Azərbaycan–Polşa dostluğuna dəyərli töhfə

Bakı Slavyan Universitetində yazıçı-publisist Rövşən Ağayevin “Uzaq və yaxın Polşa” kitabının təqdimatı keçirilib.

Mərasimdə universitetin rəhbərliyi, professor-müəllim heyəti və tələbələri ilə yanaşı, elmi işlər üzrə prorektor, professor Rafiq Novruzov, Milli Məclisin deputatı Novruz Aslanov, “İRŞAD” İslam Araşdırmaları Mərkəzinin direktoru, fəlsəfə elmləri doktoru Rafiq Əliyev, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Müəllif Hüquqları Agentliyinin şöbə müdiri Natiq İsayev iştirak ediblər.

Tədbiri Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva açaraq, “Uzaq və yaxın Polşa” kitabının Azərbaycanla Polşa arasındakı dostluq və qardaşlıq əlaqələrinə dəyərli bir töhfə olduğunu bildirib. Xalqlarımız arasındakı münasibətlərin tarixindən, bugünündən ətraflı danışan N.Əliyeva publisist Rövşən Ağayevin adıçəkilən əsərində məhz həmin dostluğun tərənnüm olunduğunu vurğulayıb: “Sovet dönəmində biz birbaşa əlaqə saxlaya bilməsək də, Azərbaycan həmişə Polşanı özünə yaxın bilib. Bizim turistlər ən çox bu ölkəyə gedərdilər. Nəhəng imperiyanın süqutundan sonra birbaşa əlaqələrimiz bərpa olunub. Bakı Slavyan Universitetində Polşa Tədris-Mədəniyyət Mərkəzi fəaliyyət göstərir, Varşavanın Torn Universitetində Azərbaycan Mərkəzi gənclərə Azərbaycan dilini və ədəbiyyatını öyrədir. Bir sözlə, tarixi əlaqələr hazırki dövrdə də öz bəhrəsini verməkdədir”.

N.Əliyeva XIX əsrdə və XX əsrin əvvəllərində Azərbaycanın Polşa ilə siyasi, iqtisadi, hərbi və s. sahədə əlaqələrinin qurulmasında ayrı-ayrı şəxslərin mühüm rol oynadığını bildirib. O, bu sırada Abbasqulu ağa Bakıxanovun, İsmayıl bəy Qutqaşınlının adlarını çəkib. BSU rektoru bu əsərin Azərbaycan gənclərinin Polşanı tanımasında və sevməsində önəmli rol oynayacağını vurğulayıb.

“İRŞAD” İslam Araşdırmaları Mərkəzinin direktoru Rafiq Əliyev Polşa–Azərbaycan münasibətlərini xristian – islam vəhdəti kimi şərh edib. O, polyakların həmişə Azərbaycana öz doğma yanaşdıqlarını xatırladıb.

Şuşa Rayon İcra Hakimiy-yətinin başçısı Bayram Səfərov Azərbaycan–Polşa münasibətlərinin tarixini dostluq və qardaşlıq tarixi kimi dəyərləndirib. O, Azərbaycan ziyalılarının vaxtilə bu ölkəyə üz tutmasının səbəbini polşalıların “şərqlilərə” xoş münasibəti ilə əlaqələndirib. Çıxışının sonunda icra başçısı qeyd edib ki, kitabın Azərbaycan və polyak dillərinə tərcümə olunmasına tam dəstək verməyə hazırdır.

BSU-da polyak dilini tədris edən polşalı müəllim Pavel Frents onu maraqlandıran əksər sualların cavabını kitabda tapdığını vurğulayıb. Deyib ki, Azərbaycanda polyak dilinə göstərilən maraq, gənclərin bu dili yüksək səviyyədə mənimsəməsi mənə hər zaman maraqlı idi. Bu əsəri oxuduqdan sonra bir çox tarixi faktlarla rastlaşdım və məni maraqlandıran sualların cavabını burada tapdım.

Müəllif Hüquqları Agentliyinin şöbə müdiri Natiq İsayev çıxışında kitabın əlyazma variantının ilk oxucularından biri olduğunu deyərək bu əsərin yazıçının təxəyyülündən deyil, real insanların həyatından doğan tarixi faktlara söykəndiyini diqqətə çatdırıb. N.İsayev “Uzaq və yaxın Polşa”nın XIX əsrin əvvəllərindən XX əsrin əvvəllərinə qədər mühüm hadisələri əhatə edən dəyərli əsər olduğunu qeyd edib.

Milli Məclisin deputatı Novruz Aslanov da əsərin bədii və siyasi məziyyətlərindən danışıb. O, kitabın ciddi siyasi məzmuna malik olduğunu vurğulayıb.

Müəllif əsərinin ideyasının iki xalqın tarixən bir-birinə yaxın, doğma olmasını diqqətə çatdırmaq olduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycanın müstəqil dövlət olduğu indiki şəraitdə bu münasibətlərin öyrənilməsi son dərəcə vacibdir. Bu, bizim tariximizdir.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında