Sivil dünyada öz gələcəyini düşünən bütün xalqlar elmə, təhsilə böyük önəm verirlər. Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev milli təhsilimizin inkişafına hər zaman xüsusi qayğı göstərib. “Mən müəllim peşəsindən şərəfli peşə tanımıram”, – deyən ulu öndər haqlı olaraq hesab edirdi ki, tərəqqi və intibah məhz elm və təhsildən keçir.
Ümummilli liderin bu sahədəki plan, arzu və tövsiyələri onun siyasi irsinin layiqli davamçısı, möhtərəm
Prezidentimiz İlham Əliyev tərəfindən yeni dövrün reallıqları nəzərə alınaraq, böyük uğurla həyata keçirilir. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək istəyir. Bundan başqa, zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə insan kapitalının daha da inkişaf etdirilməsini başlıca məqsəd seçib.
Bununla da neft gəlirləri Azərbaycanda həm də təhsilin və elmin inkişafına yönəlib. Birləşmiş Millətlər Təşkilatı da XXI əsri “Təhsil əsri” elan edib. Odur ki, yüksək intellektə malik insan kapitalının formalaşmasında, davamlı inkişafa zəmin yaradan güclü iqtisadiyyatın qurulmasında təhsilin rolu indiki qədər heç vaxt aktual olmayıb.
Təhsilin inkişafına xüsusi önəm verən Azərbaycan əhalisi savadlılığı baxımından dünyanın inkişaf etmiş ölkələri ilə müqayisə olunur. Dövlətin təhsillə bağlı strategiyasının həyata keçirilməsində ölkənin ən böyük qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondunun fəaliyyəti burada xüsusi diqqət çəkir.
Təhsil sahəsində fondun ən böyük və irimiqyaslı işi olan “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi uğurla davam etdirilir. Onu da deyək ki, 2003-cü ildən indiyə qədər ölkədə 3000-dən çox məktəb tikilib, Azərbaycanda heç vaxt olmayan qədər geniş bazaya malik təhsil infrastrukturu yaradılıb.
Bununla da ölkədə təhsilə qayğı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi işi ümummilli səviyyəyə qaldırılıb. Bu gün dünyada ikinci belə bir ölkə tapmaq çətindir ki, orada qısa müddət ərzində Azərbaycanda olduğu qədər məktəb binası tikilsin, yaxud köhnələri tam təmir olunsun.
Müstəqil Azərbaycanın təhsil sistemində ciddi islahatlar gedir. Dərhal sual meydana çıxa bilər: İslahatlara ehtiyac varmı? Təbii ki, var! Əslində, ölkəmizdə təhsil islahatlarının aparılması hava-su kimi vacibdir. Bu, daha sürətli inkişaf, yeniləşmək arzusunda olan Azərbaycan cəmiyyətinin tələbi, sifarişidir.
Məqsəd bəllidir: İslahatlar gənc nəslin daha mükəmməl təhsil alması üçün görülür. Hərtərəfli biliklərə malik şagird və tələbələr orta və ali məktəblərin “əsas məhsul”u olmalıdır. Sivil dünyada “biliklərin sürət qatarı” öz yolunu davam etdirir. Biz millət olaraq qlobal bilik, intellekt yarışında geridə qala bilmərik.
Hər kəsə bəllidir ki, bilikli şagirdləri peşəsinə qəlbən bağlı olan müəllimlər hazırlaya bilər. Buna görə də islahatların əsas hədəflərindən biri orta məktəblərdə pedaqoqların təlim və tərbiyə prosesində məsuliyyətlərinin artırmasıdır. Görünən budur ki, Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə ardıcıl, düşünülmüş addımlar atılıb. Belə ki, müəllimlərin işə qəbulundan tutmuş, onların təcrübə və biliklərinin artırılması üçün diaqnostik qiymətləndirmə testləri keçirilib, konkret nəticələrə görə əmək haqları artırılıb.
Demək lazımdır ki, əksər pedaqoqlar islahatların gedişindən razıdırlar. Əmək haqlarının differensiyalaşdırılması onlarda öz biliklərini daha da artıqmaq üçün stimul yaradıb. Nə gizlədək, islahatların başlanmasından gileyli olanlar da var. Düzünə qalsa, belələri yeni biliklər kəsb etmək arzusunda olmayan, “köhnə baqajla” işləmək istəyənlərdir.
Yaxşı haldır ki, islahatlar ardıcıl və davamlı şəkildə aparılır. Dövlətimiz, Təhsil Nazirliyi islahatları axıradək uğurla başa çatdırmaqda qərarlıdır. Təhsil ictimaiyyəti, ziyalılar bunu görür və dəstəkləyirlər. Bununla bərabər, hər bir vətənpərvər insan, ziyalı milli təhsilin inkişafına diqqət və qayğısını əsirgəməməlidir. Yoxsa bu mühüm vəzifənin öhdəsindən gəlmək çox çətin olar.
İslahatlar heç bir ölkədə asan, rahat olmur. Üstəlik də ki, bu, təhsil islahatları ola. Təhsillə birbaşa, yaxud dolayısı əlaqəsi olmayan az insan tapılar. Birimizin övladı, digərimizin nəvəsi məktəbə gedir. Bəzi adamlara elə gəlir ki, o, təhsili hamıdan yaxşı bilir və onun fikri, rəyi daha düzgün, daha ədalətlidir. Belələri az qala təhsil sahəsində nüfuzlu mütəxəssislərlə belə razılaşmaq istəmirlər.
Bütün çətinliklərə baxmayaraq, təhsil sahəsində islahatların aparılması zəruridir. İslahatlarla bağlı müəyyən müşahidələr aparmışam. Gördüklərim, şahidi olduqlarım məndə təhsilimizin gələcəyi ilə bağlı ümidləri çox artırıb. Təbii ki, hər şeyin arzuolunan səviyyədə getdiyini iddia etmək də qeyri-səmimi səslənər. Amma, bütövlükdə, çoxları kimi, mən də islahatların düzgün istiqamətdə getdiyi qənaətindəyəm. Fikrimi qısa, cəmi iki misalla izah etməyə çalışacağam.
Əvvəlcədən qeyd etmək istəyirəm ki, haqqında danışacağım pedaqoqlar yaxşı tanıdığım insanlardır. Məsələn, Siyəzən şəhər 1 nömrəli şəhər tam orta məktəbin müəllimi İbrahim Nadirovun qabaqcıl pedaqoq olduğu haqqında bir dəfə yazmışam. Təqribən 40 il əvvəl Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat fakültəsini əla qiymətlərlə bitirib. Əvvəlcə, qonşu Dəvəçi rayonunun Çölqışlaq, Qalagah, sonra Siyəzən rayonunun Beşdam kəndlərindəki orta məktəblərdə işləyib. 1992-ci ildən hazırkı iş yerində çalışır.
İbrahim müəllim biliklərini şagirdlərinə “yaxşı ötürməyi” bacaran pedaqoqlardandır. Siyəzəndə hələ 1960-cı illərdə riyaziyyat fənninin tədrisinin bünövrəsini qoymuş, tanınmış pedaqoq olan İxtiyar Niftəliyevin “şinelindən çıxıb”. Sevimli müəllimi haqqında ürəkdolusu deyir ki, İxtiyar müəllim əsl şəxsiyyət idi. Şagirdlərdə, ilk növbədə məntiqi düşüncə tərzi aşılayırdı. İbrahim müəllimi razı salan odur ki, müasir təhsil islahatlarının, eləcə də kurikulum məşğələlərinin məramı məhz şagirdlərə yaradıcı, qeyri-standart düşünməyi öyrətməkdir.
İbrahim Nadirov təhsil islahatlarını alqışlayır. Onun fikrincə, ölkəmizin tam orta məktəblərində təmayül siniflərin yaradılması tədrisin keyfiyyətcə yüksəlməsinə münbit şərait yaradıb. Deyir: “Çox yaxşı haldır ki, hazırda seçmə, təmayül siniflər yaranır. Siyəzən 1 nömrəli orta məktəbdə artıq dəqiq və humanitar fənlər üzrə təmayül siniflər yaradılıb. Bu siniflərdə dərs yükü 38 saatdan 30 saata endirilib. Son bir ilin nəticələri çox müsbətdir. Dərs dediyim 11 C sinfindən hər beş şagirddən dördü ali məktəblərə qəbul olunub. Elə şagirdlər var ki, test imtahanlarında riyaziyyat üzrə maksimum bal toplayıblar. 2017-ci ilin göstəricilərinə görə 600 baldan yüksək nəticəyə nail olan bir neçə şagirdim var”.
Siyəzənli pedaqoq ali məktəblərə qəbul olunarkən abituriyentlərin əvvəlki kimi bir deyil, iki dəfə test üzrə sınaq imtahanı vermələri üçün şərait yaradılmasını da müsbət hal hesab edir. Axı, məzunlar əvvəllər talelərinin həll olunduğu test sınaq imtahanları zamanı gərgin psixoloji anlar yaşamalı olurdular. Hətta ümid edir ki, gələcəkdə abituriyentlərin nəinki iki, hətta üç dəfə öz biliklərini sınamaq imkanları olacaq.
İbrahim müəllim hesab edir ki, təhsilin uğurlarını artması üçün “üçlüyün” – müəllim, valideyn, şagird əlaqələrinin möhkəm olması çox vacibdir. O, bəlkə də, riyaziyyatçı olduğu üçün bu münasibətlərə riyazi təfəkkürlə yanaşır. Qeyd edir ki, müəllim-valideyn – şagird üçbucağı ən möhkəm “üçbucaq”dır. Üç nöqtədən isə həmişə bir müstəvi keşirmək mümkündür. Üçbücaq ən möhkəm, dayanıqlı həndəsi fiqurdur.
Bu həyatda da əksini tapır. Belə ki, diaqnostik qiymətləndirmə yolu ilə əməyi fərdi, ədalətlə dəyərləndirilən müəllimin də, mükəmməl biliklər almaq istəyən şagirdin də, övladının bacarığına düzgün qiymət veriləcəyinə əmin olan valideynin də maraqları indi üst-üstə düşməyə başlayıb. Bu, adıçəkilən “üçlüyün” münasibətlərini daha səmimi edir. Beləcə, təhsil islahatları möhkəm və etibarlı bünövrə üzərində bərqərar olur.
Ölkəmizin təhsil sistemində uğurla həyata keçirilən dəyişiklilər – müəllimlərin işə qəbulu, yerdəyişmələri, məktəb direktorlarının seçilməsi və sair bu sahədə aşkarlığı çox artırıb. Ayna Elbrus qızı orta məktəbi 2010-cu ildə Quba rayonunun Birinci Nügədi kəndində əla qiymətlərlə bitirib. Elə həmin il Sumqayıt Dövlət Universitetinin riyaziyyat-informatika fakültəsinə daxil olub. Sonra magistr pilləsi üzrə təhsil alıb. Arzusu doğulub boya-başa çatdığı Quba rayon tam orta məktəblərində riyaziyyatdan dərs demək idi. Bu il işə qəbul üzrə müvafiq müsabiqədən uğurla keçdiyi üçün gənc müəllimə Ayna Elbrus qızı sentyabrın 15-dən Quba şəhər 5 saylı tam orta ümumtəhsil məktəbində pedaqoq kimi çalışmağa başlayacaq.
Aynanın anası Saniyət xanım, təbii ki, bu xəbərə çox sevinib. Söhbət əsnasında dedi ki, yeganə qızının belə rahat işə düzələcəyini ağlına belə gətirmirdi. Saniyət xanım evdar qadındır. Dedi ki, son illər həyat yoldaşı Elbrusun səhhətində müəyyən problemlər yarandığından ailə dolanışıq sarıdan müəyyən sıxıntı çəkirdi. İndi Ayna qəlbində çox sevinir ki, həm pedaqoq olmaq arzusu çin olub, həm də ata-anasına əl tuta biləcək.
Ayna müəllim hər gün böyük həvəslə məktəbə gedir. Arzusu budur ki, yaxşı pedaqoq kimi tanınsın, şagirdlərinə tədris etdiyi fənni sevdirə bilsin. Təhsil sahəsindəki islahatlar əksər gənc müəllimlər kimi Aynanın da gələcəyə ümidlərini artırıb. O əmindir ki, bir gənc pedaqoq olaraq rahat işə düzəldiyi kimi, əməyi, bacarığı da lazımi qədər dəyərləndiriləcək.
Bu günlərdə Prezident İlham Əliyev 1200 şagird yerlik Salyan şəhər 2 saylı tam orta məktəbin yeni binasının açılışında iştirak edib. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycanda inkişaf konsepsiyası milli təhsilimizin davamlı inkişafı sayəsində reallaşa bilər. Buna görə də dövlətimiz bu sahəyə bundan sonra böyük qayğı göstərəcək.
Bəli, təhsil Azərbaycan dövləti üçün çöx önəmli sahədir. Bu sahədə görülən işlərə, aparılan islahatlara heç kəs biganə qalmamalıdır. Hər birimiz bu taleyüklü məsələyə öz töhfəmizi verməliyik. Bu halda uğurlarımız daha çox və daha samballı olacaq.
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.