Böyük Füzulinin adını şərəflə daşıyan Ordubad şəhər internat tam orta məktəbi şanlı yol keçmişdir. Tarixi zərurətdən yaranmış bu təhsil ocağı 1957-ci ildə I-IV siniflər üçün 120 nəfərlik şagird kontingenti ilə 7 illik məktəb kimi fəaliyyətə başlamış və Ordubad şəhərində tikilmiş 240 şagird yerlik binada yerləşmişdir.
Həmişə ziyalıları ilə fərqlənən Ordubad elm mühiti tərəfindən ilk gündən sözügedən məktəbdə rayonun təşəbbüskar və təcrübəli müəllimlərindən təşkil olunmuş bir kollektiv yaradıldı. Bu da öz nəticəsini çox gözlətməli olmadı. Elə ilk illərdən məktəb yüksək nəticələr əldə etdi. İstər Azərbaycanın, istərsə də muxtar respublikanın bütün rayonlarından bu təhsil ocağına axın başladı. Özü də müharibədən sonrakı dövrdə valideyn himayəsindən məhrum olmuş və imkansız ailələrin uşaqları məktəbdə oxumaq hüququ əldə etdilər.
1964-cü ildə Ordubad şəhərində internat məktəb üçün yeni 420 yerlik məktəb binası, 300 yerlik yataqxana korpusu inşa edildi. Yeni məktəbin tikintisində müəllim-şagird kollektivi də fəallıq göstərirdi. Ordubad şəhərinin cənub-şərqində İrəvan-Mehri yolunun üzərində inşa edilən bu məktəb həmin ilin sentyabrından 340 nəfər şagird kollektivi ilə fəaliyyətini davam etdirdi.
Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra ulu öndərin hakimiyyətə qayıdışı ilə ölkə təhsili də yüksək inkişaf mərhələsinə qədəm qoydu. Regionların sosial- iqtisadi inkişafı xətti ilə Azərbaycanda inşa olunan yeni məktəblər sırasına Ordubad internat məktəbi də əlavə olundu. 2006-cı ilin dekabrın 21-də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin xeyir-duası ilə internat məktəb tamamilə yeniləşərək ikinci intibah dövrünü yaşamağa başladı. Bir neçə il bundan qabaq isə məktəbimiz Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin tapşırığı ilə əsaslı surətdə təmir edildi.
Müasir tələblərə cavab verən bu təhsil ocağı dünyanın sivil dövlətlərinin məktəblərindən geri qalmır. Məktəbdə bütün lazımi avadanlıqla təchiz olunmuş fizika, kimya laboratoriyaları, ən son model 20 dəst kompüterlə təmin olunmuş sinif, 3 elektron lövhəli sinif, şagirdlərin normal yaşaması üçün 134 yerlik yataqxana korpusu, 120 nəfərlik müasir yeməkxana, 434 şagird yerlik tədris korpusu mövcuddur. Kömpüter sinfi internet şəbəkəsinə qoşulmuş və məktəbin I-XI siniflərinin informatika dərsləri burada keçirilir. Məktəbdə hər 20 şagirdə 1 kompüter düşür. Burada, həmçinin yüksək səviyyədə təşkil olunmuş hərbi kabinə, əmək kabineti şagirdlərin vətəndaş kimi formalaşmasında mühüm rol oynayır.
Yeni qapalı məktəb kompleksinin sahəsi 2,2 hektardır. Təhsil ocağının daxilində və ətrafında xüsusi geniş gül-çiçək və meyvə bağları vardır. Məktəb tam şəkildə artezian suyu ilə təmin olunmuşdur.
Öz tarixi ənənəsinə sadiq qalan internat məktəbinin idman komandaları istər rayon, istərsə də muxtar respublika birinciliklərində layiqincə iştirak edirlər. Son 10 ilin bütün yarışlarında məktəbin idmançıları rayon birinciliklərində mükafata layiq I və II yerləri tutmuşlar.
Vətənpərvərlik ənənələrinə sadiq qalan internat məktəbi hərbi işə həmişə ciddi fikir vermişdir. Məktəbin hərbi rəhbəri, ehtiyatda olan zabit Yusif Məmmədovun gərgin əməyi nəticəsində həm “Şahin”, həm də “Sərhəd” komandalarımız həmişə yüksək nəticələr göstərmiş və Ordubad rayonunu respublikada layiqincə təmsil etmişlər. Məktəbin hərbi komandası “Sərhəd” hərbi idman oyunlarında 2015-ci ildə respublika birincisi olmuşdur. Bunun sübutudur ki, hazırda məktəbin 6 məzunu Sərhəd Xidməti Akademiyasında, 2 məzunu Milli Aviasiya Akademiyasında, 17 şagirdi Heydər Əliyev adına Hərbi Liseydə təhsil alır.
Bu gün məktəbdə 71 müəllim tərbiyəçi və 57 nəfər texniki personal şagirdlərə xidmət edir. Məktəbdə çamaşırxana, hamam, dərzi, bərbər, ayaqqabı təmiri otaqları, bufet, üstüaçıq yaşıl meydança və idman zalı gənc nəslin sağlam böyüməsində mühüm rol oynayır. Məktəbdə quraşdırılmış mərkəzləşdirilmiş qazanxana ilin bütün fəsillərində bütün otaqları (laboratoriyaları) isti su ilə təmin edir. Kəskin kontinental iqlimə malik olan Naxçıvanda başqa məktəblər kimi internat məktəbdə də istilik probleminə birdəfəlik son qoyulmuşdur.
Məktəbin texniki personalları da öz işçilərinə məsuliyyətlə yanaşır. Xüsusən tibb bacısı, yeməkxana işçiləri, gecə tərbiyəçiləri və dayələr fədakarlıq göstərirlər. Çünki məktəbdə gecələyən şagirdlərin sağlam, təhlükəsiz və rahat yaşaması bilavasitə onların işindən asılıdır.
İnternat məktəbinə muxtar respublikanın rəhbəri tərəfindən daim diqqət və qayğı var. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin tapşırığı ilə Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ordubad Rayon İcra Hakimiyyəti və Ordubad Rayon Təhsil Şöbəsinin rəhbərləri hər zaman məktəbə qayğı göstərir, bütün bayram və əlamətdar günlərdə məktəbin qonağı olur, burada yaşayan uşaqlara öz diqqət və qayğılarını əsirgəmirlər. 2017-2018-ci tədris ili açılandan qısa müddətdə adıçəkilən nazirlik və təşkilatlar dəfələrlə məktəbdə gecələyən uşaqlara məktəbli geyim dəsti və dərs ləvazimatları ilə dolu məktəbli çantaları hədiyyə etmişlər.
Son iki ildə ali məktəblərə tələbə qəbulunda Ordubad internat məktəbi öncül yerdə olmuşdur. Məktəbi bitirən məzunların çoxu tələbə adına layiq görülmüşdür.
Belə ki, 2014-2015-ci tədris ilində qəbul faizi 92 faiz olub. Məktəbi bitirən 13 şagirddən 12-si tələbə adını qazanmış və respublikamızın müxtəlif öncül ali məktəblərinə qəbul olunmuşdur. Bu məzunlardan 5 nəfəri 500-700 bal intervalında bal toplamış və Ali Məclis sədrinin mükafatına layiq görülmüşdür. 2015-2016-cı tədris ilində qəbul faizi 72 faiz olub. Məktəbi bitirən 11 məzundan 8 nəfəri ali məktəbə, 1 nəfəri tibb kollecinə daxil olmuşdur. Bu il isə məktəbi bitirən 17 məzundan 14 nəfəri ali məktəblərə, 1 nəfər tibb kollecinə, 1 nəfər isə Sərhəd Akademiyasına qəbul olunub. Tələbə adını qazananlardan 4 nəfəri isə 500-700 arası bal toplamağa müvəffəq olub. Doqquzillik bazadan isə orta ixtisas məktəblərinə sənəd verənlərin 10 nəfəri keçirilən imtahanlardan uğurla çıxıb.
M.Füzuli adına internat tam orta məktəbi 2008-ci ildə respublikada “İlin ən yaxşı məktəbi” müsabiqəsinin qaliblərindən biri olmuşdur. Ötən illər ərzində məktəbin ədəbiyyat müəllimi Rəhimə Ramazanova ölkə Prezidenti İlham Əliyevin fərmanı ilə “Tərəqqi” medalına, baş tərbiyəçi Mehman Vəlibəyov “Azərbaycan Respublikasının Əməkdar müəllimi” fəxri adına, ibtidai sinif müəllimi Nərgiz Həsənəliyeva və ibtidai sinif müəllimi Tahirə Rzayeva “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi” fəxri adına layiq görülmüşlər.
Bütün bu mükafatlar kollektivi daha da sevindirir. Muxtar respublika rəhbərinin diqqət və qayğısını dərindən hiss edən məktəb rəhbərliyi və bütün kollektiv daha səylə çalışır, məktəbin fəaliyyətini günün tələblərinə uyğun qurmağa cəhd edir .
Musa AĞAYEV,
Məhəmməd Füzuli adına
Ordubad şəhər internat tam orta məktəbinin direktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.