Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qaradağ rayonunun Çeyildağ qəsəbəsində yeni məktəb binası istifadəyə verilmişdir

Fevralın 4-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qaradağ rayonunun Çeyildağ qəsəbəsində yeni məktəb binası istifadəyə verilmişdir.
Şəhid Səyavuş Muradov adına 224 nömrəli məktəbin yeni binasının açılış mərasimində Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, məktəbin müəllim və şagird kollektivləri, qəsəbə sakinləri iştirak etmişlər.
Məktəbin direktoru Nüsrət Hüseynov Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın bilavasitə diqqəti və qayğısı ilə ölkədə yeni elm, təhsil, səhiyyə, mədəniyyət mərkəzlərinin istifadəyə verilməsinin artıq ənənəyə çevrildiyini qeyd etmişdir. Bildirilmişdir ki, rayon mərkəzindən 70 kilometr məsafədə yerləşən Çeyildağ qəsəbəsində ən müasir tələblərə cavab verən məktəbin inşası Mehriban xanım Əliyevanın qəsəbə sakinlərinə bilavasitə diqqət və qayğısının bariz nümunəsidir.
Qeyd edilmişdir ki, 137 şagirdin təhsil aldığı, 12 müəllimin çalışdığı 224 nömrəli orta məktəbin yerləşdiyi əvvəlki bina ötən əsrin 40-cı illərində tikilmiş, sonradan məktəb üçün uyğunlaşdırılmış fin otaqlardan ibarət idi. Fondun təşəbbüsü ilə inşa olunmuş, ən müasir tələblərə cavab verən məktəb 180 şagird üçün nəzərdə tutulmuşdur. Məktəbdə 9 sinif otağı, o cümlədən kimya və fizika fənləri üzrə kabinetlər, kompyuter otağı, laboratoriya, Azərbaycan ədəbiyyatının, tarixinin, mədəniyyətinin əks olunduğu kitablardan ibarət müasir kitabxana vardır. Məktəbin foyesində yaradılmış stenddə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin mənalı ömrü və zəngin fəaliyyəti əks olunmuşdur.
Bildirilmişdir ki, məktəbin həyətində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş Səyavuş Muradovun büstü ucaldılmış, şagirdlərin istirahəti üçün futbol və basketbol meydançası inşa olunmuşdur.
Müasir istilik sistemi ilə təchiz edilmiş məktəbin qazanxanası, 25 tonluq su çəni vardır. Həyətyanı sahədə abadlıq işləri aparılmış, asfalt salınmış, ağaclar əkilmişdir.
Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın salamlarını və təbriklərini qəsəbə sakinlərinə, məktəbin müəllimlərinə və şagirdlərinə çatdırmışdır. Bildirmişdir ki, fond yarandığı gündən etibarən Azərbaycanda uşaq evlərinin, internat məktəblərinin, səhiyyə, təhsil ocaqlarının bərpası və tikintisi, eləcə də uşaqların yeni biliklərə yiyələnməsi üçün dərnəklərin, muzeylərin inşası baxımından mühüm tədbirlər həyata keçirir. Fondun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində indiyədək ölkəmizdə 370 məktəb inşa olunmuşdur. Bu məktəblərdə 100 minədək şagird təhsil alır. Həmin layihə çərçivəsində inşa olunmuş bu məktəbdə şagirdlərin təlim-tərbiyəsinin yüksək səviyyədə təşkili üçün hər cür şərait yaradılmışdır. Ümid edirik ki, yeni məktəb şagirdlərin yüksək təhsilə yiyələnərək cəmiyyətimizin ən fəal üzvləri olmasına kömək edəcəkdir.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov da qəsəbə sakinlərini bu əlamətdar gün münasibətilə təbrik etmişdir.
Yeni məktəb binasının rəmzi açılışını bildirən lent kəsildikdən sonra mərasim iştirakçıları məktəbdə yaradılmış şəraitlə yaxından tanış olmuşlar.
Müəllimlərdən Ruqiyyə Şahverdiyeva, Aydın İsrafilov, məktəbin adını daşıdığı şəhid Səyavuş Muradovun anası Nailə Muradova, şagirdlər və sakinlər ucqar Çeyildağ qəsəbəsində bütün zəruri avadanlıqla təmin edilmiş yeni məktəbin istifadəyə verilməsini Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın qəsəbə sakinlərinə bilavasitə diqqət və qayğısının göstəricisi kimi qiymətləndirmiş, bu gözəl hədiyyəyə görə minnətdarlıqlarını bildirmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında