Yeni nəşrlər. "Azərbaycan Tibb Universitetinin rektorları"

...Azərbaycanda ilk ali təhsil ocaqlarından birinin bünövrəsini qoymuş, onun ərsəyə çatmasında, inkişaf etməsində mühüm rol oynamış görkəmli alim və pedaqoqların xidmətlərini yüksək qiymətləndirərək, əmin olduğumu bildirirəm ki, siz Tibb Universitetinin adını həmişə uca tutacaqsınız". - İmzası Azərbaycan oxucusuna yaxşı tanış olan yazıçı-həkim, ATU-nun dosenti Məmməd Süleymanoğlunun sayca 12-ci kitabı - "Azərbaycan Tibb Universitetinin rektorları" xalqımızın ümummilli lideri Heydər Əliyevin bu sözləri ilə açılır. Əslində, ağır zəhmət tələb edən bu əsərin yazılıb ərsəyə gəlməsi də məhz bu fikirlərdən qaynaqlanıb.
"Elm və təhsil" nəşriyyatında işıq üzü görən, 19 çap vərəqi həcmində olan bu sanballı monoqrafiya (məsləhətçi akademik Adilə Namazova, elmi redaktoru professor Rafiq Çobanovdur) bu yaxınlarda 80 illiyi dövlət səviyyəsində təntənəli şəkildə qeyd edilmiş Azərbaycan Tibb Universitetinə dəyərli yubiley töhfəsi oldu.
Məlum olduğu kimi, Azərbaycan Demokratik Respublikası dövründə - 1919-cu ilin may ayında Bakı Universitetinin təsisi ilə əlaqədar bəyannamə elan olundu. Həmin ilin sentyabr ayının 1-də Nazirlər Şurasının sədri Nəsib bəy Yusifbəyli Bakı Dövlət Universitetinin təsisi haqqında qərarı imzaladı.
"...Türk xalqının tarixinə yeni parlaq səhifə yazıldı. Avropa ilə Asiyanın sərhədində məşəl şölələnir. Biz bu böyük tarixi hadisənin şahidi olduğumuza görə özümüzü xoşbəxt hesab edirik". - Universitetin ilk rektoru, görkəmli alim V.J.Razumovskinin dediyi bu fikirlər Azərbaycan xalqının tarixində bu hadisənin əhəmiyyətini doğru-dürüst ifadə edirdi.
Universitet fəaliyyətə iki fakültə - tarix-filologiya və tibb fakültələri ilə başladı.
Bu dövrə ötəri ekskurs edən müəllif əsas diqqəti Bakı Dövlət Universitetinin bazası əsasında 1930-cu ildə yaradılan Tibb İnstitutunun rektorlarının fəaliyyətinə yönəldir.
80 il ərzində indiki Azərbaycan Tibb Universitetinin 12 rektoru olmuşdur: Nadir Məmmədli (1930-1931); Mövsüm Qədirli (1931-1932); Əziz Əliyev (1932-1934 və 1936-1938); Müseyib Hüseynov (1934-1935); Mahmud Əliyev (1939-1943); Zülfüqar Məmmədov (1943-1946); Bahadur Eyvazov (1946-1964); Xamiz Həsənov (1964-1968); Bala Məcidov (1968-1972); Zəhra Quliyeva (1972-1983); Yaqub Məmmədov (1983-1992); Əhliman Əmiraslanov (1992-ci ildən indiyədək). Müəllif qeyd edir ki, bu rektorların 6-sı ilə bir yerdə işləyib, onları şəxsən tanıyıb, 6-sı barədə isə arxiv materiallarından, şahidlərin xatirələrindən bəhrələnib. Rektorların hər biri barədə bədii-publisistik qələmlə yazılmış portret-oçerklər həm universitetin fəaliyyəti, həm də respublikanın tibbi təhsil sistemində gedən proseslər, qazanılan nailiyyətlər, habelə problemlər haqqında ətraflı məlumat verir.
Məmməd Süleymanoğlunun bu əsəri səhiyyə ictimaiyyəti və ümumiyyətlə təbabətlə maraqlanan oxucu kütləsi üçün qiymətli vəsaitdir.

{nl}


Q.PİRİYEV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında