Azərbaycanda metallurgiya və metalşünaslıq sahəsində aparılan işlərə dünya alimləri böyük maraq göstərirlər

Noyabrın 28-də Azərbaycan Texniki Universitetində (AzTU) metallurgiya və metalşünaslıq kafedrasının yaradılmasının 50 illiyinə həsr olunmuş “Metallurgiya və metalşünaslığın problemləri” mövzusunda ikinci beynəlxalq elmi-texniki konfrans öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, AzTU-nun və “Baku Steel Company” MMC-nin birgə təşkilatçılığı ilə keçirilən konfransda metallurgiya və materialşünaslığın problemləri ilə məşğul olan elmi-tədqiqat və ali təhsil müəssisələrinin, dövlət və özəl qurumların, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin universitetin foyesindəki büstü önünə gül dəstələri düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.

Konfransın plenar iclasında AzTU-nun rektoru vəzifəsini icra edən Xalıq Yahudov bildirib ki, Azərbaycanda metallurgiya sənayesinin təşəkkül tapmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Prezident İlham Əliyevin bu sahənin inkişafı istiqamətində atdığı addımları xüsusi qeyd edən X.Yahudov ölkəmizdə qeyri-neft sektorunun, o cümlədən metallurgiya və maşınqayırma kompleksinin inkişafı üçün böyük əhəmiyyət daşıyan Strateji Yol xəritələrinin mahiyyətindən danışıb. Vurğulanıb ki, Strateji Yol xəritələrində texniki ali təhsilin, həmçinin sənaye komplekslərinin, xüsusilə metallurgiya sahəsinin sürətli və davamlı inkişafı üçün konkret hədəflər və mexanizm göstərilib. Bu hədəflərə çatmaq üçün konfransın müstəsna əhəmiyyətə malik olduğunu deyən X.Yahudov diqqətə çatdırıb ki, tədbirdə Azərbaycan ilə yanaşı, Türkiyə, Almaniya, Yaponiya, Fransa, Rusiya, Ukrayna, Belarus və digər ölkələrdən alimlər iştirak edirlər. Müxtəlif ölkələrdən və Azərbaycandan konfransa qatılan 350-dən çox müəllifin beş bölmə üzrə 200-dək məruzəsi dinləniləcək.

Təhsil Nazirliyinin sektor müdiri Sülhəddin Gözəlov qeyd edib ki, ali təhsil müəssisələrimizdə, xüsusilə AzTU-da texniki ali təhsilin inkişafı, nəzəri biliklərin təcrübəyə tətbiqi istiqamətində ardıcıl və planlı işlər həyata keçirilir. Mövzunun aktuallığı baxımından tədbirin Təhsil Nazirliyinin diqqət mərkəzində olduğunu deyən S.Gözəlov konfransın işinə uğurlar arzulayıb.

Sonra AzTU-nun metallurgiya və metalşünaslıq kafedrasının müdiri, professor Sübhan Namazovun “Metallurgiya: mövcud vəziyyət, yeni çağırışlar və hədəflər”, “Baku Steel Company” MMC-nin baş direktorunun istehsalat üzrə birinci müavini Ramin Kərimovun “Yerli xammaldan istifadə etməklə polad təbəqələrin istehsal komplekslərinin yaradılması” mövzularında məruzələri dinlənilib.

Daha sonra konfransa online rejimdə qatılan Rusiya Cənubi Ural Dövlət Universitetinin elmi işlər üzrə prorektoru A.Dyakonov Azərbaycanda metallurgiya sahəsində aparılan işlərə rusiyalı alimlərin böyük maraq göstərdiklərini deyib.

Ukraynanın “Vinimetmaj” ASC-nin şöbə müdiri S.Şahov Azərbaycanda metallurgiya sahəsində sürətli inkişaf tendensiyasının müşahidə olunduğunu vurğulayıb.

Rumıniyanın Babeş-Bolyai Universitetinin kimya və mühəndislik fakültəsi dekanının müavini, Cülyetta Daniela Çelaru diqqətə çatdırıb ki, ölkəsində azərbaycanlı alimlərinin metallurgiya və metalşünaslıq elmi üzrə bilikləri öyrənilir, müvafiq sahədə Azərbaycanda aparılan araşdırmalar yaxından izlənilir.

Konfrans işini “Metallurgiyada mütərəqqi texnologiyalar”, “Materialşünaslıq, nano və kompozisiya materialları”, “Materiallar texnologiyası”, “Maşınqayırmada innovativ texnologiyalar” və “Metallurgiyada menecment və ekologiya” bölmələrində iclaslarla davam etdirib.

Metallurgiya və metalşünaslığın aktual problemlərini müzakirə etmək və beynəlxalq miqyasda bu sahədə aparılan elmi-tədqiqat işlərini ümumiləşdirmək məqsədilə keçirilən konfrans noyabrın 30-dək davam edəcək.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında