Azərbaycan Milli Elmlər Akademiyasının dövri nəşri olan "Xəbərlər" jurnalının biologiya elmləri seriyasının 2010-cu il üçün birgə 5-6-cı nömrəsi çapdan çıxmışdır.
Yüksək poliqrafik standartlara uyğun nəfis şəkildə çap olunmuş bu sayda Azərbaycanda biologiya elminin müasir tədqiqat istiqamətlərini, o cümlədən molekulyar biologiya, molekulyar genetika, gen və hüceyrə biotexnologiyası, riyazi biologiya və bioinformatika sahələrinin təməlini qoyan və onun inkişafında əvəzsiz rol oynayan görkəmli alim, akademik Cəlal Əliyevin və onun rəhbərlik etdiyi kollektivlərin - Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi Elmi-Tədqiqat Əkinçilik İnstitutunun Bitki Fiziologiyası və Biotexnologiya şöbəsinin, AMEA Botanika İnstitutunun Bioloji Məhsuldarlığın Fundamental Problemləri Şöbəsi əməkdaşlarının, Cəlal Əliyevin dünyanın qabaqcıl ölkələrinin ən müasir laboratoriyalarında çalışan tələbələrinin elmi işləri dərc olunmuşdur. Məqalələrin mövzu müxtəlifliyi və genişliyi Cəlal Əliyevin elmi yaradıcılığının çox zəngin və geniş istiqamətlərinin təzahürüdür.
Yer üzərində həyatın mövcud olması üçün zəruri olan fotosintez prosesinin müxtəlif aspektlərinin tədqiqi sayəsində əldə olunan qiymətli nəticələr jurnalda öz əksini tapmışdır. Fotosintez prosesinin öyrənilməsində Cəlal Əliyevin və onun yaratdığı məktəbin əldə etdiyi böyük nailiyyətlər, qazanılan uğurlar dünya elmi ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Cəlal Əliyev məktəbinin dünya elminə verdiyi töhfələr fotosintez prosesinin molekulyar-genetik səviyyədən başlayaraq bütöv bitki və əkinə qədər bütün mərhələ və formalarında öyrənilməsini əhatə edir. Postsovet məkanında SSRİ dağıldıqdan sonra yeganə bir məktəb - akademik Cəlal Əliyevin yaratdığı elmi məktəb nəinki özünü qoruyub saxlaya bilmiş, hətta öz səviyyəsini və elmi potensialını daha da yüksəltmişdir. Bu gün bu məktəbin yetirmələri MDB, ABŞ, Birləşmiş Krallıq, Yaponiya, Cənubi Koreya, Avstraliya, İsrail, Pakistan, Türkiyə, Oman və Avropa ölkələrinin ən aparıcı mərkəzlərində tədqiqatlarını uğurla davam etdirirlər.
Jurnalda akademik Cəlal Əliyevin "Buğda və soya genotiplərinin fotosintezi, fototənəffüsü və məhsuldarlığı" mövzusunda məqaləsi öz aktuallığı və elmi dəyəri ilə xüsusi seçilir. Məqalə bitkilərdə fototənəffüs adlanan və karbon metabolizminin tədqiqində çox maraqlı və ziddiyyətli bir problemə həsr olunmuşdur. Bitkilərdə işıqda fotosintezlə (karbon qazının udulması və oksigenin ayrılması) paralel ona əks istiqamətdə fototənəffüs adlanan proses baş verir ki, bu zaman oksigen udulur və karbon qazı ayrılır. Fototənəffüs prosesinin kəşfindən 50 ildən artıq bir vaxt keçməsinə baxmayaraq, fotosintez prosesində və bitkilərin məhsuldarlığında onun funksiyası haqda hələlik dəqiq məlumat və tam fikir yoxdur. Uzun illər tədqiqatçılar fototənəffüs prosesinin əhəmiyyətini düzgün qiymətləndirə bilmədiklərindən, ona lazımsız bir proses, israfçılıq kimi baxmışlar. Ancaq fototənəffüsün israfçılıq olması haqda əvvəllər mövcud olan təsəvvürlərin əksinə olaraq, C.Əliyev 40 ildən artıq bir müddətdə tarla şəraitində yetişdirilən çoxsaylı kontrast buğda və soya genotiplərindən istifadə etməklə ən müxtəlif üsullarla aparılan tədqiqatlarla sübut etmişdir ki, fototənəffüs təkamül nəticəsində formalaşmış həyat əhəmiyyətli metabolik proseslərdən biridir və bitkilərin məhsuldarlığını artırmaq məqsədilə müxtəlif yollarla onu azaltmaq cəhdləri əsassızdır. Fotosintez qədər əhəmiyyətli olan fototənəffüs prosesi haqqında bu nəticə dünya elmi üçün çox gözəl bir töhfədir. İlk dəfə olaraq eukariot orqanizmlərdə fotosintez və fototənəffüs proseslərinin əsas fermentləri olan fosfoenolpiruvatkarboksilaza və fosfoglikolatfosfataza fermentlərinin nukleotid və amin turşu ardıcıllıqları təyin olunmuşdur ki, bu da çox qiymətli bir nəticədir.
Bu nömrədə fotosintez prosesinin müxtəlif istiqamətlərdə tədqiqinə həsr olunmuş müxtəlif məqalələr də dərc olunmuşdur.
Jurnaldakı bəzi məqalələr fotosintezin molekulyar biologiyasına həsr olunmuşdur. Yaponiyada və ABŞ-da çalışan Tərlan Məmmədovun və Kərim Qasımovun, ABŞ-ın Kaliforniya ştatının Devis Universitetində çalışan Tatyana Savçenkonun, Yuta Universitetində tədqiqat aparan Ələmdar Məmmədovun, Böyük Britaniyanın Esseks Universitetində çalışan Şahniyar Bayramovun, İsveçin Lund Universitetinin elmi işçisi Şahira Zəhrabəyovanın və başqa müəlliflərin də məqalələri oxucuların marağına səbəb olacaqdır.
Ətraf mühitin müxtəlif abiotik və biotik stress amillərinin bitkilərə təsiri zamanı baş verən dəyişikliklərin tədqiqi jurnalda dərc olunan bir sıra məqalələrdə öz əksini tapmışdır. Polimeraz zəncirvari reaksiya metodunun köməyi ilə molekulyar markerlərdən istifadə etməklə müxtəlif buğda genotiplərində quraqlığa davamlılığa cavabdeh lokuslar və genlər ətraflı öyrənilmişdir. Fransa və Almaniyadan olan alimlərlə birgə meyvə ağaclarını və tərəvəz bitkilərini yoluxduran fitoplazma və virus xəstəliklərinin tədqiqi zamanı əldə olunan qiymətli nəticələr də bu nömrədə öz əksini tapmışdır.
Müasir dövrdə biologiya elminin, o cümlədən, tibbi biologiya, aqrar biologiyanın inkişafı təbiət elmlərinin başqa sahələri ilə əlaqəli şəkildə həyata keçir. Bu gün klassik biologiyanın həll edə bilmədiyi problemlər "riyazi biologiya", "kompyuterləşmiş biologiya" və nəhayət, bioinformatika elminin köməyi ilə aydınlaşır. Bu baxımdan jurnalda biologiya elminin ən yüksək zirvəsi hesab olunan bioinformatika sahəsində olan məqalələr də çox önəmlidir. Respublikamızda bioinformatikanın inkişaf tarixi də ötən əsrin 70-ci illərinin sonundan başlayır. Akademik Cəlal Əliyevin rəhbərliyi ilə respublikamızda ilk dəfə biologiya və kənd təsərrüfatının bir çox nəzəri və praktiki məsələlərinin həllində riyazi metodlardan və kompyuter texnologiyasından istifadə etmək mümkün olmuşdur. 20-25 il əvvəl bu nadir hadisə idi, hətta Qərbdə belə heç kim biologiyaya kompyuterin tətbiqi ilə məşğul olmurdu. Təsadüfi deyildir ki, Azərbaycanda ilk və yeganə Bioinformatika laboratoriyası da Cəlal Əliyevin rəhbərlik etdiyi Bioloji Məhsuldarlığın Fundamental Problemləri şöbəsində yaradılmışdır və uğurla fəaliyyət göstərir. Bu gün qürur hissi ilə demək olar ki, keçmiş sovet məkanındakı 15 respublika içərisində bioinformatikanın ən çox inkişaf etdiyi respublika Rusiyadan sonra, məhz Azərbaycandır.
Jurnalda dərc olunan məqalələrin müəllifləri arasında Birləşmiş Krallığın York Universitetinin professoru Qərib Mürşüdovun, ABŞ-ın Kaliforniya ştatının Birləşmiş Genom İnstitutunda çalışan Asaf Salamovun, İngiltərədə, Yaponiyada və Pakistanda tədqiqatlar aparmış İlham Şahmuradovun adlarını da çəkmək yerinə düşər. Sevindirici haldır ki, xaricdə işləyən azərbaycanlılar arasında Qərib Mürşüdovun işlərinə daha çox istinad olunur. Onun bir proqrama olan istinadların sayı on mindən artıqdır. Bu, çox böyük rəqəmdir. Oxuculara təqdim olunan məqalələr riyaziyyatın biologiya elminin dərinliklərinə nüfuz etməsinə bariz nümunədir.
Bu gün dünyada biotexnologiyaya böyük tələbat vardır və bu istiqamətdə işlər durmadan genişlənir. Jurnalın bu nömrəsində biotexnologiyaya dair qiymətli məqalələr çap olunmuşdur. ABŞ-da Vidadi Yusibovun, Tərlan Məmmədovun və Gülnarə Həsənovanın, Avstraliyada Aydın Muradovun, Azərbaycanda Tofiq Qaragözovun biotexnologiya sahəsində apardığı tədqiqatlar böyük uğurlar qazanmışdır. ABŞ Franhofer Milli Biotexnologiya Mərkəzinin direktoru Vidadi Yusibov 2005-ci ildə, "Eskvayr" elmi jurnalının məlumatına görə, Amerika elminin 10 parlaq və ümidverici nümayəndəsindən biri hesab olunmuşdur. Onun son illərdə apardığı tədqiqatlar müxtəlif infeksion xəstəliklərə qarşı bitki əsaslı vaksinlərin yaradılmasına həsr olunmuşdur.
Jurnalda Azərbaycanda yeni yüksək məhsuldar buğda genotiplərinin yaradılmasının elmi əsaslarına, biomüxtəlifliyə həsr olunmuş məqalələr yer almışdır.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.