Bakı Slavyan Universitetinin beynəlxalq əlaqələri genişlənir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən Beynəlxalq Humanitar Forumda təhsilimizin uğurları və qarşıda duran vəzifələr barədə fikirlərini yekunlaşdıraraq bildirmişdi: “Ölkəmizdə təhsilin keyfiyyətinin artırılması üçün ardıcıl islahatlar aparılır. Hesab edirəm ki, biz yaxın gələcəkdə bu islahatların gözəl nəticələrini görəcəyik. Azərbaycan dövləti təhsilin inkişaf etmiş dünyanın təhsilinə inteqrasiyası üçün əlindən gələni edir. Gənclər dövlət vəsaiti hesabına dünyanın aparıcı ali məktəblərinə oxumağa göndərilir, dünyanın nüfuzlu ali məktəblərindən tanınmış alim və professorlar Azərbaycanın ali məktəblərində mühazirələr oxumağa gəlirlər. Biz bu inteqrasiya prosesini gələcəkdə də davam etdirməliyik”.

Son vaxtlar Bakı Slavyan Universiteti dünyanın bir sıra nüfuzlu ali məktəbləri ilə sıx əlaqələr qurmuş və hazırda onlarla təhsilin bütün sahələrində əməkdaşlıq etməkdədir. Bu gün Şərqi Avropanın əksər ölkələrində və keçmiş MDB məkanında Azərbaycan dilinin, mədəniyyətinin, elminin, təhsilinin, iqtisadi yüksəlişinin təbliği sahəsində BSU əvəzsiz xidmətlər göstərməkdədir. Dilimizin xarici ölkələrin ali məktəblərində BSU tərəfindən yaradılmış dil kurslarında və tədris-mədəniyyət mərkəzlərində əcnəbi tələbələrə öyrədilməsi də ənənə halını almışdır. Həmin mərkəzlərdə, eyni zamanda, Azərbaycanın nümunə olaraq dünyaya təqdim etdiyi iqtisadi və siyasi modellər, respublikamızın sürətli inkişafının və regionda aparıcı dövlət olmasının səbəbləri, perspektivləri araşdırılır, gənc alimlərin tədqiqat obyektinə çevrilir.

Beynəlxalq əlaqələrini ildən-ilə genişləndirən universitet, sözün həqiqi mənasında, bu gün ölkəmizin dünyaya inteqrasiyasında önəmli bir körpü rolunu oynayır. Universitetdə müxtəlif ölkələrin mədəniyyətini, dilini, tarixini, etnoqrafiyasını, ədəbiyyatını və s. öyrənən on bir mərkəz fəaliyyət göstərir ki, orada müvafiq olaraq dövlət başçıları, səfirlər, tanınmış ictimai və siyasi xadimlər azərbaycanlı tələbə gənclərlə görüşlər keçirmiş, onlara öz tövsiyələrini vermiş, xatirə kitablarına ürək sözlərini yazmışlar.

BSU-nun uğurlarından biri də hər il tələbə – müəllim mübadiləsini həyata keçirməsi, azərbaycanlı gənclərin xaricdə təhsilinə, əcnəbi tələbələrin BSU-da təhsillərini davam etdirmələrinə şərait yaradılmasıdır. Universitet müxtəlif beynəlxalq layihələr hesabına nüfuzlu əcnəbi alim və professorları BSU-ya dəvət edir, onların tələbələrimiz qarşısında mühazirələrini təşkil edir. Hazırda üç əcnəbi müəllimin universitet tələbələri qarşısında mühazirələr oxumağa dəvət olunması da bu tədbirlər sırasındadır. Məşhur Nikolay Kopernik adına Universitetin doktoranturaya qəbul şöbəsinin müdiri professor Donuta Pleçka, Adam Marşalek adına Mətbuat evinin prezidenti, professor Yoanna Marşalek və Almaniyanın Osvald fon Volkenştayn Cəmiyyətinin prezidenti, Vürsburq Universitetinin professoru Ziqlinde Hartmann hazırda Bakı Slavyan Universitetində dil, ədəbiyyat, mədəniyyət, tarix, etnoqrafiya və s. fənlər üzrə mühazirələr oxuyurlar. Tələbələr bu mühazirələrə xüsusi həvəslə gəlir, maraqlandıqları mövzu ətrafında müəllimlərlə diskussiya aparırlar. Müəllimlər artıq Polşa və Almaniyanın coğrafiyası, iqtisadiyyatı, siyasəti, mədəniyyəti , dili, ədəbiyyatı  və s. barədə bir neçə mühazirə oxuyublar. Ziqlinde xanım bizimlə söhbətdə BSU-nun Almaniya universitetləri ilə məhsuldar və davamlı əməkdaşlığı sayəsində bu təhsil ocağının diplomlarının ölkəsində tanındığını, tələbə və magistrantların transferi zamanı problem yaranmadığını bildirdi.

Yoanna Marşalek Polşanın “Adam Marşalek” adına məşhur Nəşriyyat Holdinqinin prezidenti Adam Marşalekin qızıdır. Qeyd edək ki, A. Marşalekin rəhbərliyi altında hazırda Polşada nəşriyyat evi, qəzet və iki elmi jurnal nəşr olunur. Polşa ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi məqsədilə adıçəkilən holdinqlə BSU arasında müqavilə imzalanmışdır. Müqaviləyə əsasən, Marşalek və Nikolay Kopernik adına Universitetin sabiq rektoru, professor, Andjey Rasminskinin təşəbbüsü ilə hər il BSU-nun beş tələbəsi Polşada pulsuz magistr təhsili ala bilər. Təhsil dövründə tələbələr pulsuz yataqxana ilə də təmin edilirlər. Onu da bildirək ki, ötən tədris ilində Bakı Slavyan Universitetində olan A.Marşalek ölkəsinə qayıtdıqdan sonra Azərbaycan barəsində geniş və əhatəli məqalələrlə çıxış edib.

Professor Yoanna Marşalek Polşa Siyasi Sistem üzrə Departamentinin müdiri, siyasi elmlər üzrə illik kitabın baş redaktoru, Şərq tədqiqatlarının direktorudur. O, bizimlə söhbətdə Bakının gözəl və inkişaf etmiş bir şəhər olduğunu xüsusi vurğuladı. Atasının Azərbaycanla bağlılığının təsadüfi olmadığını bildirən xanım professor qayıtdıqdan sonra öz təəssüratlarını Polşa cəmiyyəti ilə bölüşəcəyini bildirdi: “Hazırda çalışdığım Bakı Slavyan Universiteti Avropanın ən yaxşı ali təhsil ocaqları ilə müqayisə oluna bilər. Universitetin yüksək səviyyəli maddi-texniki bazası var, auditoriyalar lazımi avadanlıqla təchiz edilib, elektron resurslardan istifadə etmək mümkündür. Dərhal hiss olunur ki, sizin dövlət təhsili qayğı ilə əhatə edib. Tələbələriniz də çalışqandırlar, Polşadakı həyat, yaşayış tərzi, Polşanın tarixi onları çox maraqlandırır”. Xanım professor onlara yaradılan şəraitə görə BSU-nun rəhbərliyinə, ilk növbədə isə rektor Nurlana Əliyevaya minnətdarlığını bildirdi: “Qayğımıza qalırlar, normal iş və yaşayış şəraiti yaradılıb. Rektor özü bizimlə maraqlanır, hər gün problemimiz olub-olmadığını soruşur”.  

Yoanna Marşalek azərbaycanlı tələbələrlə polyak dilində danışır. Onların hazırlığı əcnəbi professoru razı salır. Həmin universitetdən gələn digər müəllim Donuta Pleçka da Bakıya, Azərbaycana, sözün həqiqi mənasında, vurulduğunu deyir. Bakını dünyanın ən müasir şəhərlərindən hesab edən professor xalqımızın tolerantlıq və multikultural dəyərlərlə tanındığını, dünyaya bir model kimi çıxdığını bildirir. O, Avropanın özündə dini, irqi, etnik və mədəni problemlərin yaşandığı halda, Azərbaycanda belə bir halla qarşılaşmadığını bildirir. Professor, mühazirə oxuduğu tələbələrdən bir çoxunun etnik-mədəni kimliyi ilə maraqlandığını qeyd edir: “Onların arasında milli azlıqların nümayəndələri də var, amma görürəm ki, etnik-mədəni fərqlər tələbələr arasında, onların münasibətlərində heç bir problem yaratmır. Bu, həqiqətən, dünya üçün çox yaxşı örnək sayıla biləcək bir haldır”.       

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında