Bu yaxınlarda çapdan çıxmış “İrəvanda milli maarifçilik mühiti” kitabı Azərbaycanın təhsil tarixinə dəyərli töhfədir. Filologiya üzrə elmlər doktoru, professor Cəfər Cəfərov və filologiya üzrə fəlsəfə doktoru, dosent Cəlal Allahverdiyevin həmmüəllifi olduqları qədim tarixə, zəngin mədəniyyətə və ədəbi irsə malik olan İrəvan şəhərində Azərbaycan maarifçilik hərəkatının yaranmasından və təhsil məsələlərindən bəhs edən bu dəyərli nəşrin elmi redaktorları filologiya üzrə elmlər doktoru, professor Buludxan Xəlilov və tarix üzrə fəlsəfə doktoru, Dövlət Mükafatı laureatı Nazim Mustafadır.
Müəlliflər İrəvanda – erməni şovinizmi əhatəsində fəaliyyət göstərən anadilli məktəblərimizin inkişaf xüsusiyyətlərindən və üzləşdiyi problemlərdən, bu məktəblərin pedaqoji kadrlarla təmin olunmasında böyük rol oynamış təhsil ocaqlarından bəhs edirlər. Nəşrdə, həmçinin milli kadrların hazırlanmasında böyük fədakarlıq göstərmiş ziyalılarımızın fəaliyyətindən söhbət açılır. Kitabda 1920-ci il noyabrın 29-da Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra yeni tipli sovet məktəblərinin yaranmasında İrəvandakı azərbaycanlı qadınların ədəbi-mədəni və ictimai-siyasi həyatdakı rolundan, eləcə də erməni şovinistlərinin azərbaycanlı məktəblərinə maneçilik törətməsindən bəhs olunur. Eyni zamanda, kitabda 1922-1929-cu illərdə İrəvan Yeni Türk Əlifba Komitəsi, İrəvan Pedaqoji Məktəbinin və İrəvan Azərbaycan Kənd Təsərrüfatı Texnikumunun tarixi barədə məlumatlar verilir, İrəvan Pedaqoji Məktəbinin məzunlarının fəaliyyəti də işıqlandırılır. Bununla yanaşı, 1928-1937-ci illərdə Qərbi Azərbaycanda (indiki Ermənistanda) repressiyaya məruz qalmış, həmçinin orden və medallarla təltif edilmiş azərbaycanlıların siyahısı verilib.
Kitabda İrəvan ədəbi mühitinin XIX əsrdə və XX əsrin 20-ci illərində deportasiyalara, köçürmələrə, qırğınlara düçar olan soydaşlarımızın vətən eşqi barədə yaddaşlardan, ədəbi nümunələrdən götürülmüş materiallar, söyləmələr, hadisələr, həmçinin bu mühitlə bağlı araşdırmalar nəzərdən keçirilmişdir.
Azərbaycanın təhsil tarixinin ciddi ictimai maarifçilik hadisələrindən olan İrəvan Müəllimlər Seminariyası – “Kutaisi və İrəvan quberniyalarında müəllimlər seminariyalarının təşkil edilməsi barədə” Rusiya Dövlət Şurasının 20 oktyabr 1880-ci il tarixli qərarına uyğun olaraq yaradılmışdır. Xalq təhsilimizin bir sıra tanınmış nümayəndələri – Həmid bəy Şahtaxtinski, Haşım bəy Nərimanbəyov, Haşım bəy Vəzirov, Tağı bəy Səfiyev, Vahid Musabəyov, Fərrux Ağakişibəyov, İbadulla Muğanlinski və başqaları vaxtilə ilk pedaqoji təhsillərini İrəvan Müəllimlər Seminariyasında almışdırlar.
Təhsil sahəsində İrəvan şəhərində maarifçiliyin təqdirəlayiq ənənəsi olmuşdur. Bu ənənənin sayəsində İrəvandakı təhsil ocaqlarında böyük fədakarlıq göstərmiş ziyalıların fəaliyyəti də diqqətdən yayınmamalıdır. İrəvan muhiti və bu muhitdəki təhsil Azərbaycan təhsil tarixində, eləcə də maarifçiliyin inkişafında bir hadisədir. Oxucuların ixtiyarına verilən bu kitab Azərbaycan təhsil tarixinin hələ də yazılmasına və tədqiq edilməsinə ehtiyacı olan bir sahəsini əhatə edir. Çoxları bilmir ki, İrəvanda və onun ətrafında olan Azərbaycan məktəblərində təhsil, maarif işi öz səviyyəsi, keyfiyyəti baxımından qabaqcıl olmuşdur. İrəvanda ilk qəza məktəblərinin yaranması 1831-ci ilin mart-oktyabr ayında nəzərdə tutulsa da 1832-ci ilin 14 yanvarında açılmışdır. 1832-1868-ci illərdə İrəvan qəza məktəbində təhsil alan azərbaycanlıların sayı artmışdır. Məsələn, 1838-ci ildə 8 nəfər azərbaycanlı təhsil almışdır.
1832-ci idə açılan İrəvan qəza məktəbi 1869-cu ildən progimnaziyaya çevrilmişdir. Əvvəllər dörd sinifli, sonra beş sinifli gimnaziyada azərbaycanlılarla yanaşı erməni, yəhudi, rus və alman millətindən olan uşaqlar da təhsil almışlar. Onu da qeyd edək ki, xalqımızın böyük maarifçi xadimi Firidun bəy Köçərli 1885-1895-ci illərdə bu gimnaziyada dərs demiş, 1895-ci il oktyabrın 30-da Qafqaz Təhsil Dairəsinin əmri ilə Qori Müəllimlər Seminariyasına köçürülmüşdür.
Kitabda çar Rusiyası dövrü ilə yanaşı, Sovet dövrü İrəvan ictimai-maarifçi mühitindən bəhs edilmişdir. Bu mənada Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra yeni tipli sovet məktəblərinin yaranmasından bəhs olunur. Erməni şovinistlərinin azərbaycanlı məktəblərinə maneçilikləri təhlil olunur. Ermənilərin azərbaycanlılara, onların təhsil almalarına qarşı yersiz iddiaları faktlar əsasında verilir. Araşdırmalar sayəsində öyrənirik ki, İrəvan ictimai-maarifçi mühitində qadınlar fəal olmaqla, maarifçi qadın hərəkatının bünövrəsini qoymuşlar.
1922-1929-cu illərdə əlifba islahatını həyata keçirən İrəvan Yeni Türk Əlifba Komitəsi barədə də kitabda maraqlı məlumatlar verilir. Bala Əfəndiyev, Mehdi Kazımov, Miryusif Mirbabayev, Əşrəf Yusifzadə, Zərri Axundova və digərlərinin İrəvan Yeni Türk Əlifba Komitəsindəki fəaliyyəti açıqlanır, indiyədək məlum olmayan faktlar, məlumatlar oxuculara təqdim edilir.
İrəvanda elmi-mədəni mühitin yüksək səviyyəsi sayəsində M.S.Ordubadi, M.Müşfiq, M.Hüseyn, C.Məmmədquluzadə, M.Cəlal, Y.V.Çəmənzəminli, S.Rəhman, S.Rüstəm kimi görkəmli ziyalılar burada səfərdə olmuş və Türk Pedaqoji Texnikumunda kollektivlə görüşlər keçirmişlər. Kitabda İrəvan Pedaqoji Məktəbinin məzunlarından əksəriyyətinin adları çəkilmiş, bəzilərinin fəaliyyəti işıqlandırılmışdır. Həmçinin bu tədqiqatda İrəvan Azərbaycan Kənd Təsərrüfatı Texnikumundan, onun tarixindən, fəaliyyətindən danışılmış, eyni zamanda, “Xalq maarifi” jurnalının apardığı maarifçilik işinə diqqət yetirilmişdir. Kitabda diqqəti çəkən maraqlı məsələlərdən biri də 1928-1937-ci illərdə Qərbi Azərbaycanda repressiyaya məruz qalmış azərbaycanlıların 537 nəfərdən ibarət siyahısı verilmişdir ki, onların hər biri haqqında araşdırmalar aparmağa ehtiyac var.
Müəlliflər 1935-ci ildə Gümrüdə və Dilicanda təşkil edilmiş ikiillik Pedaqoji Müəllimlər İnstitutundan və 1936-cı ildə açılmış İrəvan Dövlət İnstitutundan da söhbət açmışlar.
Kitabda, həmçinin “Əməkdar müəllim” fəxri adına layiq görülmüş, orden və medallarla təltif olunmuş azərbaycanlıların bir qisminin siyahısı verilmişdir. “Tarixə salınmış adlar” başlığı altında Tərlan Sultanovanın, Fatma Qədimovanın, Məmməd Əliyevin, Əbdül Cəlilovun, Rza Şeyxzadənin, Mehdi bəy İsmayılovun və digərlərinin həyat və fəaliyyətlərinin ən xarakterik məqamları işıqlandırılmışdır.
Professor Cəfər Cəfərovun və dosent Cəlal Allahverdiyevin “İrəvanda milli maarifçilik mühiti” adlı kitabı təhsil tariximizin öyrənilməsinə dəyərli bir töhfədir.
Həsən Bayramov,
pedaqoji elmlər doktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.