Lütfi Zadə - 90. Dünya elminin Azərbaycan zirvəsi

{nl}

Çağdaş elm korifeyi, Amerika Birləşmiş Ştatlarında yaşayıb-çalışan, dünyada Lütfi Zadə adı ilə tanınan soydaşımız Lütfi Rəhim oğlu Ələsgərzadənin anadan olmasının 90 illiyi beynəlxalq elmi-mədəni aləmdə əlamətdar hadisə kimi qeyd olunur.
Dünya elminin zirvəsinə yüksəlmiş, öz nəzəriyyələri ilə texnoloji inqilab yaratmış bu elm fenomeni 4 fevral 1921-ci ildə Bakıda dünyaya göz açmışdır. İbtidai təhsilini bu şəhərdəki 16 saylı məktəbdə almış Lütfi ötən əsrin 30-cu illərində ailəsi ilə İrana köçmüş, təhsilini Tehrandakı ingilis təmayüllü kollecdə davam etdirmişdir. Həmyerlimiz 1942-ci ildə Tehran Universitetinin mühəndis-elektrik fakültəsini bitirdikdən sonra ABŞ-a getmişdir. O, 1946-cı ildə Massaçuset Texnologiya İnstitutunu bitirmiş, 1949-cu ildə Nyu-York Kolumbiya Universitetində doktorluq dissertasiyası müdafiə edərək bu şöhrətli elm-təhsil mərkəzinin professoru olmuşdur. Lütfi Zadə 1959-cu ildən ABŞ-ın Berkli şəhərindəki Kaliforniya Universitetində çalışmış, dünya elminin zirvəsinə burada apardığı axtarışlarla çatmışdır.
Lütfi Zadənin adı artıq neçə onildir ki, dünya elmində yeniliklər yaratmış Aristotel, İbn Sina, Nəsrəddin Tusi, Nyuton, Eynşteyn kimi korifeylərlə yanaşı çəkilir. Çağdaş elmi-texniki zirvə şəriksiz olaraq Lütfi Zadənin adı ilə mənalandırılır. Onun nəzəriyyələri dünyanın texnoloji mənzərəsini, sənayenin müasir tətbiqi yönlərini əsaslı surətdə dəyişdirir. Dünya onu dəyərləndirir, ondan faydalanır. Bu misilsiz şöhrət və populyarlıqdan Lütfi Zadə bioqrafiyasının mühüm faktı olan onun dünyaya göz açdığı Azərbaycana və Bakıya, soy-kökünün qaynaqlandığı xalqımıza da könül dolusu pay düşür.
İki il əvvəl doğulduğu şəhərin ziyarətinə gəlmiş elm nəhəngi böyük səmimiyyətlə bildirmişdi ki, Bakı həmişə onun qəlbində unudulmaz, işıqlı xatirələrlə yaşamış, Azərbaycan adı hər yerdə doğma duyğularla qəlbinə hərarət gətirmişdir.
Azərbaycan da öz dahi övladının xoş sorağını aldığı vaxtlardan onunla öyünmüş, sevgi və sayğılarını əskik etməmişdir. Artıq neçə illərdir ki, Azərbaycan kibernetiki, akademik Rafiq Əliyev dahi Lütfi Zadə ilə çiyin-çiyinə çalışır, onu canlı bir körpü və elmi varis kimi Vətənlə bağlayır. Bu körpü dünya şöhrətli soydaşımızı Azərbaycana, ölkəmizi isə ona bir daha yaxınlaşdırmış, doğmalaşdırmışdır. Yazıçı-publisist Möhbəddin Səmədin "Dünya dahilərsiz yaşaya bilmir" kitabı, jurnalist Ülkər Hüseynovanın Lütfi Zadənin həyat yoldaşı Faina xanımın Azərbaycan dilinə çevirib Bakıda nəşr etdirdiyi xatirələri dahi həmyerlimizi öz vətənində daha geniş tanıtmış və sevdirmişdir. "Azərbaycantelefilm" Möhbəddin Səmədin ssenarisi və Oqtay Babazadənin rejissorluğu ilə dördseriyalı sənədli film çəkmişdir. Lütfi Zadənin həyat və fəaliyyəti, bitib-tükənməyən uğurları ölkəmizin elmi-mədəni dairələrində daim izlənilir, öyrənilir, örnəyə çevrilir.
Lütfi Zadə ilə dəfələrlə görüşmüş, sıx təmasda olmuş həmkarımız Möhbəddin Səməd 90 yaşlı elm korifeyi barədə təəssüratını belə ifadə etdi:
- Bu gün haqlı olaraq, Azərbaycan xalqı Lütfi Zadəni məmləkətimizin adını dünyaca ucaltmış misilsiz bir soydaşımız kimi sevir, onunla öyünür. XIII əsr Azərbaycan dahisi Nəsrəddin Tusidən sonra ikinci bir azərbaycanlı olaraq, Lütfi Zadə dünya elminə tarixi yeniliklər gətirmişdir. Bu bənzərsiz zəka sahibini bəşəriyyətə məhz Azərbaycan bəxş etmişdir. Onun elmi kəşfləri dünyanın hər yerində, hamıya fayda, qazanc gətirir. Lakin Lütfi Zadə bu zirvəyə asanlıqla çatmamışdır. O, elmi yüksəliş yollarında irəliləyərkən hədsiz məişət çətinlikləri yaşamış, bir sıra maneələrlə üzləşmişdir. Nəhayət, ciddi elmi araşdırmalar nəticəsində 1965-ci ildə onun "qeyri-səlis məntiq nəzəriyyəsi" meydana gəlmişdir.
Misilsiz elmi əhəmiyyətə malik bu nəzəriyyə Amerika elm ictimaiyyəti tərəfindən heç də birmənalı qarşılanmamışdır. Ona hücumlar olmuş, hətta 1989-cu ildə ABŞ-ın Milli Elm Cəmiyyəti Lütfi Zadənin qeyri-səlis məntiqə aid dərsliklərinin elmi kitabxanalardan yığışdırılması, müsadirə edilməsi, "yalançı elm" olduğu üçün tədris proqramlarından çıxarılması məsələsini ortaya atmışdı. Yaxşı ki, Amerika Milli Elm Cəmiyyəti tərəfindən həyata keçirilən bu "təmizləmə" əməliyyatı alınmamışdır. Çünki artıq professor Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi öz praktiki bəhrəsini verməyə başlamışdı. Bu nəzəriyyə ilkin olaraq dünya informasiya texnologiyalarında çox ciddi dəyişikliklərə səbəb olmuş, diqqəti çəkən irəliləyişlər yaratmışdır. Həmin səbəbdən də başabəla elm məmurları bu yeni riyazi fənnin və onun tətbiqinin inkişafını dayandıra bilməmişlər. Professor Lütfi Zadənin bu elmi nəzəriyyəsi Gündoğar ölkə adlandırdığımız Yaponiyanın nəhəng sənaye və elektron şirkətlərində geniş tətbiqini tapmışdır.
Professor Lütfi Zadə qeyri-səlis məntiq nəzəriyyəsi ilə dünya şöhrəti qazandı və yeni riyaziyyatın əsasını qoydu. Bununla da həm dəqiq, həm də ictimai elmlərdə dərin iz buraxdı, onlara yeni yanaşma üsullarını yaratdı. Lütfi Zadə qeyri-səlis məntiq nəzəriyyənin kökündə duran modeli əsaslı surətdə həyata yaxınlaşdırdı, reallığa körpü saldı. Hazırda müasir sənayenin bir çox sahələri qeyri-səlis məntiq nəzəriyyəsi üzərində qurulmuşdur. Müasir kompyuter, paltaryuyan maşın, fotoaparatlar və s. qeyri-səlis məntiq nəzəriyyəsi əsasında hazırlanır və istehsalçılara milyardlarla dollar gəlir gətirir.
Bir ömürdə 6-7 elmi nəzəriyyə irəli sürən və dünya elmində çevriliş yaradan professor Lütfi Zadə XX və XXI əsrlərin elm nəhəngidir. Müqayisə həmişə xatalıdır, ancaq bununla yanaşı, daha anlaşıqlıdır. Fikir verin, Albert Eynşteyn fizikada inqilab etdi və özünə kimi Nyuton mexanikasının hər şeyə qadir olduğu fikrini aradan qaldırdı. Nəticədə, bu və ya digər elmi nəzəriyyələrin və ideyaların işləmə sərhədləri müəyyən edildi. Aydın oldu ki, bu sərhədə kimi Nyuton mexanikası - yəni klassik mexanika işləyir. Amma bundan sonra yüksək sürətlər mexanikası, Eynşteyn nəzəriyyəsi işləməlidir.
Lütfi Zadə 1965-ci ildə qeyri-səlis məntiq nəzəriyyəsini təklif etməklə Aristotelin binar məntiqinin çərçivəsini yaxşı mənada dağıtdı, genişləndirdi. Riyaziyyatı ikiləşdirdi. Bu gün dünya universitetlərində iki riyaziyyat öyrənilir: klassik riyaziyyat, Zadə riyaziyyatı. Artıq bu sübuta ehtiyacı olmayan bir həqiqətdir: riyaziyyat dəyişəndə elmin dili və ona yanaşmalar da dəyişir. Lütfi Zadə də gözümüzün qarşısında fizikanı, kimyanı, təbiət elmlərinin əksəriyyətini dəyişdi və bu dəyişmələr onların sərhədlərini genişləndirdi.
Bu günlərdə 90 yaşı tamam olan Lütfi Zadə indi bir addım da irəli getməyi təklif edir: ikiqat qeyri-müəyyənlik. Yəni ehtimalla qeyri-səlisliyi birləşdirmək, ikiqat qeyri-müəyyənliyi nəzərə almaq və reallığa bir addlım da yaxınlaşmaq. Xatırladaq ki, bu elmi ideya ətrafında bir vaxtlar Albert Eynşteyn də baş sındırmışdı. Hətta ölümündən bir neçə saat əvvəl o, "imkanlar nəzəriyyəsi" ifadəsini işlətmişdi. Bu elə qeyri-səlis məntiqdir ki, indi onun bazasında ikiqat qeyri-müəyyənlik bərqərar olur.
Lütfi Zadə elmi bəşəriyyətin inkişafına, insanların rahatlığına, rifah halını yaxşılaşdırmağa xidmət edən ideya və kəşflərdir. Elə bunun nəticəsidir ki, indi dünyanın ən məşhur aparıcı şirkət və firmaları Lütfi Zadə nəzəriyyələrinə, elmi ideyalarına dayaqlanır. Hamımızın yaxşı tanıdığı "Hitaçi", "Matsusita", "Mitsubişi", "Şarp", "Toşiba", "Omron", "Sanyo", "Sony-Trintron", "Daevoo", "Qoldstar" (LC), "Samsung", "Heq", "Honda", "Ceneral motors", "Ceneral elektrik", "Motorolla", "DuPant", "Kodak" və s. dünyanın tanınmış sənaye şirkətləri bu dahi alimin elmi nəzəriyyələrindən bəhrələnərək, sıçrayışla inkişaf edir və böyük iqtisadi səmərəyə nail olur.
Professor Lütfi Zadə yaşının bu müdrik çağında da məhsuldar işləyir. O, NASA-nın və NATO-nun aparıcı mütəxəssisidir. Həmişə olduğu kimi, yenə də tez-tez dünyanın müxtəlif ölkələrində qeyri-səlis məntiq nəzəriyyəsi ilə əlaqədar keçirilən konfranslara qatılır. Bu konfranslara sədrlik edib onları yeni elmi istiqamətlərə yönəldir. Bununla paralel yaşadığı Berkli şəhərində öz adına olan "İnstitute Zadeh-ZİFT" informasiya texnologiyaları institutuna başçılıq edir. Lütfi Zadə alman alimi Maks Plankdan sonra dünyada ikinci alimdir ki, hələ sağlığında həm özünün, həm də nəzəriyyəsinin adını daşıyan elmi mərkəz var.
Sonda Möhbəddin Səməd dedi:
- Mükafatlara o qədər də meyilli olmayan dahi alimin aldığı mükafatlar yetərincədir. O, müxtəlif vaxtlarda Yaponiyanın elmə ayırdığı ən nüfuzlu "Honda" və "Okaha" mükafatlarını almış, bir vaxtlar idarəetmə sahəsinə əvəzsiz elmi töhfələr bəxş etmiş və İEEE-nin fəxri qızıl medalına layiq görülmüş dörd nəfərin (Harri Niquist, Riçard Belman, Rudolf Kalman və Karl Astrom) sırasına daxil edilmişdir. O, İEEE-nin, AAAC-ın, ASM-nin, AAAY-nin üzvü seçilmiş, "Qriqor Moisil", "Rudolf Oldenburqer", "Riçord V.Hamminq", "Kemne de Feriye" və onlarca başqa qızıl medal və fəxri nişanlara layiq görülmüşdür. Bununla yanaşı, ABŞ Milli Mühəndislik Akademiyasının, Rusiya Təbiət Elmləri Akademiyasının üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri akademiki seçilmişdir.
Həmyerlimizin dediklərinə onu da əlavə edək ki, dünya elminin yüksək mərtəbəsində mötəbər yer tutan Azərbaycan övladı Lütfi Zadə ömrün də zirvəsinə yüksəlmişdir. Bəşəriyyətə təmənnasız xidmət eşqi, məxsus olduğu xalqın ali dəyərlərinə sadiqlik həyatda ona güc-qüvvət vermiş, uğurlarına özül olmuşdur. Lütfi Zadə fenomeni bu gün xalqımızın tarixən seçilən keyfiyyətlərini dərin zəka və uzunömürlüyü bütün dünyaya nümayiş etdirir. Haqlı olaraq deyirlər ki, belə insanlar min ildə bir dəfə doğulurlar. Xalqımız xoşbəxtdir ki, onun Lütfi Zadə kimi belə qüdrətli, bəşəriyyətə xidmət edən yetirmələri olub və var. Bu gün dünya elminin Lütfi Zadə zirvəsi Azərbaycanı ləyaqətlə tanıdır, xalqımıza qürur, şöhrət gətirir. Bu günlər Azərbaycanın hər yerindən eşidilən tərif və təbriklərdə 90 yaşlı soydaşımıza xalqımıza gətirdiyi başucalığı ilə bağlı minnətdarlıq ifadə olunur, ona möhkəm cansağlığı, yeni elmi uğurlar arzulanır.
Yaşa, çox yaşa, ey dünya elminin uca nöqtəsində dayanan 90 yaşlı Lütfi Zadə - Lütfi Rəhim oğlu Ələsgərzadə!

{nl}

Tahir AYDINOĞLU, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında