Son dövrlər müxtəlif elm sahələrinin daha da inkişafı üçün atılan addımlar Azərbaycan elminin dünyada tanınmasına, mütəxəssislərimizin ölkədəki elmi nailiyyətlərinin beynəlxalq aləmə çatdırılmasına yönəlib. Ayrı-ayrı elm adamlarının ölkəmizi müxtəlif beynəlxalq tədbirlərdə layiqincə təmsil etmələri, nüfuzlu elmi nəşrlərdə məqalələrlə çıxışları bu sahədə müəyyən qədər öz töhfəsini verir.
2009-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə elmin daha da inkişaf etdirilməsinə yönəlmiş sərəncamı bu sahənin yeni mərhələyə qədəm qoymasına təkan verdi. Bu baxımdan zəngin və qədim keçmişə malik Azərbaycan fəlsəfə tarixinin araşdırmaçıları qloballaşan dünyada gedən fəlsəfi cərəyanları daim öyrənir, tanınmış filosofların elmi fikirləri ilə daha yaxından tanış olurlar. AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda tanınmış əcnəbi filosoflarla alimlərimizin görüşlərini təşkil etmələri artıq ənənə halını alıb. Bu görüşlər Azərbaycanda fəlsəfə elminin inkişafına, alimlərimizin dünya fəlsəfəsinin müasir vəziyyəti ilə tanış olmalarına kömək edir. Bu dəfə isə institutun qonağı tanınmış amerikalı filosof, Dukuesne Universitetinin professoru Tom Rokmor oldu.
Konfransı giriş sözü ilə açan Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru İlham Məmmədzadə ölkəmizdə elmin müxtəlif sahələrində, o cümlədən fəlsəfə sahəsində nəzərəçarpan irəliləyişlər olduğunu bildirdi. Qeyd etdi ki, əcnəbi alimlərlə fikir mübadiləsi və elmlərarası dialoq alimlərimizin fəaliyyətinə öz müsbət təsirini göstərir. Alimlərimiz Avropa, eləcə də Şərq fəlsəfəsi ilə tanışdırlar. Bu dəfəki konfrans isə Amerika fəlsəfəsinin inkişaf dövrü, özəllikləri haqda məlumatlandırmaq baxımından bizim üçün əhəmiyyətlidir.
Amerikalı alim Tom Rokmor Bakıda həmkarları ilə görüşməkdən, onlarla fikir mübadiləsi aparmaqdan məmnun olduğunu vurğuladı. O, həmçinin Moskvada tədbirdə məşhur həmyerlimiz, qeyri-səlis məntiqin müəllifi Lütfi Zadə ilə görüşdüyünü qeyd etdi. T.Rokmor müasir Amerika fəlsəfəsində gedən proseslər, müxtəlif fəlsəfi cərəyanlar, qarşılıqlı əlaqələr barədə məruzə etdi. O, çıxışında daha çox naturalizmin müasir dünya fəlsəfəsindəki mövqeyindən söhbət açdı, Amerika fəlsəfəsinin özəlliklərindən, xüsusilə də naturalizm fəlsəfəsindən danışdı. Qeyd etdi ki, keçən əsrdə naturalizmin iki forması müstəqil şəkildə inkişaf edib. Onlardan biri Amerika praqmatizmi tərəfindən inkişaf etdirilib. Naturalizmin ikinci forması isə Anqlo-Amerika fəlsəfəsinin inkişafı nəticəsində meydana gəlib. Elmi proseslər harada qurtarırsa, reallıq oradan başlanır. Kantın elmdə olması özü bir reallıqdır. Düşünürəm ki, biz sadəcə, elm olan sahədə birləşməliyik. Praqmatizm də dünyada baş verən reallıqları öyrədir. Analitik naturalizm də fəlsəfədə mühüm yer tutur. Mən Kantın fikrinə diqqətinizi yönəltmək istəyirəm. Onun qənaətinə görə, hər hansı fikir təcrübədən irəli gələ bilməz. Ancaq ondan fərqli olaraq, naturalizm təcrübədən irəli gələ bilər. Kantın naturalizmi tənqid edən fikirləri də var. Təcrübədən irəli gələn bilik reallıqla uzlaşmalıdır.
Sonra mövzu ilə əlaqədar çıxışlar oldu. Fəlsəfə elmləri doktoru Zümrüd Quluzadə "Ümumvəhdət fəlsəfəsi və müasir elm: metodologiya axtarışında" mövzusunda çıxış etdi. O, keçən ilin mart ayında "Fəlsəfə ümümvəhdət və müasir elm kimi" mövzusunda elmi-praktik konfrans keçirildiyini və mövzu ilə bağlı maraqlı fikir mübadiləsi aparıldığını, müzakirələrin olduğunu qeyd etdi. Z. Quluzadə Amerika alimlərinin fəlsəfəyə yanaşma tərzinin onlar üçün maraqlı olduğunu vurğuladı. O, qonağın nəzərinə çatdırdı ki, Azərbaycan fəlsəfə tarixi ilə bağlı bir neçə cildlik kitabın çapı nəzərdə tutulub. Onun artıq iki cildi nəşr edilib. O, vurğuladı ki, bu nəşrlər amerikalı alim üçün ölkəmizin zəngin fəlsəfə tarixi ilə daha yaxından tanış olmasında əhəmiyyətli rol oynayacaq.
Daha sonra fəlsəfə elmləri doktoru Əli Abasov "Fəlsəfə elmdir, yoxsa...?" mövzusu ilə bağlı çıxış etdi. Bakı Dövlət Universitetinin professoru Şahlar Əsgərov pedaqogika üçün yeni paradiqma barədə məlumat verdi. O bildirdi ki, bu mövzuda da fəlsəfi mahiyyət olduğu üçün filosofların diqqətini çəkə bilər. Fəlsəfə elmləri doktoru Əbülhəsən Abbasov isə " Fənlərarası əlaqədə fəlsəfənin rolu" mövzusundan söhbət açdı. Müasir dövrdə fəlsəfənin müxtəlif fənlərarası əlaqədə əhəmiyyəti və vacibliyinə toxundu. Növbəti məruzə isə " Deterministik elm və fəlsəfə" mövzusunda oldu. Məruzəçi fəlsəfə elmləri doktoru Adil Əsədov fəlsəfə ilə deterministik elm anlayışlarının qarşılıqlı əlaqəsinə toxundu, onların mahiyyətini açıqladı. Konfransda sonuncu məruzə fəlsəfə elmləri doktoru Füzuli Qurbanovun tədqdimatında "Fəlsəfə və elm dialoq qarşısında " mövzusuna həsr edildi.
Çıxışçılar fəlsəfə elminin zənginliyini, müzakirə edilən mövzuların aktuallığını vurğuladılar. Məruzələrdən sonra institutun elmi əməkdaşları, eləcə də gənc filosoflar onları maraqlandıran məsələlərlə bağlı amerikalı alim Tom Rokmora suallar verdilər. Səmimi söhbət şəraitində keçən konfransda ABŞ filosofu azərbaycanlı həmkarlarını maraqlandıran sualları cavablandırdı.
Sonda çıxış edən institutun direktoru İ. Məmmədzadə müxtəlif ölkələrdən olan elm adamları ilə belə görüşlərin ənənə halını aldığını və fikir mübadiləsində əhəmiyyətli rol oynadığını qeyd etdi. Və bildirdi ki, bu cür silsilə görüş və konfranslar bundan sonra da davam edəcək.{nl}
Əfsanə BAYRAMQIZI, Rafiq SALMANOV (Foto), "Xalq qəzeti"
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.