.Azərbaycan müstəqillik qazandıqdan sonra dünyanın mütərəqqi təhsil prinsiplərindən yaradıcılıqla istifadə olunmaqla respublikamızın təhsil sistemi müasir dövrün tələblərinə uyğun qaydada təkmilləşdirilir, sistemli məzmun və struktur dəyişiklikləri aparılır, gənclərin həyati bacarıqlara malik şəxsiyyət kimi formalaşması üçün zəruri tədbirlər görülür.
Bu mənada Lənkəran Dövlət Universiteti ilə Astara və Yardımlı rayonlarının ümumtəhsil məktəbləri arasında elmi-pedaqoji əməkdaşlığın yaradılmasına dair pilot layihənin həyata keçirilməsi barədə həmin ali təhsil müəssisəsinin rəhbərliyinin təklifi xüsusi diqqətə layiqdir. Həmin təklifin əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyində “Ümumi və ali təhsil müəssisələrinin əməkdaşlığı üzrə pilot layihənin tətbiqi haqqında” ötən il noyabrın 27-də əmr imzalanmışdır.
Adıçəkilən sənəddə ümumtəhsil məktəblərində keçirilən fənlərin tədrisi metodikasının təkmilləşdirilməsi sahəsində müəllimlərə kömək məqsədilə öyrədici təlimlərin, təcrübi konfrans, seminar və “dəyirmi masa”ların təşkili, LDU-nun professor-müəllim heyətinin bu tədbirlərdə fəal iştirakı ilə bağlı tapşırıqlar verilmişdir.
Həmin əmrin icrası ilə əlaqədar tərtib edilmiş tədbirlər planına əsasən, ötən ilin dekabrın 15-də Astara rayonunun Y.Ağayev adına Artupa kənd tam orta məktəbində LDU-nun rektor əvəzi, professor Natiq İbrahimov və professor-müəllim heyətinin üzvləri ilə rayon ümumtəhsil məktəblərinin pedaqoji işçiləri, həmçinin valideynlərin iştirakı ilə görüş keçirilmişdir.
Universitetin müəllimləri isə Astara və Yardımlı rayonlarının bir neçə tam orta məktəbində geniş tərkibdə müəllim və şagirdlərlə görüş keçirmişlər. Bu tədbirlərdə şagirdlərə orta məktəb proqramı üzrə keçdikləri mövzular üzrə suallar verilmiş, onların ümumi bilikləri yoxlanılmışdır. Görüş zamanı, həmçinin şagirdləri maraqlandıran suallar cavablandırılmış və onların içərisindən istedadlıları seçilmişdir. Həmin məktəblərdə qonşu məktəblərin müəllimlərinin iştirakı ilə olimpiada xarakterli tipik çalışmaların həlli ilə bağlı “Ustad” dərsləri keçirilmişdir.
2018-ci ildə də bu sahədə işlər davam etdirilmişdir. Belə ki, fevral ayında LDU-nun müəllimlərinin bir qrupu Astara rayonunun 1 saylı tam orta məktəbində və Yardımlı rayonunun M.F.Axundov adına 1 saylı tam orta məktəbində riyaziyyat, kimya və biologiya fənləri üzrə keçirilmiş açıq dərslərdə iştirak etmişdir. Fəal təlim üsulları ilə keçirilən dərslər sonradan universitetin müəllimlərinin və rayon təhsil şöbələrinin məsul işçilərinin iştirakı ilə “dəyirmi masa”larda da geniş müzakirə olunmuşdur.
Universitetin riyaziyyat fənni üzrə müəllimləri, həmçinin Yardımlı rayonunun Çayüzü tam orta məktəbində olmuş və burada IX, X və XI sinif şagirdlərinə və müəllimlərinə respublika fənn olimpiadasının tipik məsələ və misallarının həlli üsullarına aid metodik tövsiyələr vermişlər.
Qeyd edək ki, mart ayının 3-də layihənin icrası ilə əlaqədar Lənkəran Dövlət Universitetində fizika, riyaziyyat, kimya və biologiya fənləri üzrə regionun orta məktəblərinin IX, X və XI sinifləri üzrə regional olimpiada keçirilmişdir. Olimpiadaya Lənkəran, Masallı, Lerik, Cəlilabad və digər rayonlardan IX, X və XI sinif şagirdləri, Lənkəran Humanitar Kolleci, Astara Pedaqoji Kolleci qatılmışdır. Olimpiadada Astara və Yardımlı rayonlarındakı orta məktəblərin şagirdləri də fəal iştirak etmişlər.
Gələn tədris ilində isə universitetin tələbələrinin bu rayonların məktəblərində pedaqoji təcrübə keçməsinə şərait yaradılması nəzərdə tutulur.
2017-2018-ci dərs ilinin yekunlarına görə, Astara və Yardımlı rayonlarının təhsil şöbələrinin təhsilyanı şura iclaslarında LDU-nun professor-müəllim heyətinin iştirakı ilə iki illik pilot layihənin birinci ilinin yekunları müzakirə ediləcəkdir.
R.AĞAYEV
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.