Turizm sahəsində peşə təhsili və təlimi proqramlarının əlaqələndirilməsi üzrə İşçi Qrupunun iclası keçirilmişdir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq, turizm sahəsində elmi tədqiqatların aparılması, digər ölkələrin təcrübəsindən yararlanmaqla turizm təhsili sektorunda yeni və təcrübəli əməkdaşlar üçün təlim modullarının müəyyən edilməsi, turizm sahəsində təhsilin beynəlxalq standartlara uyğunlaşdırılması və digər müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Turizm Şurasının turizm sahəsində peşə təhsili və təlimi proqramlarının əlaqələndirilməsi üzrə İşçi Qrupu yaradılmışdır.

İşçi Qrupunun indiyədək keçirilmiş iclaslarında çoxsaylı prioritet məsələlər müzakirə olunmuş və aidiyyəti qərarlar qəbul olunaraq müvafiq qaydada icra edilmişdir.

Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın sədrliyi ilə İşçi Qrupunun üçüncü iclasında Mədəniyyət və Turizm, Əmək və Əhalinin Sosial Müdafiəsi, habelə Təhsil nazirliklərinin nümayəndələri iştirak etmişlər.

Sevda Məmmədəliyeva  çıxışında son dövrlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə turizmlə bağlı təsdiq edilmiş normativ-hüquqi aktların həyata keçirilməsi nəticəsində sahənin inkişafı üçün münbit şəraitin yaradıldığını, beynəlxalq turizm bazarına inteqrasiyanın təmin olunmasının əsasının qoyulduğunu, habelə milli turizm kompleksinin rəqabətə davamlılığının yüksəldiyini bildirmişdir.

Eyni zamanda görülən bu işləri nəzərə alaraq, turizm sahəsində təhsil, o cümlədən peşə təhsili istiqamətində fəaliyyətin əlaqələndirilməsi, mövcud təhsil sisteminə qabaqcıl təcrübənin tətbiqi və müasir dövrün tələblərinə uyğun kadr hazırlığının təşkili ilə bağlı məsələlərin xüsusilə diqqətdə saxlanılmalı olduğunu qeyd etmişdir.

Göstərilənlərdən əlavə toplantıda İşçi Qrupunun yeni tərkibi və Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsinin icrası ilə bağlı hazırlanmış təfsilatlı tədbirlər planı təqdim edilmiş, həmçinin sahə üzrə təsdiq edilmiş qanunvericilik aktlarına uyğun olaraq görülmüş işlər və həyata keçirilməli məsələlər ətrafında müzakirələr aparılmışdır.

M.MÜKƏRRƏMOĞLU,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında