Gündən-günə inkişaf edən, qüdrətlənən gənc müstəqil Azərbaycan dövlətinin vətəndaşı olmaq hər kəs üçün xoşdur və məmnunluq mənbəyidir. Bu tərəqqi və inkişafı təmin edənlərin sırasında olan soydaşlarımızın məmnunluğu isə daha böyükdür. Onlar öz əməlləri ilə daim fəxr edə bilərlər. Biz gənc alimlər də müstəqil Azərbaycanın xoşbəxt nəsliyik. Çünki bizim əlimizdə dövlətimizin qüdrətlənməsinə də, elmimizin inkişafına da töhfə vermək imkanımız, şansımız vardır. Həmin imkanları reallaşdırmaq üçün dövlətin qayğısı da yetərincədir, öz qətiyyətimiz də .
Yola salmaqda olduğumuz 2017-ci ilin uğurları barədə danışarkən, bu il şahidi olduğumuz iki elmi yığıncağın nəticələrini yada salmaq istəyirəm. Amma əvvəlcə bu ilə dəxli olmayan, fəqət, daha mötəbər bir tədbirin materiallarından bəhrələnmək istəyirəm. Belə ki, 2015-ci ilin noyabr ayında Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyi münasibətilə keçirilən möhtəşəm tədbirdə dövlət başçımız İlham Əliyev geniş bir nitq söyləmişdi. Həmin nitqdə deyilirdi: “Biz çox istəyirik ki, elmi inkişaf üçün daha da gözəl şərait yaradılsın. Bununla bərabər, elmin inkişafı üzrə milli strategiya və dövlət proqramı artıq beş-altı ildir ki, qəbul edilib və icra olunur. Hesab edirəm ki, Elmin İnkişafı Fondunun yaradılması da bu istiqamətdə atılan çox önəmli addımdır. Çünki bu fond imkan yaradır ki, həm gənc alimlərə qrantlar verilsin, həm də elmi araşdırmalar aparılsın. Ümumiyyətlə, bu, əlbəttə, elmin inkişafına müsbət təsir göstərir”. Fikrimcə, cənab Prezidentin bu cümlələri Azərbaycan elminin inkişafı, biz gənc alimlərin isə özünütəsdiqi üçün çox böyük imkanların yaradıldığından və yaradılacağından xəbər verirdi.
İndi isə bu il şahidi olduğumuz elmi tədbirlər barədə. Bu il aprelin 28-də Azərbaycan Milli Elmlər Akademiyasının əsas binasında Rəyasət Heyətinin 2016-cı ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunan illik ümumi yığıncağı keçirilirdi. AMEA-nın prezidenti, akademik Akif Əlizadə ümumi yığıncağı açaraq akademiyanın 2016-cı ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında geniş məlumat verdi və qeyd etdi ki, 2016-cı ildə “Elm haqqında” Qanunun təsdiqlənməsi ilə elm sahəsində normativ-hüquqi baza tamamilə təkmilləşdirilib. AMEA prezidenti xatırlatdı ki, hesabat ilində “Elm haqqında” Qanunun, eləcə də müasir dövrün çağırışlarının tələblərinə müvafiq olaraq, Rəyasət Heyəti tərəfindən “Azərbaycan elminin inkişaf doktrinası”nın layihəsi hazırlanıb və təsdiq üçün dövlətimizin başçısına təqdim edilib. Həmin tədbirdə eşitdiyim faktlardan biri məni daha çox sevindirmişdi. Qeyd edilmişdi ki, ötən il akademiyanın alimləri, ümumilikdə, 23 dövlət əhəmiyyətli proqramın icrasında yaxından iştirak ediblər. Bu, kiçik göstərici deyildi.
