Neft Akademiyasında Xocalı soyqırımı qurbanlarının xatirəsi anıldı

Azərbaycan Dövlət Neft Akademiyasında Xocalı faciəsinin 19-cu ildönümü ilə bağlı anım mərasimi keçirildi. Tədbir iştirakçıları əvvəlcə 1992-ci ilin fevralında erməni silahlı birləşmələri tərəfindən həyata keçirilmiş Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Mərasimdə çıxış edən akademiyanın rektoru, akademik Siyavuş Qarayev bildirdi ki, Xocalı soyqırımı insanlıq tarixində bəşəriyyət əleyhinə törədilmiş ən amansız və qanlı faciələrdən biridir. Azərbaycan ərazisindəki ən qədim yaşayış məskənlərindən biri olan Xocalı şəhərinin sakinləri bir neçə ay ermənilərin mühasirəsində qalaraq böyük əzab və məhrumiyyətlər yaşamışlar. Fevralın 25-dən 26-na keçən gecə isə erməni quldurları SSRİ Silahlı Qüvvələrinin Xankəndindəki 366-cı motoatıcı alayının köməyi ilə gözlənilmədən şəhərə hücuma keçmiş, 7 minlik əhalisi olan şəhəri yerlə yeksan etmişlər. Qarlı-boranlı qış gecəsində dinc şəhər sakinlərinə amansız divan tutulmuş, günahsız insanlara qarşı ağlasığmaz qəddarlıq törədilmişdir. İnsanlar diri-diri yandırılmış, başlarının dərisi soyulmuş, gözləri çıxarılmışdır. Hətta ən müasir hərbi texnika və silahların atəşləri altında qaçıb canını qurtarmağa çalışan qocalara, qadınlara və uşaqlara belə aman verilməmişdir.
Rektor qeyd etdi ki, Xocalıda törədilmiş dəhşətli qətliam ermənilərin təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı nifrət ruhunda kökləndiyini, bəşəriyyətə qarşı hər cür amansız cinayət törətməyə hazır olduqlarını göstərir. Dinc sakinlərə qarşı törədilmiş bu qırğın beynəlxalq hüquqi sənədlərdə soyqırım cinayəti kimi qiymətləndirilsə də, hələ beynəlxalq ictimaiyyət bu faciəni soyqırım kimi tanımamış, viran qoyulmuş bu şəhərin günahsız sakinlərinin insan haqları bərpa edilməmişdir. Xocalıda ermənilər 613 nəfəri vəhşicəsinə qətlə yetirmişlər. Onlardan 63 nəfəri uşaq, 106-sı qadın, 70-i isə ahıldır. Əsir və girov götürülmüş günahsız insanların sayı isə 1275 nəfər olmuşdur. Bu insanlara qarşı insanlıq tarixində görünməmiş işgəncələr verilmiş, qəddarlıq törədilmişdir. Xocalı soyqırımı nəticəsində 8 ailə tamamilə məhv edilmiş, 130 uşaq valideynlərindən birini, 230 ailə isə başçısını itirmişdir.
Rektor təəssüf hissi ilə bildirdi ki, respublikanın o zamankı rəhbərliyi iyirminci əsrin ən dəhşətli cinayətlərindən olan bu hadisəni tərəqqipərvər bəşəriyyətin diqqətinə çatdırmaq üçün özündə güc tapmamış, faciəyə siyasi-hüquqi qiymət verilməsinə səy göstərməmişdir. Yalnız ümummilli lider, türk dünyasının böyük oğlu Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Xocalı soyqırımı öz layiqli qiymətini almışdır. Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın işğalı altında qalmış torpaqlarımızın azad edilməsi üçün səylərini davam etdirir. Aparılmış uzunmüddətli siyasi iş nəticəsində artıq bütün dünya erməni faşizminin iç üzü ilə yaxından tanış olmuşdur. Bu isə ümid etməyə əsas verir ki, Xocalı da, işğal altındakı digər torpaqlarımız da tezliklə düşmən tapdağından azad ediləcək. Prezident İlham Əliyev də təsadüfən deməmişdir: "Mən əminəm ki, gün gələcək, Xocalı faciəsini törədən, dinc əhaliyə qarşı qəddarlıq göstərən, dinc əhalini məhv edən erməni cinayətkarları məhkəmə qarşısında cavab verəcəklər".
Akademiyanın dosenti, YAP ADNA ilk təşkilatının sədri Tamilla Naibova bildirdi ki, Xocalı faciəsini soyqırım kimi qəbul etmək üçün erməni yazıçılarının, xüsusən Zori Balayanın kitablarına baxmaq kifayətdir. Bu kitablarda erməni faşizmi və qəddarlığının hər üzünü görmək mümkündür. Dosent Azərbaycan dövlətinin, eləcə də Heydər Əliyev Fondunun apardığı böyük iş nəticəsində Xocalı faciəsinin beynəlxalq ictimaiyyət tərəfindən soyqırım kimi tanınacağına ümid etdiyini bildirdi.
Sonda ADNA tələbələrinin ifasında "Kimdir müqəssir?" adlı tamaşa və ədəbi-bədii kompozisiya təqdim olundu.

{nl}

Paşa ƏMİRCANOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında