Sentyabrın 11-də Naxçıvan şəhərində “İstedad-XXI əsr” hazırlıq kursları üçün yeni tədris binası istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.
Məlumat verilib ki, 300 şagird yerlik və 4 mərtəbəli yeni tədris binasında 2-si elektron lövhəli olmaqla 20 sinif otağı, 2 kompüter otağı, müəllimlər otağı, imtahan mərkəzi, iclas zalı, qeydiyyat və mühasibatlıq otaqları, eləcə də bufet fəaliyyət göstərir. Binada 12 kompüter quraşdırılıb və internetə qoşulub. Kursda fərdi və qrup şəklində abituriyent hazırlığı, 5-8-ci siniflər üzrə hazırlıq, dövlət qulluğuna hazırlıq, məktəbəqədər hazırlıq, ingilis, rus, alman, fransız, ispan və fars dilləri üzrə kurslar, məntiq kursları, kompüter və magistraturaya hazırlıq aparılır. Naxçıvan şəhəri ilə yanaşı, bu tədris ilindən Şərur, Ordubad, Culfa və Şahbuz rayonlarında da istedad kurslarının filialları fəaliyyət göstərir. Tədris prosesində Dövlət İmtahan Mərkəzinin proqramlarına uyğun dərs vəsaitləri və testlərdən istifadə edilir. Yay tətili dövründə isə tədris proqramına uyğun olaraq yay məktəbləri təşkil olunur, şagirdlər müxtəlif zəka təlimlərində və bilik yarışlarında iştirak edirlər. Kurs müddətində və kurs sonunda şagirdlər təcrübəli müəllimlər və psixoloqlar tərəfindən psixoloji vəziyyətin yaxşılaşması üçün seminar və treninqlərə cəlb olunurlar.
Tədris binasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamına uyğun olaraq “Oxunması zəruri olan kitablar”dan ibarət guşə yaradılıb.
İmtahan mərkəzində quraşdırılan müasir avadanlıqlar imkan verir ki, ümumtəhsil məktəblərində keçirilən sınaq imtahanlarının nəticələri onlayn şəkildə hər bir şagirdə fərdi iş nömrəsi vasitəsilə çatdırılsın. Həmçinin binada elektron idarəetmə proqramı mövcuddur. Hər bir filial mərkəzlə bu sistem vasitəsilə əlaqəli şəkildə fəaliyyət göstərir, eyni zamanda valideynlər övladlarının nəticələrini onlayn izləyə bilirlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov “İstedad-XXI əsr” hazırlıq kurslarının yeni tədris binasının istifadəyə verilməsi münasibətilə kursun dinləyicilərini və pedaqoji kollektivi təbrik edərək deyib: Ölkəmizdə təhsilə qayğı və bu sahədə dönüşün yaradılması ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə mümkün olmuşdur. Ulu öndər Sovet Birliyi dövründə Azərbaycanda təhsilin səviyyəsinin yüksəldilməsi istiqamətində tədbirlər həyata keçirmiş, yaxşı oxuyan gənclər ittifaqın yüksək ali məktəblərində təhsil almağa göndərilmişdir. Məhz həmin illərdə yetişən gənclər Azərbaycan müstəqillik qazandıqdan sonra ölkəmizin inkişafında yaxından iştirak etmiş, dövlət müstəqilliyinin qorunmasına öz töhfələrini vermişlər. Bu gün təhsil alan gənclər isə müstəqil Azərbaycanın gələcək təminatçılarıdır.
Ali Məclisin sədri dahilərin “Əgər bir ölkənin gələcəyini bilmək istəyirsənsə, onun gəncliyinə nəzər salmaq lazımdır”, - fikrini xatırladaraq deyib: Əgər gənclik təhsilli, dünyagörüşlü və vətənpərvərdirsə, onda ölkə də inkişaf edəcək, dövlət müstəqilliyi əbədi olacaqdır. Bu mənada hər bir ölkənin inkişafı, müstəqilliyinin qorunması və etibarlı gələcəyi təhsillə bağlıdır. Təhsilə qoyulan sərmayə ölkənin gələcəyinə qoyulan sərmayədir. Bu gün müstəqil Azərbaycanda təhsilin inkişafına xüsusi diqqət yetirilir, müasir tədrisin tələblərinə uyğun infrastruktur yaradılır, hərtərəfli biliyə malik, intellektli və vətənpərvər gənclər yetişdirilir, yaxşı oxuyan gənclər xaricdə ali təhsil almağa göndərilirlər. Eyni zamanda, ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında orta, peşə, orta ixtisas, ali və akademik təhsil pillələri üzrə yaradılan şərait təhsil sahəsində qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsinə imkan verir.
Ali Məclisin sədri deyib: Təhsili inkişaf etdirməyin müxtəlif yolları vardır. Bunların içərisində orta təhsil mühüm yer tutur. Çünki təhsilin əsası orta məktəblərdə qoyulur. Şagirdlər məktəblərdə tədris proqramına uyğun biliklərə yiyələnməklə yanaşı, həm də yaradılan zəngin kitabxanalardan istifadə edərək dünyagörüşlərini formalaşdırırlar. Gənclərin hərtərəfli biliklərə malik olmasında hazırlıq kurslarının da mühüm rolu vardır. Dünya tədris sistemində qəbul olunmuş bir prinsip var: gənclər dəqiq elmləri yaxşı oxumalı, xarici dil bilməli və seçdiyi ixtisasa uyğun fənləri dərindən öyrənməlidir. Qarşıya qoyulan bu vəzifələr ümumtəhsil məktəbləri ilə yanaşı, hazırlıq kurslarında da tədrisin əsasını təşkil etməlidir. Hər bir gənc yaradılan tədris şəraitindən düzgün istifadə etməli, Ana dilini yaxşı bilməli, xarici dil öyrənməli, dəqiq elmləri və seçdiyi ixtisas üzrə fənləri yaxşı oxumalıdır. Bu gün “İstedad-XXI əsr” hazırlıq kurslarında orta məktəb bazasında hazırlıq, dövlət qulluğuna qəbul üçün hazırlıq, xarici dil öyrənmək və digər sahələr üzrə kurslar fəaliyyət göstərir. Bu da gənclərin hərtərəfli biliklərə yiyələnməsinə və dünya tədris sisteminə inteqrasiyasına imkan verəcəkdir.
Ali Məclisin sədri deyib: Muxtar respublikada təhsil sahəsində görülən işlər qarşıda duran əsas vəzifələrdəndir. Son illər muxtar respublikada yeni məktəb binaları tikilərək istifadəyə verilmiş, müəllimlərin diaqnostik qiymətləndirilməsi aparılmış, tədrisin hərtərəfli təşkili üçün lazımi şərait yaradılmışdır. Bu tədris ilində də muxtar respublikada yeni məktəb binaları istifadəyə veriləcəkdir. Həmçinin muxtar respublikanın bütün ümumtəhsil məktəblərində xarici dillər tədris olunur. Bu gün orta məktəbləri və hazırlıq kurslarını uğurla başa vuran gənclər istənilən ölkədə ali təhsil almaq imkanına malikdirlər. Bütün bunlar ona görə həyata keçilir ki, biz ölkəmizin gələcəyini düşünürük. Bu gələcəyin təminatçıları olan gənclərin yaxşı təhsil almasını, dünyagörüşlü və vətənpərvər böyüməsini istəyirik. Naxçıvan Muxtar Respublikasında hər il ali məktəblərə qəbul olanların və yüksək bal toplayanların sayının artması, dövlət qulluğuna qəbulda gənclərin uğurlu nəticə göstərməsi onu deməyə əsas verir ki, artıq ölkəmizdə təhsilə göstərilən qayğı, bu sahədə yaradılan şərait öz bəhrəsini verir. “İstedad-XXI əsr” hazırlıq kursları üçün istifadəyə verilən yeni tədris binası və yaradılan şərait bu işləri daha da sürətləndirəcək, gənclər bundan sonra da hərtərəfli təhsil alaraq göstərilən etimadı doğruldacaqlar.
Ali Məclisin sədri kollektivi bir daha təbrik edib, təşkilatçılara təşəkkürünü bildirib.
“İstedad-XXI əsr” hazırlıq kurslarının direktoru Elbrus İsayev tədbirdə çıxış edərək deyib ki, Naxçıvan Muxtar Respublikasında təhsilin inkişafı sahəsində həyata keçirilən tədbirlərin tərkib hissəsi olaraq 2014-2015-ci tədris ilində “İstedad-XXI əsr” hazırlıq kursları fəaliyyətə başlayıb. Kurs təlim-tərbiyə prosesinin təşkilini, tədris materiallarının keyfiyyətlə mənimsənilməsini, şagirdlərin qabiliyyətlərinin inkişaf etdirilməsini əsas fəaliyyət istiqaməti kimi müəyyən edib. Burada ali məktəblərə qəbul olmaq istəyən abituriyentlər üçün qrup və fərdi şəkildə dərslər təşkil olunur. Kursun fəaliyyət istiqamətlərindən biri də muxtar respublika ümumtəhsil məktəblərinin şagirdləri üçün aylıq test-sınaq imtahanlarının keçirilməsidir. Artıq kurs tərəfindən dərs vəsaitləri də çap olunur, tədris proqramının daha operativ şəkildə mənimsənilməsi diqqətdə saxlanılır. Fəaliyyət göstərdiyi dövrdə kursun məzunlarından 86-sı 500-700 arası bal toplayıb ki, onlardan da 5-i Prezident təqaüdünə layiq görülüb. 2016-2017-ci tədris ili üzrə kursu bitirən 189 məzunun hər biri ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olub. Elbrus İsayev muxtar respublikada təhsilin hərtərəfli inkişafına göstərilən diqqət və qayğıya görə kollektiv adından minnətdarlıq edib.
Tədris korpusunda fərdi qazanxana və mərkəzi soyutma sistemi quraşdırılıb, binanın həyətində abadlıq işləri aparılıb.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.