Bu il reallaşdırılmış ikinci elm tədbiri isə lap bu yaxınlarda – dekabrın 15-də baş tutmuşdu. Həmin gün müstəqil Azərbaycanın gənc alimlərinin birinci qurultayı keçirilmişdi. AMEA-nın prezidenti, akademik Akif Əlizadə qurultaydakı çıxışında demişdi: “Biz bu gün ölkəmizdə ilk dəfə keçirilən Azərbaycanın gənc alimlərinin birinci qurultayına toplaşmışıq. Azərbaycan xalqı onilliklər ərzində ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə müxtəlif sahələrdə çoxsaylı uğurlara imza atmışdır. Bugünkü qurultayımız da ölkəmizdə ardıcıl həyata keçirilən gənclər siyasətinin məntiqi davamıdır”.
Qeyd edilmişdi ki, ölkəmizdə gənclərlə bağlı aparılan siyasət Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən birini təşkil edir. Gənclərin fiziki və mənəvi sağlamlığının təmin olunması, onların intellektual inkişafı, təhsili və məşğulluğu ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir. Təsadüfi deyil ki, gənclər siyasəti ilə bağlı ölkə rəhbəri İlham Əliyev tərəfindən çoxsaylı fərman və sərəncamlar imzalamış, bir sıra mühüm dövlət proqramları qəbul edilmişdir. “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 yanvar 2015-ci il tarixli sərəncamı gənclər siyasətinin davamlılığının təminatına və qarantına çevrilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2010-cu il tarixli “Azərbaycan Milli Elmlər Akademiyasının gənc alimlərinin Avropanın elmi mərkəzlərində doktorantura təhsilinin maliyyələşdirilməsi haqqında” sərəncamına əsasən, son illər AMEA-nın 100-ə yaxın gənc alimi dünyanın nüfuzlu elmi mərkəzlərinə göndərilmişdir. Həmin proses AMEA-da fasiləsiz olaraq bu gün də davam etdirilir. Doğrudur, mən alim kimi AMEA sistemində deyil, ali məktəbin elmi şurasında təmsil olunuram. Buna baxmayaraq AMEA xətti ilə gənc həmkarlarımıza yaradılan imkanlar məni çox sevindirir.
Birinci qurultayda AMEA prezidenti tərəfindən səsləndirilən başqa bir fikir də var idi ki, onu mütləq qeyd etməliyik: “Gənc alimlərin mənzil təminatı məsələsi də olduqca vacibdir. Bilirsiniz ki, biz bu istiqamətdə əməli fəaliyyətdəyik. Artıq ilkin olaraq xeyli sayda alimə öz şəxsi mənzillərinin açarları təqdim olunmuşdur. Onların böyük əksəriyyəti gənclərdən ibarətdir”.
Nəhayət, özümün fəaliyyət göstərdiyim ali məktəb barədə. Bəri başdan qeyd edim ki, hələ 1887-ci ildən texniki məktəb kimi fəaliyyətə başlamış bu təhsil ocağının adı dəfələrlə dəyişilsə də, funksiyası və üzərinə düşən missiyası heç zaman dəyişməmişdir. Cənab Prezidentin imzaladığı sərəncamla yaradılmış Azərbaycan Dövlət Neft və Sənaye Universitetində 60-dan çox ölkə üçün 300 nəfər mühəndis, bakalavr və magistr dərəcəli texniki kadr və 270 nəfər elmlər namizədi və doktoru hazırlanmışdır. Xəzərin akvatoriyasında və quruda yeni yataqların işlənməsi, neft konsorsiumlarının fəaliyyətə başlaması, xarici ölkə şirkətləri ilə əməkdaşlıq və onun gələcək perspektivləri bazar iqtisadiyyatı şəraitində işləyə bilən, müasir texnika və texnologiyanı mənimsəyən və tətbiq etməyi bacaran mütəxəssislərin hazırlanmasını tələb edir. Qarşıya çıxan bu vacib məsələlərin həlli ilə əlaqədar inkişaf proqramı hazırlanmışdı.
Hazırda bu ali məktəbin 1 milyona yaxın kitab fondu olan kitabxanası, informasiya hesablama mərkəzi, tədris vəsaitləri çap edən nəşriyyatı, 7 korpuslu tələbə şəhərciyi, 3 tədris korpusu, tələbə poliklinikası və xəstəxanası, idman kompleksi, Nabranda istirahət zonası vardır.
Ən başlıcası isə universitetin yeni rəhbərliyi təhsilin və elmi tədqiqatların bilavasitə dövlətin tələb etdiyi səviyyəyə qaldırılması vəzifəsini layiqincə yerinə yetirir. ADNSU Avropa Universitetləri Assosasiyasının və UNESCO statuslu "İNKORVUZ" təşkilatının üzvüdür.
Bu gün ali məktəbimizdə görkəmli alimlərdən və peşəkar pedaqoqlardan ibarət yüksək səviyyəli professor-müəllim heyəti fəaliyyət göstərir. Biz onlarla bir kollektivdə işləməkdən məmnunluq hissi keçiririk. Eyni zamanda fəxr edirik ki, çalışdığımız ali məktəbin məzunları arasında ulu öndər Heydər Əliyev, Baş nazirimiz Artur Rasizadə, görkəmli dövlət xadimləri Nikolay Baybakov, Əliş Ləmbəranski, kosmos elminin dahilərindən olan Kərim Kərimov, görkəmli neftçilər Sabit Orucov, Fərman Salmanov, Azad Mirzəcanzadə, Xoşbəxt Yusifzadə, Vahid Ələkbərov, Anqola Prezidenti Joze Eduardu duş Santuş kimi tanınmış simalar vardır. Eləcə də Sovet nüvə elminin banilərindən olan akademik İqor Kurçatov 1924-25-ci illərdə bizim ali məktəbin fizika fakültəsinin laborantı kimi fəaliyyət göstərib.
2014-cü ildə Azərbaycan və Fransa prezidentlərinin təşəbbüsü ilə Azərbaycan–Fransız Universiteti (UFAZ) yaradılmış və 2016- cı ildə ADNSU-nun nəzdində 4 ixtisas üzrə fəaliyyətə başlamışdır. Universitetin nəzdində yaradılan UFAZ məzunlarına ADNSU və Strasburq Universitetinin diplomlarını verir.
Məhz bu tarixi faktların , eləcə də Azərbaycan dövlətinin elmə, təhsilə göstərdiyi qayğının yaratdığı məsuliyyətin nəticəsidir ki, biz öz elmi fəaliyyətimizin daha səmərəli nəticələr verməsinə çalışırıq. Şükürlər olsun ki, nəticələr də pis deyil.
2003-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin bakalavr, 2005-ci ildə isə magistratura pilləsini "üzvi kimya" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmiş və həmin il kimya və qeyri-üzvi maddəələrin texnologiyası”) kafedrasında kiçik elmi işçi kimi işə başlamışam. Sonrakı il Azərbaycan Milli Elmlər Akademiyasının Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun aspiranturasına daxil olmuş və ekoloji cəhətdən əlverişli bioetanol və neft kimyəvi xammal əsasında yanacaq komponentlərinin alınması üçün yeni sulfokationit tipli (nano)katalizatorların sintezi istiqamətində tədqiqat işlərinə başlamış, 2007-2012-ci illərdə AMEA NKPİ-nin Gənc Alimlər Şurasının üzvü olmuşam.
Apardığım tədqiqat işlərinin nəticəsi olaraq bir sıra müsabiqələrdə iştirak etmiş, o cümlədən İsveçrənin “World Federation of Sientists National Scholarship” müsabiqəli proqramının bir il təqaüdçüsü olmuşam. 2011-ci ildə Gənclər və İdman Nazirliyi tərəfindən "Gənclər" mükafatı almış və kimya sahəsi üzrə “İlin gənc alimi” adına layiq görülmüşəm. Akademik İzzət xanım Orucovanın xatirəsinə həsr edilmiş konfransın və Moskvada keçirilən "Neft kimyası üzrə məktəb" konfransının diplomantı olmuşam. Həmişə düşünmüşəm ki, dövlət biz gənc alimlərə qayğısını əsirgəmədiyi kimi biz də elmin inkişafı üçün öz səylərimizi və məsuliyyətimizi artırmalıyıq.
Günel ƏMƏNULLAYEVA,
kimya üzrə fəlsəfə doktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.