“Azərsu”da Memarlıq və İnşaat Universitetinin kafedrasının filialı açılıb

Sentyabrın 26-da “Azərsu” Açıq Səhmdar Cəmiyyətində (ASC) Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AZMİU) mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının filialının açılışı olub.

Universitetdən AZƏRTAC-a bildirilib ki, filialın açılışında “Azərsu” ASC-nin məsul işçiləri, AzMİU-nun professor-müəllim heyəti və tələbələri iştirak ediblər. Tədbirdə cəmiyyətin sədr müavini Seymur Seyidov 2012-ci ildə AzMİU ilə “Azərsu” ASC arasında bağlanmış memorandumu xatırladaraq bu əməkdaşlığın əsasının illər əvvəl qoyulduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Qeyd olunub ki, həmin memoranduma əsasən,  2015-ci ildə “Azərsu” ASC-nin dəstəyi ilə universitetin ekologiya kafedrasında müasir avadanlıqlarla təchiz olunmuş su təchizatı problemləri üzrə elmi-tədqiqat və tədris laboratoriyası yaradılıb. Burada quraşdırılmış cihazların köməyi ilə içməli və çirkab suların tərkibindəki 40-dək göstəricini təyin etmək mümkündür. Tələbələrin tədris prosesində əldə etdikləri nəzəri biliklərini iş prosesində, təcrübədə tətbiqi üçün belə laboratoriyaların böyük əhəmiyyəti var. S.Seyidov bu əməkdaşlığın davamı olaraq yeni açılan filialın da tələbələr üçün faydalı olacağına əminliyini bildirib.

Tədris işləri üzrə prorektor Akif Qasımov göstərdikləri dəstəyə görə universitetin rektoru, professor Gülçöhrə Məmmədovanın adından “Azərsu” ASC-nin rəhbərliyinə təşəkkürünü bildirib. İstehsalatla əlaqələrin gücləndirilməsini müasir dövrün tələblərindən biri kimi dəyərləndirən prorektor kafedranın filialının açılışını mühüm hadisə adlandırıb. O, birgə əməkdaşlığın yaxın gələcəkdə müsbət nəticələr verəcəyini, tələbələrin karyera qurmalarında faydalı olacağını vurğulayıb.

“Azərsu” ASC-nin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunda açılan filial AzMİU-nun su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin magistrləri üçün nəzərdə tutulub. Belə ki, magistratura səviyyəsində təhsil alan tələbələr artıq dərslərini bu filialda keçəcək, “Sukanal”ın müvafiq laboratoriyalarında nəzəri biliklərini möhkəmləndirəcəklər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında