Azərbaycan Tibb Universiteti (ATU) yarandığı gündən ölkənin səhiyyə sahəsində peşəkar kadrların hazırlanmasında əsas rol oynayıb və bu gün də həmin vəzifəni şərəflə yerinə yetirir.
Universitetin insan anatomiyası kafedrasının Anatomiya muzeyinin də tələbələrin gələcəyin mütəxəssisi kimi yetişməsində təcrübə və biliklərinin artırılmasında mühüm əhəmiyyəti var. İllər ərzində toplanmış zəngin eksponatlar tədris vəsaiti kimi tələbələrin üzünə açıqdır. Bu fikirlər Azərbaycan Tibb Universitetində (ATU) Prezident İlham Əliyevin sərəncamı ilə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi münasibətilə insan anatomiyası kafedrası və burada fəaliyyət göstərən Anatomiya muzeyinin ictimaiyyətə təqdimatında səsləndirildi.
Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvü, ATU-da insan anatomiyası kafedrasının müdiri, professor Vaqif Şadlinski Prezident İlham Əliyevin təşəbbüsü ilə bu ilin “Azərbaycan Xalq Cümhuriyyət ili” elan edilməsi münasibəti ilə hamını təbrik etdi. Bildirdi ki, elə rəhbəri olduğu kafedranın yaranması da Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf edir.
Vaqif müəllim qeyd etdi ki, 1919-1921-ci illərdə Bakı Dövlət Universitetinin rektoru olmuş, professor Vasili İvanoviç Razumovski tərəfindən təşkil edilmiş muzey zaman keçdikcə, daha da zənginləşmişdir. İlk dəfə olaraq, insan anatomiyası kafedrasına azərbaycanlı mütəxəssis, professor Kamil Balakişiyevin rəhbər təyin edilməsi muzeyin sonrakı fəaliyyətinə öz müsbət təsirini göstərmişdir. Tələbələrin eksponatlardan istifadə etdiklərini deyən professor muzeyin 2017-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən ictimai əsaslarla qeydə alındığını vurğuladı: “ATU-da fəaliyyət göstərən bu muzey unikal nümunələrdən hesab edilir. Belə ki, dünyada bu cür fəaliyyət göstərən bütün muzeylərin istər sahə baxımından, istərsə də eksponat sayı baxımından ən böyüyü məhz Azərbaycan Tibb Universitetindədir. Muzeyimizdəki beş min iki yüz on eksponat əyani tədris vəsaiti kimi çox əhəmiyyətlidir . Onu da qeyd edim ki, ilk dəfə belə muzey hələ Hippokratın zamanında yaradılıb”.
Milli QHT Forumunun prezidenti, ATU-nun rektoru yanında İctimai Nəzarət və Məsləhət Şurasının İdarə Heyətinin üzvü Rauf Zeyni bu cür muzeyin yaradılmasını təqdir edərək bildirdi ki, universitetin və muzey əməkdaşlarının vətəndaş cəmiyyəti nümayəndələri ilə sıx ünsiyyətinin olması və əməkdaşlığın artırılması cəmiyyətimizə də müsbət töhfələr verə bilər.
Milli Məclisin deputatı, ATU-nun rektoru yanında İctimai Nəzarət və Məsləhət Şurasının sədri İlham Məmmədov dövlətin bütün sahələrə olan diqqət və qayğısından söz açdı və qeyd etdi ki, universitet tələbələri Azərbaycanın sağlam gələcəyinin təminatçılarıdır.
Deputat Prezident İlham Əliyev tərəfindən bu ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsini dövlətçiliyimiz və onun inkişafı ilə bağlı atılan mühüm addım və tariximizə göstərilən qayğının təzahürü hesab etdi. Universitetdə aparılan islahatlar, tədris prosesi, eləcə də şəffaflığın qorunması məqsədilə yaradılmış ictimai nəzarət və məsləhət şurasının universitetin fəaliyyəti və ölkəmizin gələcəyi üçün çox vacib olduğunu vurğuladı.
“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə tibb sahəsinə həvəsi olan gənclər üçün Azərbaycan Tibb Universitetinin bir mərkəz olduğunu vurğulayaraq qeyd etdi ki, tanış olduğumuz bu muzeyin təşkili və ictimaiyyətə təqdim edilməsi də illərin təcrübə və fəaliyyətinin bariz nümunəsidir.
Daha sonra ictimaiyyət nümayəndələrinin, vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin, jurnalistlərin iştirakı ilə muzeyə baxış oldu. Muzeyin fəaliyyəti və eksponatları barədə geniş məlumat verən professor Vaqif Şadlinski bildirdi ki, buradakı eksponatlar tələbələr üçün əvəzsiz əyani vəsait rolunu oynayır və onların öyrəndiyi bilikləri qavramasına kömək edir.
Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.