Bu görüş uşaqlara böyük sevinc bəxş etdi

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Mərdəkandakı 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində humanitar aksiya və xalqımızın özəl bayramı olan Novruzla əlaqədar şənlik təşkil edib.

 Məqsəd həm uşaqlarda göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə və həll etmək, eyni zamanda ictimai həyatdan bir qədər təcrid olunan uşaqları sevindirmək idi.

Qeyd edək ki, Milli Oftalmologiya Mərkəzinin bütün filialları ən son texnoloji avadanlıqlarla təchiz olunub. Klinikada təcrübəli və xaricdə ixtisas keçmiş həkim-oftalmoloqlar bütün göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də əməliyyatı ilə məşğul olur. Mərkəzin pasientlərə regionlarda səyyar xidmət göstərməsi isə geniş yayılır.

 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsi dinindən, dilindən, cinsindən, mənşəyindən asılı olmayaraq 5--18 yaşlı təhsilə cəlb olunmayan sağlamlıq imkanları məhdud uşaqlara sosial xidmətlərin göstərilməsi üçün nəzərdə tutulub. Müəssisədə müvafiq təbəqədən olan uşaqlar münasib yaşayış şəraiti ilə təmin edilir, onlara müəyyən edilmiş rejimə və fərdi iş planına uyğun xidmət və qayğı göstərilir, onlarla mədəni-kütləvi iş aparılır, həmin uşaqların abilitasiyası və reabilitasiyası həyata keçirilir. Həmçinin uşaqların yaşı və sağlamlıq imkanları nəzərə alınaraq onların ilkin biliklərə və peşə bacarıqlarına yiyələnməsi, yaşlarından və sağlamlıq imkanlarından asılı olaraq fiziki tərbiyəsi, rasional, o cümlədən diyetik yeməklərlə təminatı və s. istiqamətlərdə müvafiq işlər aparılır.

Keçirilən aksiya və Novruz şənliyi ilə bağlı Milli Oftalmologiya Mərkəzinin Elmi məlumat və təşkilati metodik bölmənin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva bildirdi: “Kimliyimizdən, vəzifəmizdən, tutduğumuz mövqedən asılı olmayaraq çoxumuz valideyinik, ata-anayıq. Övlad sahibi olmaq böyük hissdir. Övladımızın bir xəstəliyi, qüsuru olanda narahat oluruq. 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisində sağlamlıq imkanları məhdud olan onlarla uşaq var. Aksiyada yüz nəfər uşaq müayinə edildi, ehtiyacı olanlara eynək təyin olundu.  Onlara dəstək olmaq, hansısa bir probleminin həllinə çalışmaq öz övladlarımıza dəstək olduğumuz qədər mühümdür. Novruz bayramı ərəfəsində onları sevindirmək bizim üçün çox xoş oldu. Onlarla söhbət etdik, fikirləri ilə tanış olduq.

Uşaqlara xonçalardakı şirniyyatlar paylandı. Bəzi uşaqları əlimizlə yedizdirdik. Klounların onları şənləndirməsi, şar yağışı uşaqlara bir dünya sevinc bəxş etdi. Bunu onların simasındakı təbəssümdən aydın sezmək olurdu”.

Tədbirdə uşaqlar, onlara xidmət edənlərlə, oftalmologiya mərkəzinin nümayəndələri qol götürüb rəqs etdilər.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında