İnformatika fənninin tədrisi üzrə pilot layihə həyata keçirilir

Dekabrın 25-də Təhsil Nazirliyində informatika fənninin yeni formatda tədrisi üzrə pilot layihəyə başlanılmasına dair brifinq keçirilib.

Təhsil Nazirliyindən aldığımız məlumatda bildirilir ki, brifinqdə informatika fənninin tədrisi üzrə pilot layihənin rəhbəri Fəxri Qurbanov məlumat verib ki, layihə informasiya texnologiyaları (İT) sistemləri və rəqəmsal bacarıqların öyrədilməsi üzrə proqramlar hazırlayan “Alqoritmika” beynəlxalq təhsil şirkəti ilə birgə həyata keçirilir.

Pilot layihə alqoritmik düşüncə və məntiqin, layihə işləmə bacarıqlarının inkişafı və proqramlaşdırmanın əsaslarının öyrədilməsi məqsədini daşıyır. Layihə təhsilalanlara yeni texnologiya və rəqəmsal  bacarıqları təcrübədə öyrənməyə, proqramlaşdırmanın sirlərinə bələd olmağa imkan verir.

Ümumi təhsil müəssisələrinin beşinci siniflərini əhatə edən  layihə cari ilin sentyabrından Bakının 23 və 24 nömrəli tam orta məktəblərində tətbiq olunub.  Noyabr ayından isə layihəyə Bakı şəhəri 27, 145, 240 nömrəli tam orta məktəbləri, 132-134 nömrəli təhsil kompleksi və 160 nömrəli Klassik Gimnaziya qoşulub. 2018-ci ilin fevralından isə belə məktəblərin sayının 40-a çatdırılması planlaşdırılır. Beləliklə,  yaxın müddətdə  pilot layihənin 5000 şagirdi əhatə edəcəyi nəzərdə tutulur.

Qeyd olunub ki, dünyanın bu sahədə özünü doğruldan ən innovativ metodikalarından istifadə edilməklə peşəkar metodist və pedaqoqlar tərəfindən hazırlanan proqram  bu sahə üzrə ən yaxşı təcrübələri özündə birləşdirir. Proqram  fərdi təlim,  nəzəriyyə və tətbiqi yanaşma, fənlərarası əlaqə və motivasiyanın artırılması prinsiplərinə əsaslanır. Bu məqsədlə  müəllim və şagirdlər  vahid rəqəmsal  sistemdə fəaliyyət  üçün fərdi akkauntlar əldə edirlər. Şəxsi kabinetdə müəllim sinfin fəaliyyətini izləyə, şagirdlər isə müxtəlif növ rəqəmsal məzmun yarada bilərlər. Proqram uşaqlarda məntiqi, kreativ və alqoritmik düşünmə qabiliyyətinin inkişafında mühüm rola malikdir.  Rusiya, Qazaxıstan, Polşa, İsrail və Kiprdə müvəffəqiyyətlə həyata keçirilən alqoritmika uşaqlara təkcə proqramlaşdırmanı deyil, biliyin praktikada tətbiqi bacarıqlarını da öyrədir.

Sonda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

Samirə Əliyeva,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında