Bakı Slavyan Universitetində Xocalı faciəsi anılıb

BSU-da Xocalı faciəsinin 26-cı ildönümünə həsr olunmuş anım mərsimi keçirilib. Mərasim Xocalı soyqırımında həyatını itirən soydaşlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva faciə qurbanlarının xatirəsini dərin hüznlə xatırlayaraq Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımından 26 il ötdüyünü qeyd edib. N.Əliyeva beynəlxalq hüququn norma və prinsiplərinin, insan hüquq və azadlıqlarının kütləvi şəkildə, kobudcasına pozulması ilə nəticələnən, bəşər tarixinə qanlı faciə kimi daxil olan bu terror aktının Azərbaycan xalqının qan yaddaşında silinməz izlər qoyduğunu diqqətə çatdırıb. Rektor bildirib ki, Azərbaycanın 20 faiz torpağının işğal edilməsini, insanların öldürülməsini, tarixi abidələrin məhv edilməsini dünya ictimaiyyətinə çatdırmaq hər bir Azərbaycan vətəndaşının borcudur. Vətənpərvər ruhda böyüyən müasir Azərbaycan gənclərinin hər an döyüşə hazır olduqlarını vurğulayan N.Əliyeva 2016-cı ilin aprel döyüşlərində ordumuzun göstərdiyi şücaətin bunun bariz nümunəsi olduğunu qeyd edib.

O, ölkə daxilində, o cümlədən ölkədən kənarda Xocalı soyqırımını dünya ictimaiyyətinə çatdırmaq istiqamətində görülən işlərdən, təşkil olunan aksiya və tədbirlərdən söz açaraq həmvətənlərimizin ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideologiyasını rəhbər tutaraq dövlət siyasətinə dəstək olduqlarını bildirib. Yaxın zamanda torpaqlarımızın düşmən tapdağından azad olunacağını əminliklə vurğulayan Nurlana Əliyeva gəncləri düşməndən qisas almaq üçün hər an hazır olmağa səsləyib.

 Sonra beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Habil Məmmədov qeyd edib ki, tarix boyu Azərbaycan xalqına qarşı qəsbkar siyasət yeridən ermənilərin Xocalıda törətdiyi kütləvi insan qırğını, ağlasığmaz qəddarlıq və işgəncələr birmənalı genosid faktıdır, erməni vəhşiliyinin sübutudur.

Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının müdiri, dosent Sadir Məmmədov çıxışında azərbaycanlılara qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı barədə bir sıra tarixi faktlardan söz açıb.

 Xocalı şəhər polis bölməsinin rəis müavini, polis polkovnik-leytenantı Hafiz Ədilov fevralın 25-dən 26-na keçən gecə dinc, əliyalın əhaliyə qarşı törədilən qətliamı bir daha ürək ağrısı ilə yada salaraq həmin tarixdən 26 il keçməsinə baxmayaraq, Azərbaycanın bu qanlı hadisəni unutmadığını, xalqımızın qəlbində erməni vəhşiliyinə qarşı nifrətin getdikcə daha da artdığını söyləyib.

 Sonra BSU-nun tələbələri çıxış ediblər.Tədbir BSU-nun Magistratura Şurasının hazırladığı bədii hissə ilə davam edib.

M. MÜKƏRRƏMOĞLU,
 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında