Pedaqoji kadr hazırlığına sinergetik yanaşma

Azərbaycan Dövlət Pedaqoji Universitetində keçirilən “Pedaqoji kadr hazırlığına sinergetik yanaşma” mövzusunda elmi-praktik konfransda  respublikanın ali təhsil müəssisələrinin, Azərbaycan Milli Elmlər Akademiyasının və Təhsil İnstitutunun alim-mütəxəssisləri bu aktual məsələ ilə bağlı müzakirələrdə nəzəri mülahizələrini söyləmiş, qazanılmış təcrübəni bölüşmüşlər.

Konfransı giriş sözü ilə açan ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov qeyd etmişdir ki, ümummilli lider Heydər Əliyevin həyata vəsiqə verdiyi, Prezident İlham Əliyevin uğurla gerçəkləşdirdiyi təhsil islahatlarının əsas məqsədi bu sahəni dünyanın inkişaf etmiş ölkələrində əldə olunmuş səviyyəyə uyğunlaşdırmaqdır. Bu yöndə həyata keçirilən tədbirlər sırasında pedaqoji kadr hazırlığının yeni tələblər əsasında qurulması önəmli yer tutur. Ölkənin aparıcı pedaqoji kadr hazırlığı mərkəzi olan ADPU-nu tədqiqat universitetinə çevrmək istiqamətində uğurlu işlər həyata keçirilir. Bu konfransın keçirilməsi də yeni elmi-tədqiqatların sinergetika istiqamətinə yönəldilməsinə xidmət edir.

Alim daha sonra bildirmişdir ki, canlı və cansız sistemlərin özünütəşkili haqqında elm olaraq sinergetika XX yüzilliyin 70-ci illərindən formalaşmağa başlayıb. Bu elmin meydana çıxması fizika və biologiyanın həll etməyə çalışdığı konseptual problemlə əlaqədar idi. Həmin dövrdə fizika iddia edirdi ki, təbiətdə təkamül nizamdan xaosa doğru gedir. Biologiya isə təkamülün xaosdan nizama doğru getdiyini sübut etməyə çalışırdı. Lakin sinergetika bu fikir ayrılığını,  paradoksu aradan qaldırdı.

Son zamanlar bütün elm sahələrində, o cümlədən sosiologiyada, pedaqogikada sinergetik yanaşma anlayışlarından tez-tez istifadə olunması, tədris prosesinə isə sinergetikanın üç istiqamət üzrə daxil edilməsinin məqsədəuyğunluğu (sinergetika təhsil üçün, sinergetika təhsildə və təhsilin sinergetikası) ilə bağlı konfransda geniş elmi diskussiya aparılmışdır. Qeyd edilmişdir ki, inteqrativ təlim kimi, sinergetik yanaşmaya da artıq xüsusi pedaqoji texnologiya kimi yanaşılmalıdır.

ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev, ibtidai təhsil fakültəsinin dekanı, professor Fərrux Rüstəmov, tarix və coğrafiya fakültəsinin dekanı, dosent Şahin Pənahov pedaqoji kadr hazırlığına sinergetik yanaşmanı yeni metodologiya kimi qiymətləndirmiş, onun sağlam təhsil mühitinin formalaşdırılmasına müsbət təsir göstərdiyini vurğulamışlar. ADPU-nun dosenti Amaliya Həsənovanın “Bioloji sistemlərin yaranması və təkamülünün sinergetik təhlili” və Günay Nəzərlinin “Pedaqoji sinergetikanın elmi-nəzəri istiqamətləri” mövzusunda məruzələri dinlənilmişdir.

Konfransın 3 bölmədə davam edən iclaslarında 66 məruzə dinlənilərək müzakirə edilmişdir. Sonda bölmə rəhbərlərinin hesabatları dinlənilmişdir.

 

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında