"Sabahın alimləri” VII Respublika Müsabiqəsinin açılış mərasimi

Fevralın 14-də “Sabahın alimləri” VII Respublika Müsabiqəsinin açılış mərasimi keçirilib.

Təhsil Nazirliyindən aldığımız məlumatda bildirilir ki, müsabiqənin keçirilməsində məqsəd yuxarı sinif şagirdlərinə tədqiqat aparmaq, öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı yaratmaq və onların arasından hər il  ABŞ-da keçirilən İnteIİSEF–Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək namizədləri müəyyənləşdirməkdir.

Tədbir iştirakçılarını salamlayan nazir vəzifəsini icra edən Ceyhun Bayramov müasir təfəkkürlü və yaradıcı düşüncəli gənclərin bilik və bacarıqlarının üzə çıxarılması, onların yüksək standartlara uyğun tədqiqatçı–mütəxəssis kimi formalaşmasında müsabiqənin mühüm rolundan danışıb.

Ceyhun Bayramov qeyd edib ki, təhsil sahəsində aparılan dövlət siyasəti ölkəmizə xidmət edəcək geniş dünyagörüşlü gənclərin hazırlanmasına yönəldilib. Təhsilalanların tədqiqat aparması, yeni informasiya texnologiyalarından istifadə etməsi və xarici dilləri öyrənməsi üçün geniş imkanlar yaradılıb.

Bu baxımdan təhsilin strateji hədəflərindən biri də “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq, gənclərin potensialının inkişaf etdirilməsidir. Ölkəmizdə yeddinci dəfə keçirilən “Sabahın alimləri” müsabiqəsi gənclərin diqqətini yaşadığımız mühitdə olan problemlərə və onların həllinə yönəldir. Eyni zamanda bu müsabiqə, innovativ fikir yarışmasıdır və gəncləri yeni bilik, yaxud innovativ məhsulun yaradılmasına sövq edir. 

Sonra çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Dilqəm Tağıyev, Heydər Əliyev Mərkəzinin direktor müavini Adil Kərimli, Gənclər və İdman Nazirliyinin Gənclərlə İş Şöbəsinin müdiri İndira Hacıyeva,Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini  Mirzə Cəfərzadə bu müsabiqənin innovativ fikir yarışması olduğunu vurğulayaraq gənclərin elmə marağının artırılması, onların istedad, bacarıq və potensialının üzə çıxarılması baxımından əhəmiyyətli olduğunu qeyd ediblər.

Daha sonra qonaqlar stendlərə baxış keçirib.

Təhsil Nazirliyinin əsas təşkilatçılığı ilə 2012-ci ildən etibarən keçirilən müsabiqəyə ölkə miqyasında maraq ildən-ilə artmaqdadır. Builki yarışmada ötən illərə nisbətən bölgələrdən də olan iştirak sayında artım müşahidə edilib. Layihələrin qiymətləndirilməsi alimlərdən ibarət münsiflər heyəti tərəfindən həyata keçiriləcək. Qaliblərə təşkilatçılar tərəfindən pul mükafatı, diplom, medal və hədiyyələr təqdim olunacaq, 3 layihənin müəllifi cari ilin may ayında ABŞ-da keçiriləcək İnteI İSEF-də iştirak etmək imkanı qazanacaq.

“Sabahın alimləri” müsabiqəsi riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri üzrə keçirilir. Son 6 il ərzində müsabiqədə 928 şagird iştirak edib, onlardan 450 nəfəri müxtəlif mükafatlar qazanıb. Qaliblər arasından seçilən 35 ən yaxşı layihənin müəllifi ABŞ-da keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edib.

Müsabiqə Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə keçirilir.

 

                                                    Samirə Əliyeva,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında