Naxçıvan Dövlət Universitetinin tələbə yataqxanası, qonaq evi və tələbə sosial xidmət mərkəzi istifadəyə verilmişdir

Fevralın 28-də Naxçıvan Dövlət Universitetinin 452 yerlik tələbə yataqxanası, qonaq evi və tələbə sosial xidmət mərkəzi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılış mərasimində çıxış edərək demişdir: "Təhsil, o cümlədən ali təhsil hər bir cəmiyyətin həyatında mühüm əhəmiyyətə malikdir. Bu, bir həqiqətdir ki, təhsil olmadan inkişaf mümkün deyildir. XIX əsr ədəbiyyatımızda, ictimai və fəlsəfi fikir tariximizdə özünəməxsus yeri və xidmətləri olan böyük mütəfəkkir Mirzə Fətəli Axundzadə yazırdı ki, "oxumuşların sayı çox olan ölkələrdə təfəkkür sahiblərinin də sayı çox olar. Təfəkkür sahiblərinin sayı çox olduğu ölkələrdə həyatın bütün sahələrində xalq gündən-günə tərəqqi edib inkişafa qovuşar".
Bu inkişafı doğma Azərbaycanımızın timsalında aydın görmək mümkündür. Ötən əsrin 70-ci illərində xalqımızın təhsillənməsi, gənc kadrların hazırlanması, maarif müəssisələri şəbəkəsinin genişləndirilməsi sahəsində görülən işləri əhəmiyyətli tədbirlər kimi yüksək dəyərləndirən, milli tərəqqidə, müstəqil dövlət quruculuğunda təhsilin əvəzsiz rolunu xüsusi vurğulayan ümummilli liderimiz Heydər Əliyev deyirdi: "Təhsil sisteminin nə qədər dəyərli olduğunu ondan görmək olar ki, Azərbaycanda yüksək savada, biliyə, ixtisasa, yüksək elmə malik insanlar var və onlar cəmiyyətin çox hissəsini təşkil edirlər. Əgər bunlar olmasaydı, Azərbaycan iqtisadiyyatı belə güclü inkişaf edə bilməzdi. Bunlar olmasaydı, Azərbaycan elmi inkişaf edə bilməzdi. Bunlar olmasaydı, biz indi Azərbaycanı müstəqil dövlət kimi idarə edə bilməzdik".
Ümummilli liderimizin müəyyənləşdirdiyi təhsil strategiyası bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Ölkə rəhbəri dəfələrlə bildirmişdir ki, Azərbaycanda milli tərəqqi, gələcək inkişafın əsasının qoyulması elm və təhsilin inkişafından, gənclərin müasir biliklərə yiyələnməsindən asılıdır.
Ali Məclisin sədri ölkəmizdə ali təhsillilərin sayının artımı ilə yanaşı, ali təhsil ocaqlarında da ciddi infrastruktur dəyişikliyinin baş verdiyini bildirmişdir. Qeyd olunmuşdur ki, son illər Naxçıvan Dövlət Universitetində bütöv bir şəhərcik formalaşmış, yeni tədris korpusları, elektron kitabxana, xəstəxana, botanika bağı, konservatoriya, olimpiya tipli idman mərkəzi yaradılmış, kabel televiziyası və simsiz internet şəbəkəsi istifadəyə verilmişdir. Burada yaradılan şəraitin, gənc kadrların yetişdirilməsi sahəsində qazanılan uğurların nəticəsidir ki, 2009-cu ildə ali məktəblərə qəbul imtahanlarında 500-700 intervalında bal toplayanlardan 95 nəfəri Naxçıvan Dövlət Universitetini seçmişdirsə, 2010-cu ildə onlardan 115-i Naxçıvan Dövlət Universitetinin tələbəsi adını qazanmışdır.
Ölkəmizdə insan kapitalının formalaşmasında ali təhsilin rolu əvəzsizdir. Əgər orta məktəb insanı, ümumiyyətlə, həyata hazırlayırsa, ali məktəb onu bir peşəkar kimi, müəyyən bir sahənin mütəxəssisi kimi yetişdirir. Bu mənada ali məktəbə, ali təhsilin təşkilinə ciddi tələblər veririk. Ölkəmiz inkişaf etdikcə artan iqtisadi potensial ali məktəblərin daha da inkişaf etdirilməsinə imkan yaradırsa, öz növbəsində ali təhsil də iqtisadiyyatın artan tələbatlarına cavab verməli, xalq təsərrüfatı üçün mütəxəssis yetişdirilməsi missiyasını layiqincə yerinə yetirməlidir. Bu mənada ali təhsil ikiqat məsuliyyətli sahədir. Ona görə ki, söhbət xalqımızın və dövlətimizin gələcəyindən gedir. O gələcək isə burada - ali məktəb auditoriyalarında hazırlanır.
Göründüyü kimi, ali təhsil müəssisələrinin qarşısında ciddi vəzifələr dayanır. Gələcəyimiz olan gəncliyin yetişməsi, milli-mənəvi dəyərlərimizə sahib çıxması üçün məqsədyönlü işlər görülməli, vətənpərvərlik tərbiyəsi gücləndirilnməlidir.
Ali Məclisin sədri demişdir: - Muxtar respublikada təhsilə diqqət, ali təhsilin inkişafı ilə bağlı görülən tədbirlər bugünədək hansı səviyyədə idisə, bundan sonra ondan da artıq səviyyədə davam etdiriləcəkdir. Gərək pedaqoji kollektivlər, ali təhsil ocaqlarının professor-müəllim heyətləri də əldə olunan nailiyyətlərlə kifayətlənməsinlər, daha məsuliyyətlə və tələbkarlıqla çalışsınlar.
Bu məsul işdə hamınıza uğurlar arzulayır, yeni sosial sahələrin istifadəyə verilməsi münasibətilə təbrik edirəm.
Koreya Respublikasından olan "Beynəlxalq əlaqələrin tarixi və nəzəriyyəsi" ixtisası üzrə magistr Yaunq Myunq Qa, memarlıq ixtisası ikinci kurs tələbəsi, nigeriyalı Antoni Mokvunye, hüquqşünaslıq ixtisas üzrə birinci kurs tələbəsi Jalə İbrahimova, Banqladeşdən olan beynəlxalq münasibətlər ixtisası üzrə ikinci kurs tələbəsi Xeyruz Zaman çıxış edərək tələbələrin sosial şəraitinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.
Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli çıxış edərək demişdir ki, göstərilən dövlət qayğısı nəticəsində yeniləşən universitetimiz muxtar respublikamızdakı böyük intibahın əsas göstəricilərindən biridir. Naxçıvan Dövlət Universiteti möhkəm milli əsaslara malik olan, dünya universitetlərinə inteqrasiya edən müasir tipli ali təhsil ocağıdır. Artıq Naxçıvan Dövlət Universiteti Azərbaycandakı ən qabaqcıl elm, təhsil və mədəniyyət mərkəzlərindən birinə çevrilmişdir. Asiya Universitetləri Cəmiyyətinin, Avropa Rektorlar Klubunun üzvü olan, "Minilliyin universiteti" adını daşıyan bu ali təhsil ocağını Şərqdə və Qərbdə nəinki tanıyır, həm də dünya universitetləri ailəsinin üzvü kimi qəbul edirlər.
Universitetdə bir çox beynəlxalq layihələr həyata keçirilir. Bütün bunlar Naxçıvan Dövlət Universitetində milli təhsilin dünya təcrübəsi ilə əlaqələndirilməsinə və inkişafına imkan verir. Universitetimizdə bir gündə 3 obyektin istifadəyə verilməsi muxtar respublikada elmə, təhsilə göstərilən böyük diqqət və qayğının parlaq təzahürüdür.
Akademik İsa Həbibbəyli Naxçıvan Dövlət Universitetinin inkişafına göstərilən diqqət və qayğıya görə ali təhsil ocağının çoxminli professor-müəllim və tələbə kollektivi adından Azərbaycan Prezidentinə minnətdarlığını bildirmişdir.
Açılışı bildirən rəmzi lent kəsildikdən sonra yataqxanaya baxış olmuşdur.
Yataqxana binası 2 korpusdan, 5 mərtəbədən ibarətdir. Bina 200 qız və 252 oğlan olmaqla 452 tələbə yerlikdir. Burada azərbaycanlı tələbələrdən başqa, Türkiyədən, İrandan, Misirdən, Nigeriyadan, Koreya Respublikasından, Banqladeşdən 40 nəfər tələbənin yaşaması nəzərdə tutulmuşdur.
Universitetin qonaq evi də yataqxana binasının birinci mərtəbəsində yerləşir.
Üçmərtəbəli binadan ibarət olan tələbə sosial xidmət mərkəzinin birinci mərtəbəsində kafeteriya, foto, aptek, rabitə evi, bərbərxana istifadəyə verilmişdir. Binanın ikinci mərtəbəsində inzibati hissə, yerli məhsulların satış mağazası, qadın gözəllik salonu, kompyuter zalı yerləşir. Üçüncü mərtəbədə isə müəllim və tələbələr üçün yeməkxana, tələbə ləvazimatları və geyim mağazası, kitab mağazası fəaliyyət göstərəcəkdir.
Tələbə sosial xidmət mərkəzinin açılışında Naxçıvan Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Nargilə Əsədova və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin universitet təşkilatının sədri Elçin Əliyev tələbələrin müasir dünyagörüşlü, təhsilli gənclər kimi yetişməsinə göstərilən diqqət və qayğıdan danışmışlar. Qeyd olunmuşdur ki, bu diqqət və qayğının müqabilində tələbələr yaxşı təhsil alacaq, ölkəmizə layiqli vətəndaş olmaq üçün yüksək ixtisaslı kadr kimi yetişəcəklər. Universitetimizin gəncləri ulu öndərimizin yoluna sadiq qalaraq muxtar respublikanın inkişafına öz töhfələrini verməyə çalışacaqlar.
Ali Məclisin sədri Naxçıvan Dövlət Universitetinin qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirəcəyinə, birgə fəaliyyətin ölkəmiz üçün xeyirli olacağına, universitetin reytinqinin daha da yüksələcəyinə əminliyini bildirmişdir.
Yataqxana binasının, qonaq evinin və tələbə sosial xidmət mərkəzinin ərazisində geniş abadlıq işləri aparılmış, yaşıllıqlar salınmış, müasir işıqlandırma sistemi quraşdırılmışdır.
Sonra Ali Məclisin sədri Vasif Talıbov universitetin beynəlxalq münasibətlər və xarici dillər fakültəsində tədris prosesi ilə maraqlanmış, yeni yaradılmış "Beynəlxalq münasibətlər və enerji siyasəti", "Diplomatiya" kabinələri ilə tanış olmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında