Təhsil işçilərinə dövlət təltifləri təqdim olunub

Dövlət təltiflərinə layiq görülən təhsil işçilərinə mükafatların təqdim olunması mərasimi keçirilib. Təhsil Nazirliyindən verilən xəbərdə bildirilir ki, tədbirdən əvvəl təhsil naziri Mikayıl Cabbarov, rəhbər təhsil işçiləri və dövlət təltiflərinə layiq görülən müəllimlər Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad edib, məzarları önünə gül dəstələri qoyublar.

Mərasimdə təhsil naziri Mikayıl Cabbarov çıxış edərək Prezident İlham Əliyevin sərəncamları ilə təhsilin inkişafındakı xidmətlərinə görə fəxri adlara layiq görülən təhsil işçilərini təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Nazir son illərdə dövlət başçısının rəhbərliyi ilə təhsil sahəsində həyata keçirilən islahatlardan danışıb, müəllimlərin əmək haqqının artırılması və peşə nüfuzunun qaldırılması ilə bağlı görülən tədbirlərin müsbət nəticələrin daha da yüksəlməsinə şərait yaratdığını nəzərə çatdırıb.

Müəllim əməyinin insanların həyatında, peşə fəaliyyətində böyük iz qoyduğunu qeyd edən təhsil naziri bildirib ki, müəllimlərin fəaliyyət sahəsi həm də təhsildə baş verən dəyişikliklərin əsas güc qaynağı və islahatların dinamikasını müəyyənləşdirən sferadır. Buraxılış və qəbul imtahanlarının nəticələrini, beynəlxalq olimpiadalarda əldə edilən uğurları, bir sıra digər istiqamətlər üzrə qazanılan nailiyyətləri diqqətə çatdıran nazir təhsil sahəsində müsbət tendensiyaların davam etdiyini deyib.

Mikayıl Cabbarov müstəqil Azərbaycan gəncinin dövlətçilik ideyalarına bağlı, milli təfəkkür daşıyıcısı kimi əsl vətəndaş olaraq yetişməsində müəllimin və məktəbin üzərinə düşən vəzifələri qeyd edib, vətəndaş tərbiyəsinin qarşıda duran əsas məqsəd olduğunu vurğulayıb.

Mərasimdə təltif olunan müəllimlər göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını bildirib, şagirdlərin hərtərəfli bilik və bacarıqlara malik şəxsiyyət kimi yetişdirilməsi işində yüksək əzmlə çalışacaqlarını qeyd ediblər.

Tədbirin sonunda təltif edilən təhsil işçilərinə medallar və vəsiqələr təqdim olunub.

Qeyd edək ki, Prezident İlham Əliyevin 3 oktyabr 2017-ci il tarixli sərəncamları ilə təhsilin inkişafındakı xidmətlərinə görə 58 nəfər “Tərəqqi” medalı ilə təltif edilib, 57 nəfər “Əməkdar müəllim”, 1 nəfər “Əməkdar mədəniyyət işçisi”, 1 nəfər “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adlarına, 1 nəfər “Azərbaycan Respublikasının fəxri diplomu”na, 1 nəfər isə “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü”nə layiq görülüb.

Samirə Əliyeva,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında