"Sosrealizm bizə nə verdi?" monoqrafiyası müzakirə edilmişdir

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda tanınmış yazıçı-alim Elçinin "Sosrealizm bizə nə verdi?" (Bakı, Mütərcim, 2010) mini-monoqrafiyasının müzakirəsinə həsr olunan "dəyirmi masa" keçirilmişdir.
Ədəbiyyatşünas alimlərin iştirakı ilə təşkil olunan tədbiri institutun direktoru, akademik Bəkir Nəbiyev açaraq, xalq yazıçısı Elçini keçən əsrin 60-cı illərindən bu günədək Azərbaycan ədəbiyyatında orijinal dəst-xətti olan nasir, ədəbiyyatşünas, dramaturq, ssenarist və tərcüməçi kimi dəyərləndirmişdir. Vurğulanmışdır ki, "altmışıncılar" ədəbi nəslinin yeni qəhrəman və üslub axtarışlarında sənətkarın təqdirəlayiq xidmətləri vardır.
Yaradıcılığa maraqlı hekayələr və povestlərlə başlayan ədibin "Mahmud və Məryəm", "Ağ dəvə", "Ölüm hökmü" kimi sanballı romanlarının işıq üzü gördüyünü diqqətə çatdıran akademik qeyd etmişdir ki, yazıçının son illər qələmə aldığı və populyarlıq qazanmış əsərlərindən olan "Bayraqdar" povesti Azərbaycan hüdudlarını aşaraq dünya oxucusunun maraq dairəsinə daxil olmuşdur.
B.Nəbiyev demişdir ki, Elçinin "Sosrealizm bizə nə verdi?" əsəri ədəbi tariximizin ən vacib məsələlərindən birinin həlli baxımından ilk uğurlu elmi təşəbbüsdür. Monoqrafiyada sosializm realizminin ədəbiyyatımızın tarixində və ictimai fikrində rolu, mövqeyi, əhəmiyyəti və uğursuz taleyi müfəssəl araşdırılmalıdır.
AMEA-nın müxbir üzvü Teymur Kərimli, professorlar Qəzənfər Paşayev, Nizaməddin Şəmsizadə, filologiya elmləri üzrə fəlsəfə doktoru Şirindil Alışanlı və digər çıxış edənlər monoqrafiyanın əhəmiyyəti, ədəbiyyatımızın dünəni ilə bağlı sanballı və obyektiv bir araşdırma olduğunu bir daha iştirakçıların diqqətinə çatdırmışlar.
"Dəyirmi masa" iştirakçılarına təşəkkür edən Elçin bildirmişdir ki, XX əsr Azərbaycan ədəbiyyatının, mədəniyyətinin böyük bir hissəsi sosializm realizmi ədəbi metodunun hökm sürdüyü bir dövrdə yaradılmışdır. Həmin dövrdə nəşr olunmuş ədəbi nümunələrə obyektiv qiymət verməyin vaxtı çatmışdır. Bununla belə, biz o dövrdə yazılmış nə varsa üstündən xətt çəkə bilmərik. Sözsüz ki, zəif əsərlər yazılıb, ədəbiyyatımıza güclü təzyiqlər olub, zərbələr vurulub. Amma etiraf etməliyik ki, həmin dövrdə gözəl ədəbi nümunələr də işıq üzü görmüş, müəyyən mənada ədəbiyyatımız, mədəniyyətimiz inkişaf etmiş, yeni janrlar yaranmışdır. Bu kiçik monoqrafiyanı yazmaqda əsas məqsədim həmin dövrə obyektiv qiymət vermək, Azərbaycan ədəbiyyatının itirdiklərini və qazandıqlarını doğru-düzgün təhlil etmək olmuşdur.{nl}

AzərTAc

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında