFOV,
institutun şöbə müdiri, biologiya elmləri doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında