2017-ci ilin Nobel mükafatçıları

Görkəmli İsveç sahibkarı, eyni zamanda, kimyaçı alim və ixtiraçı kimi bütün dünyada məşhur olan Alfred Nobel 1896-cı ildə dünyasını dəyişdi. Dövrünün ən varlı adamlarından biri sayılan, ailəsi və birbaşa varisi olmayan sənayeçinin vəfatından sonra məlum oldu ki, bir il əvvəl yazdığı vəsiyyətnaməyə əsasən, onun bütün varidatı satılıb maliyyə vəsaitinə çevrilərək İsveç Bankında xüsusi fonda toplanmalı, XX əsrin ilk ilindən başlayaraq əsas vəsaitə toxunmadan il ərzində toplanmış faiz məbləği həmin il ən böyük uğurlar qazanmış şəxslərə mükafat kimi verilməli idi. A.Nobel mükafat məbləğinin beş bərabər hissəyə bölünərək fizika, kimya, tibb (yaxud fiziologiya), ədəbiyyat və sülhün qorunması sahələri üzrə mükafat verilməsini vəsiyyət etmişdi. Mükafat bir yox, bir neçə şəxsə verilərsə, məbləğ onların arasında bərabər bölünməli idi.

Beləliklə, A.Nobelin ölümündən sonra Nobel Fondu və fondun idarə olunması, mükafatların verilməsi ilə bağlı təşkilati məsələlərin həlli üçün xüsusi Nobel Komitəsi yaradıldı. Komitənin ilk qərarı ilə fondun əsasnaməsi təsdiq edildi və namizədlərin müəyyənləşdirilməsi, ayrı-ayrı sahələr üzrə mükafatçıların seçilməsi qaydası dəqiqləşdirildi. Qərara alındı ki, fizika və kimya üzrə laureatları İsveç Kral Elmlər Akademiyası, tibb (yaxud fiziologiya) üzrə Stokholm Karolina Tibb-Cərrahiyyə İnstitutu, ədəbiyyat üzrə İsveç Ədəbiyyat Akademiyası, sülhün qorunması üzrə isə Norveç parlamentinin nəzdindəki xüsusi komitə müəyyənləşdirir. Onların elan etdiyi nəticələr Nobel Komitəsinin qərarı ilə rəsmiləşdirilir.

1968-ci ildə İsveç Dövlət Bankı öz vəsaiti hesabına iqtisadiyyat üzrə ayrıca mükafat təsis edib. Həmin mükafat rəsmi olaraq “Alfred Nobelin xatirəsinə mükafat” adlanır. İqtisadiyyat üzrə mükafat Nobel fondunun vəsaiti hesabına verilməsə də, onun məbləği və statusu digər mükafatlardan fərqlənmir. Beləliklə, altıncı sahə üzrə Nobel mükafatı meydana gəlmişdir. Nobel Fondunun əsasnaməsinə görə, vəfat etmiş şəxslərin əsərləri müzakirəyə qəbul edilmir, namizədlərdən hər hansı biri müzakirə müddətində dünyadan köçərsə, onun adı dərhal siyahıdan çıxarılır. (Komitənin xüsusi qərarı ilə bir neçə dəfə bu qaydadan kənara çıxma halları olmuşdur.) Laureat adı elan olunduqdan sonra vəfat edərsə, mükafat onun varisinə təqdim edilir. Hər bir sahə üzrə laureatın kimliyindən başqa, namizədlərin adları, müzakirələrin və səsvermənin gedişinə aid bütün məlumatlar məxfi saxlanılır. Onların yalnız əlli ildən sonra açıqlanmasına icazə verilir. Məsələn, bu günəcən ədəbiyyat üzrə mükafatların verilməsi ilə bağlı yalnız 1950-ci ilə qədərki məlumatlar açıqlanmışdır. Deməli, kimlərin namizəd göstərilməsi, hansı namizədin nə qədər səs toplaması barədə hər il KİV-də yayılan məlumatlar yaxşı halda fərziyyədən, pis halda isə dezinformasiyadan başqa bir şey deyil.

A.Nobel vəfat edəndə onun sərvəti 30 milyon İsveç kronundan çox idi. İndiki kursla hesablansa, bu, 265 milyon ABŞ dollarından artıq edir. Son dövrlər hər bir laureata verilən mükafatın miqdarı təxminən 1,1-1,5 milyon dollara bərabər olur. Laureatların adları oktyabrın birinci yarısında elan edilir və mükafatları dekabrın 10-da – A.Nobelin doğum günündə Stokholmda İsveç kralı təqdim edir. Sülhün qorunması üzrə mükafat isə həmin gün Osloda Norveç Kralının iştirakı ilə təqdim olunur.

Ötən il müxtəlif sahələr üzrə Nobel mükafatına layiq görülmüş işlərin və laureatların qısa səciyyəsini nəzərdən keçirək.

 

FİZİKA. Son yüz ilin ən böyük fundamental kəşfi      

 

2017-ci ildə fizika üzrə Nobel mükafatı “LIGO-nun ixtirasına və onun vasitəsilə qravitasiya dalğalarının müşahidəsinə görə” üç ABŞ aliminə – Massaçusets Universitetinin professoru Rayner Vays, Kaliforniya Universitetinin professorları Barri Beriş və Kip Torna verilmişdir. (LIGO – bir neçə kvadrat- kilometr sahəni əhatə edən lazer-interferometrik qravitasiya-dalğa rəsədxanasıdır. Mükafata layiq görülmüş kəşf  bir-birindən üç min kilometr məsafədə yerləşən iki qurğunun köməyi ilə əldə olunmuş materialların təhlili əsasında meydana gəlmişdir.)

2015-ci il sentyabrın 14-də adları çəkilən alimlərə elm tarixində ilk dəfə  qravitasiya dalğalarını müşahidə etmək və qeydə almaq nəsib olmuşdur. Ancaq müşahidənin nəticələrinin təhlilinə bir neçə ay vaxt lazım gəldiyi üçün bu barədə ilk məlumat 2016-cı ilin fevralında elan edilmişdir. Bu kəşfin dəyərini anlamaq üçün yüz il əvvələ “getmək” lazım gəlir. Böyük fizik A.Eynşteyn 1915-ci ildə kəşf etdiyi nisbilik nəzəriyyəsində Nyutonun cazibə qanununu təhlil edərkən qravitasiya dalğalarının mövcudluğunu bir fərziyyə kimi irəli sürmüşdü. Ancaq bu ideyanın təsdiqi üçün fizika elminin keyfiyyətcə daha yüksək səviyyədə inkişafı tələb olunurdu. Bu vaxta qədər insanların Kainatda baş verən proseslər və onun quruluşu haqqında təsəvvürləri ilk növbədə kosmosun dərinliklərindən bizə gəlib çatan elektromaqnit şüalanmalarına əsaslanır. Daha dəqiq məlumatlar verə biləcək qravitasiya dalğalarını müşahidə etmək üçün isə prinsipcə tamam fərqli, yeni texnologiyalara əsaslanan daha mükəmməl cihazların yaradılmasına ehtiyac vardı. 2017-ci ilin Nobel mükafatçıları məhz bu dahiyanə işin öhdəsindən gələ biliblər.

İlk dəfə əyani müşahidə olunan qravitasiya dalğalarının mahiyyətini anlamaq üçün Kainatın və zamanın ağlasığmaz ənginliklərinə baş vurmaq ehtiyacı yaranır. Bu dalğalar çox nəhəng kütləli səma cisimlərinin toqquşmasından yaranaraq məkan və zamanın bütün elementlərini ehtizaza gətirən və Kainatın hər tərəfinə işıq sürəti ilə yayılan kosmik enerjinin təsiri ilə meydana gəlir. 2015-ci ildə qeydə alınmış dalğalar 1,3 milyard il əvvəl Kainatın çox uzaq guşələrində, bizim qalaktikadan kənarda hər birinin kütləsi Günəşin kütləsindən 30-40 dəfə çox olan iki qara dəliyin toqquşması zamanı yaranmış, Günəş sisteminə isə yalnız indi gəlib çatmışdır. Bu, o deməkdir ki, toqquşmanın baş veriyi nöqtədən Yerə qədər olan məsafə 1,3 milyard işıq ilinə bərabərdir. Qara dəliklərin toqquşması zamanı yaranan şüalanmanın gücü insanın Kainatda müşahidə edə bildiyi bütün şüalanmaların ümumi miqdarından 50 dəfə çox idi.

Bu gün Yer üzərində ən həssas cihazların çətinliklə qeydə ala bildiyi dalğalar isə təsəvvürəgəlməz dərəcədə nəhəng olan bu enerjinin, demək olar ki, sönməkdə olan qalıqlarıdır. Elə bil ki, dəhşətli bir nəriltini öləziyən pıçıltı səviyyəsində eşidirsən. Fizika sahəsində son yüz ilin ən böyük fundamental nailiyyəti hesab olunan bu kəşf insanın Kainatın yaranması və inkişafı, materiya və zamanın xassələri haqqında biliklərini yeni dövrün tələbləri səviyyəsinə yüksəldir.

 

KİMYA. Canlı toxumanın sirrini açan metod

 

Ötən il Nobel Komitəsi kimya sahəsində Nobel mükafatına “məhlulda  yüksək həlletmə qabiliyyətli biomolekulların strukturunun müəyyənləşdirilməsi üçün krio-elektron mikroskopiya texnologiyalarının inkişaf etdirilməsinə görə” Lozanna Universitetinin (İsveçrə) professoru Jak Düboşe, Kolumbiya Universitetinin (ABŞ) professoru İoaxim Frank və Kembric Universitetinin (İngiltərə) professoru Riçard Hendersonu layiq görmüşdür.

XX əsrin 60-cı illərində ilk dəfə olaraq biokimya mütəxəssisləri canlı toxumzaların quruluşunu daha dərindən öyrənmək məqsədilə adi optik mikroskopların əvəzinə elektron mikroskoplarından istifadə etməyə başladılar. 80-90-cı illərdə isə bugünkü Nobel mükafatçıları həmin məqsədlə daha yüksək texnologiyadan, yəni krio-elektron mikroskopiya metodundan istifadə ideyasını irəli sürdülər. Bu metodun köməyi ilə molekulların daha müfəssəl təsvirinə nail olmaq üçün canlı zülalı vakuum şəraitində öyrənmək mümkün oldu.

Molekulların öyrənilməsində yeni dövrün başlanğıcını qoyan bu kəşf İsveç Kral Akademiyasının Nobel Komitəsinə təqdimatında da qeyd olunduğu kimi, “biokimya elmini yeni inkişaf mərhələsinə çıxardı.” Canlı zülal molekulunun strukturunun öyrənilməsi təbiət elmləri qarşısında duran ən vacib məsələlərdən biri sayılırdı. Çünki təbiətdə mövcud olan bütün canlı həyat təzahürləri, o cümlədən insan orqanizmi məhz zülalın yaşam formasından ibarətdir. Krio-elektron mikroskopiya vasitəsilə canlı orqanizmə molekulyar səviyyədə şəfaverici təsir göstərən, zülal molekullarının fəaliyyətini gücləndirən yeni təbii dərmanlar yaratmaq olar. Beləliklə də, bədxassəli törəmələrin təbii yolla, orqanizmin öz potensialını səfərbər etmək vasitəsilə aradan qaldırılmasının üsulu tapıla bilər.

 

TİBB (YAXUD FİZİOLOGİYA). İnsan həyatının bioloji ritmi

 

Nobel Komitəsinin qərarı ilə təbabət sahəsində 2017-ci ilin Nobel mükafatına    “sirkal ritmləri tənzimləyən molekulyar mexanizmlərin kəşfinə görə” ABŞ genetikləri Maykl Yanq (Rokfeller Univesiteti – Nyu-York), Ceffri Holl və Maykl Rosbaş (hər ikisi Brandeys Universiteti -- Massaçusets) layiq görüldülər. “Hüceyrə saatı” adlandırılan və orqanizmin bioloji ritmini nizamlayan bu fenomen gecə və gündüzün dəyişməsi ilə əlaqədar insan orqanizmində müxtəlif bioloji proseslərin intensivliyinin dövri olaraq dəyişməsini nəzərdə tutur. Canlı orqanizmdə cərəyan edən bioloji proseslərin müəyyən bir dövriliyə malik olması insanların diqqətini çoxdan cəlb edirdi. Bu hadisənin elmi şəkildə öyrənilməsi hələ XVIII əsrdən başlanmışdır, elə o vaxtdan da “bioloji saat” anlayışı meydana çıxmışdır. Müasir təbabətdə insan orqanizmini bu cəhətdən öyrənən elm sahəsini xronobiologiya adlandırırlar.

Yeni Nobel mükafatçıları bu hadisəni genetik səviyyədə araşdırmaqla bioloji ritmə “nəzarət edən” xüsusi geni aşkar edərək onun fəaliyyət formasını müəyyənləşdiriblər. Onlar isbat ediblər ki, bu gen insan hüceyrələrində gecə ərzində toplanan və gündüz saatlarında parçalanaraq orqanizmə enerji verən, beləliklə də, insanın gündəlik davranış tərzini fomalaşdıran PER zülallarının fəaliyyətinə “cavabdehlik daşıyır”. Bunun sayəsində insan orqanizmində maddələr mübadiləsi, sabit temperatur, yuxu, hormonal proseslər normal məcrada cərəyan edir.

Bioloji saatın işini nizamlayan gen Nobel mükafatçılarının ötən əsrin 80-90-cı illərində apardıqları elmi tədqiqatlar sayəsində kəşf olunmuşdur. Sonrakı araşdırmalar nəticəsində alimlər insan orqanizmində aşkar edilmiş bu qanunauyğunluğun digər məməli canlılarda da eynilə mövcud olduğunu dəqiqləşdirmişlər. Bu kəşf genetik qüsurlar səbəbindən bioloji ritmi pozulmuş və həyat fəaliyyəti dözülməz hala düşmüş insanların mərəzinə əlac tapılmasına, onların həyatının normal vəziyyətə qaytarılmasına kömək edə bilər. Bundan başqa, müasir təbabət həmin kəşfdən bəhrələnərək qarşısında aciz qaldığı bir sıra problemlərin həllinə yaxınlaşa bilər. Məsələn, xəstə üzərində müalicə prosedurlarını orqanizmin həyat ritminə uyğun saatlarda apararaq daha səmərəli nəticələr əldə etmək olar.

İnsan orqanizmində baş verən fizioloji proseslərin əksəriyyəti bioloji ritmlə bağlıdır. Ancaq ötən əsrin 70-ci illərinə qədər bu barədə elm aləminə, demək olar ki, heç nə məlum deyildi. Bu yöndə tədqiqatlara sıfırdan başlayan indiki Nobel mükafatçıları cəmi iyirmi il ərzində tamamilə yeni elm sahəsi yaratmağa müvəffəq oldular.

 

ƏDƏBİYYAT. Britaniyalı yapon yazıçısı

 

2017-ci ilə qədər Böyük Britaniyanın on bir təmsilçisi ədəbiyyat sahəsində Nobel mükafatına layiq görülmüşdü. Bunlardan birincisi bu mükafatı 1907-ci ildə almış Redyar Kiplinq (Mauqli haqqında hekayələrin müəllifi), sonuncusu isə həmin mükafatı yüz il sonra almış Doris Lessinq idi. Maraqlıdır ki, ədəbiyyat üzrə Nobel mükafatının tarixində R.Kiplinq bu mükafatı ən gənc (42 yaş), xanım D.Lessinq isə ən ahıl (89 yaş) vaxtında almış yazıçılardır. Daha bir maraqlı fakt odur ki, Nobel mükafatı almış Britaniya yazıçıları sırasında XX əsrin ən görkəmli siyasi xadimlərindən biri sayılan U. Çörçillin də adı var. O bu mükafata 1953-cü ildə, xatirələr kitabına görə layiq görülüb.

Ədəbiyyat üzrə Nobel mükafatını 2017-ci ildə almış 12-ci Britaniya yazıçısı isə yapon əsilli Kadzuo İsiquro oldu. O, əvvəllər də dəfələrlə yüksək ədəbi mükafatlara layiq görülmüş, dünyada tanınan bir qələm sahibidir. Əsərləri 40-dan artıq dilə tərcümə edilərək yüzə yaxın ölkədə çap olunmuşdur. İngilis dilinin müasir dünya nəsrinin aparıcı dili kimi qəbul edilməsində onun yaradıcılığının mühüm rolu vardır.

K.İsiquro 1954-cü ildə Yaponiyada doğulmuş, altı yaşında ikən ailəsi ilə birgə İngiltərəyə köçmüş, burada böyüyüb təhsil almışdır. Əsərlərini ingiliscə yazan ədib əsil-kökündən imtina etməsə də, özünü daxilən britaniyalı saydığını bildirir. Bədii yaradıcılığa 1981-ci ildə başlayan yazıçıya ilk ədəbi şöhrəti 1989-cu ildə çap olunmuş “Günün qalanı” romanı qazandırıb. Bu əsər XX əsrin ingilis dilli yüz ən yaxşı kitabı siyahısına düşüb. Nobel mükafatçısının 2005-ci ildə nəşr olunmuş “Bəyaz qrafinya”, xüsusən də 2010-cu ildə çapdan çıxmış “Məni yalqız buraxma” romanları müasir dünya nəsrinin əsas yaradıcılıq tendensiyalarını əks etdirmək baxımından maraq doğurur. Ümumilikdə səkkiz roman müəllifi olan K.İsiquronun çox böyük emosional təsir gücünə malik olan yazı üslubu müasir dünya nəsrinin avanqard kəsimi üçün səciyyəvi olan antiutopiya, mistika, illüziya, şərtilik kimi keyfiyyətlərlə zəngindir. Yazıçının dünya şöhrətinin son akkordlarını müəyyən edən və ən nüfuzlu ədəbiyyat mükafatına layiq görülməsində həlledici rol oynayan əsər onun 2016-cı ildə nəşr edilmiş “Dəfn olunmuş nəhəng” romanıdır.

 

SÜLHÜN QORUNMASI. Nüvə silahının qadağan olunması

 

Digər sahələrdən fərqli olaraq, sülhün qorunması üzrə Nobel mükafatı həm fərdlərə, həm də ictimai təşkilatlara verilir. Nobel Komitəsinin açıqlamasına görə, ötənilki 318 namizəddən 215-i fiziki şəxs, 103-ü isə təşkilat olub. Nəticə etibarilə, 2017-ci ilin sülhün qorunması üzrə Nobel mükafatı İCAN (Nüvə silahının qadağan olunması uğrunda beynəlxalq kampaniya) təşkilatına verilib. Təşkilat bu ali mükafata “Nüvə silahından istifadənin səbəb ola biləcəyi humanitar fəlakətlərə yol verməmək, bu silahın beynəlxalq müqavilə vasitəsilə tam qadağan edilməsinə nail olmaq uğrunda göstərdiyi əzmkar səylərə görə” layiq görülmüşdür.

İCAN (İnternational Campainq to Abolish Nuclear Weapons) təşkilatı 2007-ci ildə yaradılıb, 101 ölkədə 468 tərəfdaş qurumu var. “Dünya həkimləri nüvə müharibəsinin qadağan olunması uğrunda” təşkilatı (1989-cu ilin Nobel sülh mükafatı laureatı) 2006-cı il aprelin 23-də Helsinkidə keçirilən konqresində nüvə silahının tamamilə qadağan edilməsi uğrunda mübarizə aparan beynəlxalq təşkilatın yaradılması ideyasını irəli sürdü. Aprelin 30-da isə Nüvə silahının yayılmaması müqaviləsinin iştirakçısı olan dövlətlərin nümayəndələrinin Vyanada keçirilən görüşü bu ideyanı dəstəklədi və təşkilatın yaradılması qərara alındı.

Təşkilat on illik fəaliyyəti müddətində nüvə silahının bütövlüklə və tam qadağan olunması, eyni zamanda, ehtiyatlarının ləğv edilməsi haqqında beynəlxalq müqavilənin hazırlanması və qəbul edilməsi uğrunda mübarizə aparır. (Yeri gəlmişkən, kimyəvi və bioloji silahların qadağan olunması haqqında müvafiq müqvilələr çoxdan imzalanıb.) Təşkilatın mənzil-qərargahı Kanadanın Ottava şəhərində yerləşir. İCAN Şimali Koreya nümunəsinə istinadən hesab edir ki, müasir dünyada nüvə silahından istifadə risqi ən yüksək həddə çatıb. Bu amil təşkilatın apardığı mübarizənin aktuallığını və vacibliyini sübut edir.

 

İQTİSADİYYAT. İqtisad nəzəriyyəsində “insan amili”

 

2017-ci ildə iqtisadiyyat üzrə Nobel mükafatı “davranış iqtisadiyyatı sahəsində apardığı tədqiqatlara görə” ABŞ-ın Çikaqo Universitetinin professoru Riçard Talerə verilmişdir.

İqtisad elmində yeni istiqamət sayılan davranış iqtisadiyyatı sosial və emosional amillərin iqtisadi qərarların qəbuluna təsirini öyrənir. Bu nəzəriyyənin tərəfdarları ayrı-ayrı fərdlərin, tədqiqat qruplarının və müəssisələrin iqtisadi sahədə irəli sürdüyü ideyaların formalaşmasına davranış xüsusiyyətlərinin, başqa sözlə desək, irrasional amillərin də təsir göstərdiyini iddia edirlər. Onlar istehsal münasibətlərinin yalnız iqtisadi qanunauyğunluqlarına deyil, həm də sosial və psixoloji faktorlara diqqət yetirir, iqtisadi proseslərdə “insan amilini” ön plana çəkirlər. Bu nəzəriyyə müasir dünya iqtisadiyyatında getdikcə daha fəal rol oynayan eksperimental iqtisadiyyat fenomeninin formalaşmasında həlledici platforma hesab olunur.

Davranış iqtisadiyyatının ən nüfuzlu nümayəndələrindən biri sayılan R.Taler araşdırmalarında əsas diqqəti insanların zehni uçot hesablamaları zamanı əməliyyatları necə sadələşdirmələrinə yönəldir. O, iqtisadi prosesləri düzgün qimətləndirmək üçün hadisələrə yalnız rasional düşüncə mövqeyindən yanaşmağı yetərli hesab etmir və irrasional cəhətlərin, ilk növbədə insan davranışını tənzimləyən psixoloji amillərin də nəzərə alınmasını vacib sayır. Alimin apardığı eksperimental tədqiqatlar sübut edir ki, irrasional amillərin nəzərə alınması düzgün və səmərəli iqtisadi qərarların qəbuluna mane olmur, əksinə kömək edir.

R.Taler bu sahəyə aid “idarəolunan seçim” nəzəriyyəsinin banisidir. Burada hər hansı bir iqtisadi situasiyada insan rəftarının psixoloji cəhətləri tədqiq olunur və klassik iqtisadi nəzəriyyələr tənqidi mövqedən dəyərləndirilir. Alimin fikrincə, iqtisadi münasibətlərin uzun illər boyu ənənəvi yanaşmalar əsasında qurulmuş mexanizminin müasir nəzəriyyələr mövqeyindən ciddi şəkildə korrektə edilməsinə ehtiyac var. R.Talerin ideyaları maliyyə aktivlərinin qiymətləndirilməsi sahəsində dünyanın bir sıra qabaqcıl ölkələrində geniş tətbiq olunur və səmərəli nəticələr verir.

Dünyanın ən nüfuzlu, ən prestijli mükafatı sayılan Nobel mükafatı ona layiq görülmüş şəxsin öz yaradıcılıq sahəsində müstəsna xidmətlərinin etirafı kimi dəyərləndirilir. Şübhəsiz ki, 2017-ci ilin laureatlarının adları da öz fəaliyyət sahələrinin tarixinə həmişəlik yazılacaq.

İlham ABBASOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında