“Həsən Əliyev-110: torpaqşünaslığın müasir problemləri” mövzusunda respublika elmi konfransı keçirilib

Dekabrın 22-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutunun təşkilatçılığı ilə görkəmli alim, ictimai-siyasi dövlət xadimi, Dövlət mükafatı laureatı, akademik Həsən Əliyevin 110 illik yubileyinə həsr olunan “Həsən Əliyev-110: torpaqşünaslığın müasir problemləri” mövzusunda respublika elmi konfransı keçirilib.

Əvvəlcə konfrans iştirakçıları Fəxri xiyabanda akademik Həsən Əliyevin məzarını zıyarət edib, önünə əklil və gül dəstələri qoyublar.

konfransda AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov tədbirin Prezident İlham Əliyevin “Akademik Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 7 fevral tarixli Sərəncamına əsasən təşkil olunduğunu söyləyib. Böyük alimin elmi fəaliyyətindən söz açan Ə.Əmiraslanov bildirib ki, Azərbaycanda coğrafiya, kənd təsərrüfatı, aqrobiologiya, torpaqşünaslıq, ekologiya kimi elm sahələri görkəmli təbiətşünas alim, akademik Həsən Əliyevin rəhbərliyi ilə formalaşıb və inkişaf edib. Unudulmaz alim bütün zəngin fəaliyyəti boyunca ətraf mühitin mühafizəsi, ekoloji tarazlıq və ölkənin təbii sərvətlərindən səmərəli istifadə üzrə kompleks proqram və silsilə layihələri daim uğurla həyata keçirib. AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun yaranması və inkişafında, çoxsaylı milli elmi kadrların yetişməsində də akademik Həsən Əliyevin misilsiz xidmətləri olub. Məhz onun gərgin əməyinin və elmi fəaliyyətinin nəticəsində respublikamızda torpaqşünaslıq, təbiətin mühafizəsi sahəsində xeyli iş görülüb. Apardığı tədqiqatların, elmi araşdırmaların müsbət nəticələri bu gün də ölkəmizdə kənd təsərrüfatının müxtəlif sahələrində hiss olunmaqdadır. Akademik Həsən Əliyev təbiətşünas və coğrafiyaçı, torpaqşünas və ekoloq kimi həm Azərbaycanda, həm də dünya miqyasında tanınıb.

Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov ölkəmizdə coğrafiya və torpaqşünaslıq elmlərinin müxtəlif sahələrinin inkişafında akademik Həsən Əliyevin əvəzsiz xidmətləri olduğunu vurğulayıb. Qeyd edib ki, respublikanın hər bölgəsini qarış-qarış gəzən görkəmli alim Vətənə, torpağa, xalqa bağlı insan olub. Mərhum akademik ömrünü Azərbaycan elminin inkişafına, əsasən təbiətin, ətraf mühitin qorunmasına həsr edib.

Akademik Həsən Əliyevin yüksək mənəvi keyfiyyətlərindən söz açan F.Heydərov onu vətənpərvər insan kimi xarakterizə edib, alimlə bağlı xatirələrini bölüşüb.

Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, təbiət vurğunu Həsən Əliyevin elmi yaradıcılığı müasir dövrdə dünyanın ən mühüm qlobal məsələsi olan təbiətin bütövlüyünün qorunmasına və bioloji müxtəlifliyin mühafizə olunmasına həsr edilib. O, insan müdaxiləsi nəticəsində təbiətdə baş verən mənfi prosesləri müəyyən edib, onların qarşısının alınması üçün təxirəsalınmaz təbirlərin görülməsi məqsədilə həyəcanını bəyan edib. Alimin “Həyəcan təbili” kitabında bu məsələlər geniş şərh edilib. Ölkəmizin ərazisini qarış-qarış gəzib onun təbiətini mükəmməl öyrənən akademik bu kitabında təbiətin əsas sərvətləri olan torpaq, meşə, su və təbii qoruqlar barədə öz narahatlığını bildirib, təbiətə ziyan vurmağın fəlakətli nəticələri barədə həyəcanla söhbət açıb.

E.İbrahimov qeyd edib ki, “meşələrimizi sərvətimiz, varlığımız və məişətimizin bir hissəsi” adlandıran alim təbiət aşiqi idi. O, tez-tez rayonlara gedir, meşələri gəzir və meşə sahələrinin genişləndirilməsinin vacibliyini hər zaman ön plana çəkirdi. Həsən Əliyevin bu tələbkarlığı sayəsində meşə sahələri əvvəllər respublikamızın ümumi ərazisinin 11 faizini təşkil edirdisə, son illər aparılan tədbirlər nəticəsində 12 faizə çatıb. Meşəsalma tədbirlərinin davam etdirilməsi yaxın vaxtlarda daha geniş sahəni əhatə edəcək.

“Akademik Həsən Əliyevin zəngin elmi yaradıcılıq yolu” mövzusunda məruzə ilə çıxış edən AMEA-nın aqrar məsələlər üzrə müşaviri, akademik Qərib Məmmədov görkəmli alimin təbiətşünaslıq elmində, eləcə də ətraf mühitin mühafizəsi sahəsində xidmətlərindən danışıb. Görkəmli alimin 1953-cü ildə rus dilində işıq üzü görmüş “Azərbaycan SSR-in torpaqları” monoqrafiyasının əsas müəlliflərindən və məsul redaktorlarından biri olduğunu deyən Q.Məmmədov bildirib ki, kitabda respublikada torpaq əmələgəlmə şəraiti dərindən təhlil edilib, ilk dəfə bütün toksonomik torpaq vahidlərinin hərtərəfli elmi təhlili verilib.

Bildirilib ki, Həsən Əliyev bir sıra qurumlara rəhbərlik etdiyi müddətdə ciddi ictimai və pedaqoji fəaliyyətlə məşğul olmasına baxmayaraq, elmi potensialından da səmərəli istifadə edib, tədqiqatlarını uğurla həyata keçirib. Torpaqşünaslıq elminin elmi-nəzəri və təcrübi problemlərini incəliklərinə kimi bilən alim torpaq coğrafiyasını torpaqşünaslığın ən mühüm sahəsi kimi qiymətləndirib.

Sonra Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev “Akademik Həsən Əliyevlə bağlı xatirələr” mövzusunda məruzə ilə çıxış edib. O, Həsən Əliyevin vətənpərvər, qayğıkeş, həssas bir alim olduğunu, hər zaman insanlara təbiətə sevgi hissləri aşıladığını söyləyib.

Milli Məclisin deputatı Musa Quliyev, akademik Məhərrəm Babayev, AMEA Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev, Bakı Dövlət Universitetinin coğrafi ekologiya kafedrasının dosenti Allahverdi Dolxanov və digər çıxış edənlər ölkəmizdə coğrafiya və torpaqşünaslıq elmlərinin müxtəlif sahələrinin təşəkkül tapmasında, bir sıra yeni elmi istiqamətlərin bugünkü vəziyyətinin müəyyənləşməsində akademik Həsən Əliyevin müstəsna xidmətlərini qeyd edib, alimlə bağlı xatirələrini bölüşüblər.

Çıxışlarda görkəmli alimin Azərbaycan Təbiəti Mühafizə Cəmiyyətinə sədrliyi xüsusi qeyd olunub. Vurğulanıb ki, o zaman Azərbaycanda bu sahədə aidiyyəti dövlət qurumunun fəaliyyət göstərməsinə baxmayaraq, bölgələrdə cəmiyyəti daha çox tanıyırdılar, təşkilatın çağırışlarına əməl edirdilər. 1972-ci ildə Xəzər dənizinin açıq hissəsində tərpənməz özül üzərində dünyada ilk dəfə dəniz rəsədxanasının yaradılması və 25 il fəaliyyət göstərməsi akademik Həsən Əliyevin xidmətlərinin nəticəsidir.

Qeyd olunub ki, aydın təfəkkürə, geniş dünyagörüşə malik vətənpərvər insan və böyük alim Həsən Əliyevin xatirəsi hər zaman qəlblərdə yaşayacaq.

Mərhum akademikin oğlu, Əməkdar memar Rasim Əliyev konfransın təşkilinə görə ailəsi adından AMEA-nın rəhbərliyinə və iştirakçılara minnətdarlığını bildirib.

Konfrans işini “Ümumi torpaqşünaslıq”, “Torpaqların aqroekoloji problemləri, səmərəli istifadəsi, kadastrı və qiymətləndirilməsi”, “Aqrokimya və torpaq münbitliyi”, “Torpaqların meliorasiyası, rekultivasiyasi, mühafizəsi və eroziyası” və digər bölmə iclaslarında davam etdirib.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında