Ali məktəbdə uğurlu təhsil islahatları

2016-cı ilin yazında Azərbaycan Dövlət Pedaqoji Universitetinin akt zalında növbədənkənar toplantı keçirildi. Təhsil naziri Mikayıl Cabbarov toplantını açaraq universitetdəki vəziyyət haqqında  ümumi  məlumat verdi. Sonra söz rektor Yusif Məmmədova verildi. Y.Məmmədov 10 il bu möhtəşəm elm və təhsil ocağına rəhbərlik etdiyini, lakin son zamanlar yorulduğunu, universitetə yeni ab-hava gətirə bilmədiyini etiraf edərək tutduğu vəzifəsindən azad olunması haqqında ərizə verdiyini bildirdi. Zalda bir hiss-həyəcan, canlanma baş verdi. Doğrudan da, universitetin daxili həyatında bir durğunluq hiss olunurdu.

Bunun ardınca universitetin rektoru vəzifəsinə yeni təyinat oldu. Turizm və Menecment Universitetinin rektoru olmuş professor Cəfər Cəfərov Azərbaycan Dövlət Pedaqoji Universitetinə rektor təyin edildi. Zahirən çox sadə geyimli, sakit təbiətli yeni rektordan universitet kollektivi çox şey gözləyirdi. Bunu dərindən dərk edən professor Cəfər Cəfərov rektorluğunun ilk günlərindən etibarən universitetdə ciddi islahat işlərinə başladı. Onun, ilk növbədə, gördüyü işlər içərisində kadr islahatları, kafedralarda müəllim seçkisi, dekan və kafedra müdirlərinin seçkisi, tədrisin keyfiyyətinin yüksədilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi kimi islahatlar Universitet həyatına yeni bir ab-hava, canlanma gətirmişdir.

Universitetdə yeni rektoru narahat edən əsas məsələlərdən biri və başlıcası kitabxanada, şöbələrdə, kafedralarda normadan artıq işçilərin yerləşdirilməsi və onların maaş problemi idi. Bu sahədəki kadr islahatının həyata keçirilməsi asan məsələ deyildi. Çünki heç kim asanlıqla işini əldən vermək istəmirdi. Bu taleyüklü məsələnin həlli yollarında rektor çox böyük təmkin göstərmiş, hər işçinin məsələsinə tam obyektivlik əsasında baxılmış və qərar çıxarılmışdır. Düzdür, bu prosesdə narazı qalanlar da olmuşdur. Lakin onların subyektiv mövqeyindən daha çox rektoru ali məktəbi süni şəkildə yaradılmış kadr sıxlığından azad etmək yolları düşündürürdü. Xoşbəxtlikdən kadr sahəsində aparılan islahatlar da müvəffəqiyyətlə aparılmışdır.

Universitetdə yeni ab-hava yaradan amillərdən biri müəllim seçkisi sahəsində aparılan islahatlar və mütərəqqi yeniliklər olmuşdur. İlk addım kimi, müəllimlərin seçkisi haqqında yeni təlimatın işlənib hazırlanması və  kafedralara çatdırılması müəllimlər arasında böyük canlanmaya səbəb olmuşdur. Həmin təlimatda seçkinin alternativ əsasda keçirilməsi, müsabiqədə iştirak edən müəllimlərin bir sıra  göstəricilərinin nəzərə alınması əsasında qalibin  müəyyənləşdirilməsi nəzərdə tutulur. Bu sahədəki islahatın ilk nümunəsi 2016-2017-ci tədris ilinin II yarısında çox uğurla aparılmış və müəllimlərin əksəriyyəti alternativ seçkinin nəticələrindən razı qalmışdır.

Onların içərisində elələri vardır ki,  illərcə müəllimlikdən baş müəllimliyə keçə bilmədiyi halda bu yeni seçki islahatı nəticəsində müsabiqədə qalib gəldikdən sonra avtomatik olaraq əmrlə baş müəllim ştatına keçirilmiş, maaşda əhəmiyyətli dərəcədə artım olmuşdur. Qeyd etmək lazımdır ki, ali məktəbdə müəllimlərin yeni təlimat əsasında seçilməsinin bir sıra üstünlükləri vardır: əvvəla, müsabiqədə iştirak edən müəllimlər bütün elmi-pedaqoji potensiallarını üzə çıxarır, uzunmüddətli ətalətdən, passivlikdən uzaqlaşırlar; ikincisi, seçkidə qalib gələn müəllimlərin maddi maraqları təmin olunur; üçüncüsü onların qarşısında perspektiv inkişafları üçün mövcud süni baryerlər aradan qaldırılır. Onu da qeyd edim ki, rektorun humanist siyasəti nəticəsində universitetdə neçə illərdir işləyən müəllimlərdən hər hansı biri müəllim seçkisi müsabiqəsindən keçə bilmirsə, onlar birdəfəlik işdən uzaqlaşdırılmır, birillik müqavilə yolu ilə işləyərək, növbəti seçkidə yenə iştirak etmək şansını qazanırlar. Yeri gəlmişkən, təklif edərdim ki,  ADPU-da tətbiq edilən alternativ müəllim seçkisi müsabiqəsi bütün ali məktəblərə yayılsın.

Universitetdə aparılan islahatların bir istiqamətini ciddi əmək intizamının yaradılması təşkil edir. Belə ki, illərlə belə hallara rast gəlinirdi ki, yaşlı müəllimlər səhhəti ilə bağlı uzun müddət dərsə gəlmirdilər, onların dərsləri kafedralarda bir təhər əvəz olunurdu. Rektor bu qeyri-qanuni halın qarşısını almaq məqsədilə müəllimlər üçün işə davamiyyət tabeli kitabı yaratdı. Qoyulan tələbə görə, müəllim hər gün bir dəfə işə gəldiyini bildirmək üçün rektorluğun tabelinə imza atmalıdır. Bununla da universitetdə uzun müddət müəllimlərin işə gəlməyə-gəlməyə adlarının maaş cədvəlinə düşməsi kimi qanuna zidd hərəkətlərə yol verilmədi. Artıq universitetdə ciddi əmək intizamı yaradılmışdır. Müəllimlərin belə bir arzusunu da ifadə etməyi özümə borc bilirəm ki,  rektor Cəfər Cəfərovun  həyata keçirdiyi sərt nizam-intizam siyasəti nəticəsində universitetdəki əvvəlki vəziyyət tamamilə aradan qaldırılmışdır.

Bunu nəzərə alaraq müəllimlərə elmi yaradıcılıq şəraiti yaratmaq, yol puluna qənaət etmək, habelə bir sıra başqa səbəblərə görə tabel sisteminin bir qədər yumşaldılması məqsədəuyğun olardı. Bu sahədə ilk addım atılmışdır. Kafedrada çalışan professorlara və 0,5 ştat əvəzçiliklə işləyən müəllimlərə tabelə həftədə bir dəfə imza atmağa icazə verilmişdir. Bundan sonrakı addım kimi dosent müəllimlərə də bu güzəşt tətbiq edilə bilər.

Universitetdə dekanların və kafedra müdirlərinin seçkisi də tamamilə müasir tələblərə uyğun yeni əsasda aparılır. Bu əsasda artıq xüsusi komissiya yaradılmış və bu komissiya vasitəsilə bir neçə dekan və kafedra müdirinin altternativ seçkisi uğurla keçirilmiş, heç bir narazılığa yol verilməmişdir. Hər şey tam obyektiv və şəffaflıq əsasında aparılmışdır.  Biz bu yerdə rektorun belə bir mövqeyini alqışlayırıq. O, çalışır ki,  heç bir şəxs müəyyən bir vəzifə üçün onun qəbuluna gəlməsin. Başqa yollara əl atmasın, kiməsə zəng etdirməsin, kimisə araya vasitəçi kimi saldırmasın. Hər şey insanın şəxsi bacarığı və qabiliyyəti əsasında universitetdə yaradılmış mövcud qaydalar və təlimatlar əsasında aparılsın. Belə olanda heç kimin boynunda kimsənin minnəti olmur. Hər şeyə halallıqla nail olunur.

Universitetdə tədrisin keyfiyyətinə nəzarət sahəsində də müəyyən islahatlar aparılır. Əvvəlki illərdə təqvim-tematik plan, indi isə sillabus adlanan tədris sənədi daha da təkmilləşdirilmiş, məzmunca  müəllimə istiqamət verən zəngin işçi tədris planına çevrilmişdir. Burada müəllimin dərs dediyi fakültə, ixtisas, kafedra, fənn, kurs, qrup, fənnə aid ədəbiyyat, müəllimin son 5 ildəki elmi əsərləri, fənnin təsviri, məqsədi, metodologiyası, bal bölgüsü və qiymətləndirmə, sərbəst işlərin mövzuları, imtahan sualları, fənnin mühazirə və seminar məşğələsinə dair təqvim-tematik planı (həftə, tarix, mövzunun adı və əhatə etdiyi məsələlər, təlim məqsədi, mənbə) öz əksini tapır.

Universitetdə müəllimlərin dərslərində müasir təlim texnologiyalarından istifadə edilməsinə xüsusi diqqət yetirilir. ADPU-nun I-II kurslarında aparılan semestr imtahanlarının forması haqlı olaraq dəyişdirilərək test imtahanlarından yazılı imtahanlara keçirilmişdir. Yazılı imtahan tələbələrdə təlim fəallığını daha da artırmış, onlarda tədris fənlərinin mənimsənilməsinə marağı yüksəltmişdir. Əvvəlki illərdən fərqli olaraq indi auditoriyada müəllimin nüfuzu artmış, mühazirə və seminar məşğələlərində müəllimlə tələbələr arasında daha sıx əlaqə yaranmışdır. Bunu tələbə qruplarında keçirilən kollokviumlar, sərbəst iş mövzularının yerinə yetirilməsi vəziyyəti bir daha təsdiq edir.

Ötən il yarım ərzində universitetin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində, habelə   ayrı-ayrı tədris binalarında  tikinti-təmir, abadlıq işləri sahəsində aparılan islahatlar da diqqəti cəlb edir. Artıq əvvəlki illərdən fərqli olaraq universitetin tədris binalarına daxil olanda, sözün əsl mənasında, çox səliqə-səhmanlı, xüsusi zövqlə təmir edilmiş dəhlizləri və auditoriyaları insanın gözünü oxşayan bir ali məktəb məkanına daxil olduğunu hiss edirsən.

Bəli, bütün bunlar Azərbaycan Dövlət Pedaqoji Universitetində son il  yarımda yaradılmış reallıqdır. Kaş bütün vəzifələrə təyin olunanlar öz işinin cəfakeşi olaydı, ictimai mənafeyi şəxsi mənafeyindən üstün tutaydı.

Allahverdi HACIYEV,
ADPU-nun dosenti,
Əməkdar müəllim


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında