Qafqaz regionuna həsr olunmuş ilk fundamental ensiklopediya

{nl}

Bu günlərdə Azərbaycan Respublikası təhsil nazirinin müavini, tarix elmləri doktoru, professor, əməkdar müəllim İradə Hüseynovanın "Qafqazın tarixi ensiklopediyası" adlı dəyərli əsəri, Bakıda "Çaşıoğlu" mətbəəsində nəfis şəkildə işıq üzü görüb.
Ensiklopedik nəşrlərin hazırlanması və nəşri hər bir xalqın mədəniyyətinin və elminin səviyyəsini müəyyən edən mühüm amillərdən biridir. Bu nəşrlərin yaradılması çox mürəkkəb və zəngin elmi informasiya bazasına söykənən, konkret fakt və hadisələr haqqında bitkin məlumatların toplusudur. Ensiklopediyalar tarixən kitabın bir tipi kimi formalaşmışdır. Universal və sahəvi, mövzu xarakterli ensiklopedik nəşrlər daha geniş yayılmışdır. Deməli, ensiklopediya yaratmaq bütövlükdə yazı və kitab mədəniyyətinin formalaşmasında bir mərhələni təşkil edir. Bəşər mədəniyyəti tarixinə çox qiymətli incilər bəxş etmiş Azərbaycan xalqının ensiklopediya nəşrlərı yaratmaq sahəsində zəngin təcrübəsi vardır.
Ensiklopediyaların informasiya bazasının mükəməlliyi və dolğunluğu, onların dünya kitabxanalarının soraq-biblioqrafik nəşrlər fondunun əsasını təşkil etməsinə gətirib çıxarmışdır. Təsadüfi deyildir ki, dünyanın məşhur kitabxanalarında bu tipli nəşrlər xüsusi şəraitdə mühafizə olunur və bir qayda olaraq, onların mütaliəsi kitabxana şəraitində mümkündür.
Bu günlərdə oxuculara təqdim olunan görkəmli alim, tarix elmləri doktoru, professor, Azərbaycan Respublikası təhsil nazirinin müavini, əməkdar müəllim İradə Hüseynovanın "Qafqazın tarixi ensiklopediyası" monumental əsəri məhz bu qəbildən olan nəşrlərdəndir və ensiklopediyalar haqqında qeyd etdiyimiz fikirləri bir daha tamamlayır.
İradə Hüseynovanın "Qafqazın tarixi ensiklopediyası" bəşər mədəniyyətinin ilk məskənlərindən biri olan Qafqaz regionuna həsr olunmuşdur. Bu soraq məlumat kitabı, bütövlükdə Qafqaz haqqında universal informasiya mənbəyidir və öz miqyası, tərtibatı metodikası, elmi informasiyaların sistemləşdirilməsi, ümumiləşdirilməsi və təqdim edilməsi metodikasının müvəfəqiyyətli həlli baxımından təqdir olunmağa layiqdir.
Oxucuların istifadəsinə verilən bu ensiklopediya Qafqaz regionunda qədim insan məskənlərində bu günümüzə qədər yaşayan etnos və xalqların tarixi barədə kompleks məlumat verən ilk universal mənbə kimi çox böyük elmi, siyasi və mədəni əhəmiyyətə malikdir.
Kitabın elmi redaktoru M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialının rektoru, filologiya elmləri doktoru, professor Nərgiz Paşayeva ensiklopediyaya ön söz yazmış və əsəri yüksək qiymətləndirərək onun milli elmə, eləcə də dünya elminə sanballı töhvə olduğunu xüsusi qeyd etmişdir.
İradə Hüseynovanın "Qafqazın tarixi ensiklopediyası"nın elmi redaktorlarından biri də tarix elmləri doktoru, professor Tofiq Vəliyevdir.
Təqdirəlayiq haldır ki, çox zəngin milli, siyasi, mədəni və etnik xüsusiyyətlərə malik olan Qafqaz xalqlarının tarixi inkişaf proseslərini kompleks şəkildə öyrənmək üçün mühüm əhəmiyyətə malik olan bu əsər Azərbaycan Milli Elmlər Akademiyasının hesabatında mühüm elmi nailiyyət kimi qeyd edilmişdir.
Təqdim olunan nəşrin elmi yenilyi ondan ibarətdir ki, ilk dəfə olaraq Qafqaz regionunda baş verən hadisələr kompleks şəkildə, onların vəhdəti və qarşılıqlı əlaqəsi konteksində konseptual baxımdan öz həllini tapmışdır.
Elə əsl, həqiqi tarixin də missiyası məhz ondan ibarətdir ki, bir sıra millətlərarası, etnik münaqişələrin obyektiv həllində, millətlərarası münasibətlərdə pozitiv meyillərin yaranmasında tolerantlığın formalaşmasında, cəmiyyətin demokratik və hüquqi əsaslarla möhkəmlənməsində, sosial iqtisadi sferada nailiyyətlərin əldə edilməsində mühüm rol oynasın.
Ensiklopediya faktların zənginliyi, ayrı-ayrı tarixi hadisə, fakt və proseslərə yeni baxışların ümumiləşdirilməsi, tarixi xronologiyanın mükəmməlliyi, Qafqaz xalqlarının etnogenezi, dövlətçiliyinin təkamülü konteksində materialların dürüst və dolğun təqdim edilməsi ilə də diqqəti cəlb edir.
Əsərdə dünyanın nadir tarixi və coğrafi arealı olan Qafqaz, onun xalqları və etnoslarının formalaşması prosesləri barədə qiymətli məlumatların verilməsi həm mütəxəssislər, həm də geniş oxucu kütləsi üçün çox maraq doğurur.
Milli Ensiklopediyanın direktoru Tofiq Nağıyevin fikrincə, "Qafqazın tarixi ensiklopediyası" son dərəcə qiymətli, nüfuzlu tarixi mənbə, tarix elminin inkşafı yolunda yeni uğurlu addımları təcəssüm etdirən stolüstü kitabdır. Təcrübəli tədqiqatçı alim, professor İradə Hüseynova Qafqaz xalqlarının təsərrüfat və mədəni həyatında, onların sosial-iqtisadi sistemində, dillərində, adət-ənənələrində tarixi inkşafın müxtəlif dövrlərində baş vermiş dəyişiklikləri təhlil etməyə müvəffəq olmuşdur.
Azərbaycan Dövlət Telegraf Agentliyinin - "AzərTac"-ın əsər haqqında verilmiş məlumatında göstərildiyi kimi, müəllif bu nəşrdə Qafqaz regionunun bütün tarixi inkşaf dövrünü əhatə edir. İstedadlı alim qədim tarixə geniş ekskurs edərək etnosların yaranması, onların qarşılıqlı münasibətləri, qarşılıqlı təsiri, mədəniyyətlərin bir-birinə nüfuz etməsi problemlərinə toxunur, konkret tarixi faktlar və hadisələr nümunəsində Qafqaz xalqlarının, çoxşaxəli həyatını işıqlandırır.
Yüksək milli, mənəvi-əxlaqi və ümumbəşəri dəyərləri əsas tutan müəllif müasir mərhələdə uğurlu daxili və xarici siyasət yeridən, dünya səhnəsində mehriban qonşuluq, əməkdaşlıq və tolerantlıq prinsiplərinə əsaslanaraq öz münasibətlərini quran Azərbaycanın lider mövqeyini şərtləndirmiş amilləri hərtərəfli və dərindən təhlil edir. O, tamamilə haqlı olaraq görkəmli dövlət xadimi və siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin yaradılmasında və möhkəmlənməsində müstəsna rol oynadığını göstərir.
Azərbaycan Prezidenti, Heydər Əliyev kursunun ləyaqətlə davam etdirən İlham Əliyevin ölçülüb-biçilmiş siyasəti və yorulmaz fəaliyyəti sayəsində respublikamız dünyanın inkşaf etmiş və Qafqazın lider dövlətlərindən birinə çevrilmişdir. Azərbaycan mühüm beynəlxalq və regional inteqrasiya proseslərinin təşəbbüsçüsü olmuş, təkcə öz xalqının deyil, bütövlükdə regionun rifah səviyyəsinin artmasını təmin etmişdir.
İradə Hüseynovanın "Qafqazın tarixi ensiklopediyası"nın əhəmiyyətini artıran amillərdən biri də Azərbaycan mədəniyyətinin, elminin, təhsilinin, incəsənətinin və bütövlükdə sosial sferada köklü dəyişikliklərin baş verməsi üçün böyük səy göstərən Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətinə mühüm yer ayrılmasıdır.
İradə Hüseynovanın "Qafqazın tarixi ensiklopediyası"nın informasiya tutumunun genişlənməsində əsərin sonunda "ərazi və demoqrafik məlumatlar", "Qafqaz regionu: tarixi hadisə və faktlarda", "Hadisə və terminlərin kataloqu"-nun verilməsinin oxucular üçün çox böyük əhəmiyyətinin olduğunu qeyd etmək lazımdır.
"Ərazi və demoqrafik məlumatlar" yardımçı aparatında Cənubi və Şimali Qafqazın respublikaları, onların ərazisi, əhalisi, paytaxtları haqqında müfəssəl məlumatların verilməsi Qafqaz regionunda olan dövlət və xalqlar haqqında oxuculara operativ informasiya əldə etməyə imkan verir.
İkinci köməkçi göstərici "Qafqaz regionu: tarixi hadisə və faktlarda" adlanır. Ensiklopediyanın dəyərini artıran bu bölmə çox böyük zəhmətin bəhrəsidir və Qafqazın ərazisində qədim dövrdən müasir dövrə qədər baş verən ən mühüm tarixi hadisə və faktlar üzrə sinxron cədvəl şəklində tərtib edilmişdir.
Ensiklopediyada diqqəti cəlb edən cəhətlərdən biri də "Hadisə və terminlərin kataloqu"dur. Bu kataloq iki hissədən ibarətdir. Birinci hissədə tarixi hadisə və faktların əlifba siyahısı verilmiş və onlar haqqında ensiklopediyanın hansı səhifəsində bəhs olunduğu qeyd edilmişdir. Təqdimatın bu forması ensiklopediyadan istifadəni asanlaşdırmaq üçün tərtib edilmişdir və ona müraciət edən mütəxəssislərin vaxt itkisinin qarşısını almağa xeyli kömək edəcəkdir.
Bu bölmənin ikinci hissəsi isə ensiklopediyada adı keçən tarixi-ictimai termin və anlayışların əlifba siyahısından ibarətdir. Bu yarımbölmə "Qafqazın tarixi ensiklopediyası" adlı nəşrin müasir elmi və məlumat ədəbiyyatının hazırlanmasında çox zəruri olan və təəssüf ki, az istifadə edilən köməkçi aparatdır. Onun ən mühüm əhəmiyyəti ondan ibarətdir ki, ensiklopediyanın termin və anlayış aparatının dairəsini müəyyən etməyə imkan verir. Mükəmməl tərtib olunmuş bu hissənin də ensiklopedik və digər bu tipli məlumat nəşrlərində istifadə edilməsini arzu etmək olar. Min səhifə həcmi olan "Qafqazın tarixi ensiklopediyası" zəngin informasiya bazası əsasında yaradılmışdır. Burada Azərbaycan, rus və ingilis dillərində 844 adda Qafqaz regionu haqqında qaynaq, o cümlədən siyasi, tarixi, elmi-metodoloji, mədəniyyət, təhsil, etnoqrafiya, beynəlxalq münasibətlər, beynəlxalq hüquq, ədəbiyyat, folklor, etnopsixologiya, konfliktologiya və digər sahə və problemlər üzrə zəngin mənbə və arxiv sənədlərindən, o cümlədən qiymətli, nadir xəritələrdlən geniş istifadə olunmuşdur. Bu da region haqqında ensiklopediya məlumat kitabının arxitekturasının mükəmməlliyini, elmi çəkisinin mötəbərliyini və obyektivliyini təmin etməyə imkan verir.
Müasir elmi, nəzəri, metodoloji və tarixi yanaşmanın yeni konsepsiyasına əsaslanan müəllif dünya düzənində və Qafqazda uğurlu siyasətin inkişafina böyük töhfələr vermiş ümummilli liderimiz Heydər Əliyevin əsərlərini ensiklopediyanın elmi aparatına daxil etmiş, bu da əsərin informasioloji və elmi dəyərini artımışdır. Təqdim olunan materiallar içərisində Azərbaycan mədəniyyətinin, elminin, təhsilinin, incəsənətinin, bütövlükdə cəmiyyətin sosial həyatının bütün sferalarının inkişafı üçün son illər böyük xidmətlər göstərmiş Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyətinə mühüm yer ayrılması da xüsusilə qeyd edilməlidir.
"Qafqazın tarixi ensiklopediyası" Qafqaz regionunun tarixi, etnoqrafiyası, mədəniyyəti, elmi, təhsili, regionda geosiyasi vəziyyəti, inkişaf meyillərini, region xalqlarının adət-ənənələri, folkloru, ədəbiyyatı, incəsənət ilə maraqlanan alim və mütəxəssislər və geniş oxucu auditoriyası üçün nəzərdə tutulması onu da arzulamağa imkan verir ki, bu sanballı əsərin müəllifi onu həm Azərbaycan, həm də ingilis dillərində nəşrinə də müvəffəq olacaqdır.
Digər bir arzumuz isə ensiklopediyanın çox böyük əhəmiyyətini nəzərə alaraq müvafiq icra hakimiyyəti orqanlarının 12 mindən çox kitabxanası olan respublikamızda bu nəşrdən ictimai istifadəni səmərəli təşkil etmək üçün tədbirlər həyata keçirməsi ilə bağlıdır. Nəşrə oxucuların böyük təlabatını nəzərə alaraq onun Mədəniyyət və Turizm Nazirliyi kitabxanalarına, Təhsil Nazirliyi sistemi kitabxanalarına, kitabxanası olan digər ali və icra hakimiyyəti orqanlarının kitabxanalarına göndərilməsi ölkə vətandaşlarının Qafqaz regionu haqqında biliklərini genişləndirər, onlarda bizim apardığımız ədalətli mübarizəyə inamı bir daha möhkəmləndirər və gənc nəslin Vətənə məhəbbət ruhunda tərbiyə olunmasına qiymətli töhfə ola bilər.
Müəllif ensiklopediyanın quruluşu haqqında yazır: "Ensiklopediyanın quruluşu bir-biri ilə məntiqi və qarşılıqlı əlaqədə olan bölmələrdən ibarətdir. Onlar əsas informasiya kütləsi, cədvəl formalı ümumiləşdirici materiallardan, tarixi-biblioqrafik mənbə bazası və həmçinin illüstrativ blokdan ibarət axtarış sistemindən ibarətdir".
Nəşrdə diqqəti cəlb edən əsas məsələlərdən biri də ondan ibarətdir ki, informasiyanın bir hissəsi Qafqaz xalqlarının tarixi keçmişində, müasir dövrdə böyük xidmətləri olan görkəmli dövlət xadimləri haqqında olan məlumatlardır.
Mübaliğəsiz söyləmək olar ki, "Qafqazın tarixi ensiklopediyası" əsər qiymətli tarixi mənbədir və onun müəllifi tarix elmləri doktoru, professor İradə xanım Hüseynovanın peşəkar tarixçi kimi böyük nailiyyəti, yaradıcılıq uğurudur.
Belə bir sanballı ensiklopediyanın Bakıda hazırlanması və nəşri Vətən tarixşünaslığında, Qafqazşünaslıqda, həm də dünya tarixşünaslığında mühüm hadisədir, eyni zamanda Qafqazın tarixinin öyrənilməsi sahəsində Azərbaycan tarix elminin regionda aparıcı mövqeyinin nümayişi və təsdiqidir.

{nl}

Abuzər XƏLƏFOV, BDU-nun kitabxanaşünaslıq kafedrasının müdiri, əməkdar elm xadimi, BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki, tarix elmləri doktoru, professor, Nadir İSMAYILOV, BDU-nun biblioqrafiyaşünaslıq kafedrasının müdiri, pedaqoji elmlər namizədi, dosent

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında