Akademik Cəlal Əliyev məktəbinin yeni uğurları

Fevralın 22-də "Park-İNN Azərbaycan" hotelində molekulyar biologiya və biotexnologiya mövzusunda seminar keçirilmişdir.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov seminarı açaraq bildirmişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda iqtisadi siyasətdə yeni inkişaf meyilləri müşahidə olunur. Bu da iqtisadiyyatın texnoloji innovativ əsaslı iqtisadiyyata transformasiyasıdır. Bu istiqamətdə texnoloji tərəqqi, o cümlədən biotexnologiyanın inkişafı prioritet istiqamətlərdən biridir.
Nazir bildirmişdir ki, Azərbaycanda biologiya elminin yeni istiqamətlərinin, o cümlədən molekulyar biologiyanın, molekulyar genetikanın, gen və hüceyrə biotexnologiyasının əsası keçən əsrin 70-ci illərində akademik Cəlal Əliyev tərəfindən qoyulmuş və əsaslı şəkildə inkişaf etdirilmişdir.
Qeyd olunmuşdur ki, akademik Cəlal Əliyev tərəfindən 1970-ci illərdən müxtəlif ixtisaslar: biologiya, kimya, fizika, riyaziyyat, aqrokimya üzrə ali məktəblərin məzunlarından elmi kollektivin hazırlanmasına başlanmışdır. Bu elmi ixtisasların bir-birinə qovuşması nəticəsində respublikamızda ilk dəfə biologiya və kənd təsərrüfatının bir çox nəzəri və praktik məsələlərinin həllində riyazi metodlardan və kompyuter texnologiyasından istifadə etmək mümkün olmuşdur. Akademik C.Əliyev Azərbaycanda fiziki-kimyəvi biologiya, xüsusən də biokimya və biofizika sahələrində tədqiqatları genişləndirərək, milli elmimizin yeni tədqiqat istiqamətlərinin - molekulyar biologiya, molekulyar genetika, gen və hüceyrə biotexnologiyası, riyazi biologiya və bioinformatikanın inkişafının əsasını qoymuşdur. Akademik C.Əliyevin diqqəti nəinki, fundamental tədqiqatların geniş spektrinə, həm də tətbiqi elmə də yönəlmişdi. Fotosintez prosesinin müxtəlif istiqamətlərdə tədqiqatların inteqrasiyası hesabına "yaxşı" fotosintez haqqında təsəvvür yaradılmışdır. Bu, yüksək və keyfiyyətli məhsulu müəyyənləşdirmiş və bununla da bir sıra bərk və yumşaq buğda sortlarının yaradılmasında fundamental tədqiqatların nəticələrinin reallaşması başlanmışdır.
Görkəmli alim C.Əliyevin yaratdığı elmi məktəbin davamçıları hazırda Azərbaycanla yanaşı, MDB ölkələrində, ABŞ, Kanada, Yaponiya, Koreya Respublikası, Avstraliya, İsrail və Avropa ölkələrinin nüfuzlu elmi mərkəzlərində, universitetlərində çox uğurla davam etdirir, elmi nailiyyətləri ilə geniş tanınaraq Azərbaycan xalqına şərəf gətirirlər. Cəlal müəllimin belə yetirmələrindən biri də professor Vidadi Yusibovdur.
Bildirilmişdir ki, 1961-ci ildə Qəbələ rayonunda anadan olan V.Yusibov Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsində üç il təhsil aldıqdan sonra 1981-ci ildə elmi şuranın qərarı ilə Leninqrad Dövlət Universitetinə göndərilmişdir. 1984-cü ildə universiteti əla qiymətlərlə bitirmiş və təyinatla AMEA-da akademik Cəlal Əliyevin rəhbərlik etdiyi fiziki-kimyəvi biologiya sektorunun biotexnologiya qrupuna gəlmişdir. Burada müəyyən hazırlıq kursu keçdikdən sonra Moskva şəhərinə, SSRİ EA-nın Molekulyar Genetika İnstitutuna aspiranturaya göndərilmişdir. 1989-cu ildə "Transgen bitkilərdə genlərin expressiyası" mövzusunda dissertasiya işini böyük müvəffəqiyyətlə müdafiə edərək, biologiya elmləri namizədi elmi adını almışdır. O, 1991-1995-ci illərdə ABŞ-ın İndiana Ştatının Perdyu Universitetində, 1995-1997-ci illərdə Pensilvaniya ştatındakı Tomas Cefferson Universitetində elmi işçi, 1997-2001-ci illərdə isə professor assistenti olmuşdur. Məhz bu universitet yüksək ixtisaslı immunoloqların toplandığı və vaksinlərin işlənib hazırlanması üzrə məşhur olan bir mərkəz idi. Akademik Cəlal Əliyevin yetirməsi 2001-ci ildən ABŞ-ın Fraunhofer Milli Biotexnologiya Mərkəzinin icraçı direktorudur. Mərkəz quş qripi, sibir yarası, taun, xərçəng və digər xəstəliklər əleyhinə bitki əsaslı vaksinlərin hazırlanması üzrə ixtisaslaşmışdır. 150-dən çox elmi məqalənin və patentin müəllifi olan V.Yusibov 2005-ci ildə "Eskvayer" jurnalının sorğularına görə "Amerika elmində 10 ən ümidverici və parlaq beyinlərindən biri" hesab olunmuşdur.
Tədbirdə V.Yusibov "Bitki-əsaslı yüksək keyfiyyətli istehsal vasitələri" mövzusunda təqdimatla çıxış etmişdir.
Bakıya müəllimi, akademik Cəlal Əliyevin dəvəti ilə gəldiyini bildirən məruzəçi qeyd etmişdir ki, bir alim kimi yetişməsində akademikin böyük rolu olmuşdur. Azərbaycanda elmin bu sahəsində akademik Cəlal Əliyevin xidmətləri əvəzolunmazdır. O, çox uzaqgörən alim kimi gənclərin, tələbələrin biliklərini daha da dərinləşdirmələri üçün dünyanın nüfuzlu universitetlərinə göndərilməsinə nail olurdu.
V.Yusibov qeyd etmişdir ki, onun son illərdə apardığı tədqiqatlar müxtəlif yoluxucu xəstəliklərə qarşı bitki əsaslı vaksinlərin yaradılmasına, bu sahədə yeni texnologiyaların tətbiqinə yönəlmişdir. Seminarın keçirilməsində məqsəd də bu sahədə fikir və təcrübə mübadiləsi aparmaq, birgə fəaliyyət üçün əlaqələr yaratmaqdır.
Məruzəçi diqqətə çatdırmışdır ki, Azərbaycanda biologiya elminin müasir tədqiqat istiqamətlərini, o cümlədən molekulyar biologiya, molekulyar genetika, gen və hüceyrə biotexnologiyası, riyazi biologiya və bioinformatika sahələrinin inkişafı görkəmli alim, akademik Cəlal Əliyevin adı ilə bağlıdır.
C.Əliyevin yaradıcı fəaliyyətinin 50 ilindən çoxu kənd təsərrüfatı bitkilərinin, əsasən, buğdanın məhsuldarlığının fotosintez əsasında artırılması nəzəriyyəsinin öyrənilməsinə həsr olunmuşdur. Akademikin məqsədyönlü və ardıcıl fəaliyyəti nəticəsində məhsuldarlıq prosesinin əsası kimi fotosintezin kompleks tədqiqatları genişləndirilmişdir. Bu tədqiqatlar dairəsi bitkilərin məhsuldarlığının fizioloji, biokimyəvi, biofiziki və molekulyar-genetik əsaslarını, həm də məhsuldarlıq proseslərinin bitki orqanizminin fəaliyyətinin quruluş-funksional təşkilinin bütün səviyyələrində - molekulyar səviyyədən bütöv bitki və əkin səviyyəsinə qədər öyrənilməsini əhatə edir.
Akademik Cəlal Əliyevin rəhbərliyi ilə Azərbaycanda ilk dəfə biologiya və kənd təsərrüfatının bir çox nəzəri və praktiki məsələlərinin həllində riyazi metodlardan və kompyuter texnologiyasından istifadə etmək mümkün olmuşdur. 20-25 il əvvəl bu nadir hadisə idi, hətta Qərbdə belə heç kim biologiyaya kompyuterin tətbiqi ilə məşğul olmurdu. Təsadüfi deyildir ki, Azərbaycanda ilk və yeganə bioinformatika laboratoriyası da Cəlal Əliyevin rəhbərlik etdiyi Bioloji Məhsuldarlığın Fundamental Problemləri şöbəsində yaradılmışdır və uğurla fəaliyyət göstərir. Bu gün qürur hissi ilə demək olar ki, keçmiş sovet məkanındakı 15 respublika içərisində bioinformatikanın ən çox inkişaf etdiyi respublika Rusiyadan sonra məhz Azərbaycandır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında