Yeni dərs ilinin başlanmasına az qalıb. Hər yerdə olduğu kimi, Tərtərdə də hadisə olan 15 Sentyabr Bilik Gününü yüksək səviyyədə qarşılamaq üçün geniş hazırlıq işləri görülür. Ayrı-ayrı pedaqoji kollektivlərdə keçirdiyimiz görüşlərdə, qabaqcıl, təcrübəli təhsil işçiləri ilə apardığımız fikir mübadiləsində belə bir yekdil fikir ifadə olunur ki, ölkə Prezidenti İlham Əliyevin təhsilə, təhsil sahəsinə göstərdiyi diqqət və qayğı, bu istiqamətdə imzaladığı fərman və sərəncamlar, qəbul edilən dövlət proqramları nəticə etibarilə sahənin sürətli inkişafı, onun maddi-texniki bazasının daha da möhkəmləndirilməsi ilə nəticələnmişdir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan təhsil islahatlarını bu gün ölkə Prezidenti İlham Əliyev uğurla davam etdirir.
Heç vaxt məktəb həyatının ritmi indiki kimi dolğun, məzmunlu və gərgin olmamışdır. Xalqımız, dövlətimiz məktəblilər qarşısında çox mühüm məsuliyyətli vəzifələr qoymuşdur. Ölkədə təhsilin ən prioritet sahə olduğunu vurğulayan dövlət başçısının diqqət və qayğısı sayəsində problemlər ardıcıllıqla öz həllini tapır, genişmiqyaslı layihələr həyata keçirilir.
Rayonumuzun təhsil işçiləri məhz bu yüksək diqqət və qayğıya cavab olaraq ildən-ilə öz uğurlarını artırırlar. Məktəblərimizdən əksəriyyətinin cəbhə xəttinə yaxın ərazilərdə yerləşməsinə, atəşkəs rejiminin tez-tez pozulmasına, hücum və basqınlara baxmayaraq, fəaliyyətimizi günün tələblərinə cavab verəcək səviyyədə qurmağa çalışırıq. Yeri gəlmişkən, təkcə bu faktı bir daha xatırlatmaq yerinə düşər ki, son 4 il ərzində rayonumuzda 4 yeni məktəb binası tikilib istifadəyə verilmiş, 4 məktəb əsaslı təmir olunmuş, digər məktəblərdə cari təmir işləri aparılmışdır.
Bu günlərdə yeni dərs ilinə hazırlıq ümumrayon qayğısına çevrilmişdir. Rayon rəhbərliyinin bilavasitə köməyi ilə təhsil müəssisələrində aparılan təmir-bərpa və abadlıq işləri başa çatdırılmışdır. Məktəblərin pedaqoji kollektivləri və rayon təhsil sahəsi dərs ilinin hədəflərini müəyyənləşdirmişdir. Başlıca məqsəd ölkəmizin gələcəyi üçün tərbiyəli, yüksək bilik və bacarıqlı nəsil yetişdirməkdir. Bütün imkan və səylər bu müqəddəs vəzifənin uğurla həyata keçirilməsinə səfərbər edilmişdir.
Məlum həqiqətdir ki, təhsilin inkişafı, hər şeydən əvvəl, təmsil etdiyi xalqın intellektual səviyyəsini müəyyən edir. Bu mənada Tərtər rayon təhsil işçilərinin bu sahədə qazandıqları nailiyyətlər, heç şübhəsiz, Azərbaycan təhsilinin tərkib hissəsidir. Belə ki, 2016-2017-ci tədris ili ərzində rayonumuzun pedaqoji işçiləri bir sıra nailiyyətlərə imza atmışlar.
Buraxılış imtahanlarının nəticələrinə görə, rayon üzrə 602 nəfər tam orta təhsil haqqında attestat, 1 ədəd fərqlənmə attestatı, 785 nəfər isə ümumi orta təhsil haqqında attestat almışdır. Cəmilli kənd tam orta məktəbinin XI sinif şagirdi Cümşüd Qurbanov təhsildə qazandığı nailiyyətlərə görə qəbul imtahanlarında rayon üzrə ən yüksək nəticə–659 bal topladığına görə qızıl medala layiq görülmüşdür. Şəhər 2 saylı məktəb-liseyin X sinif şagirdi Nuranə Kərimova fənn olimpiadasının fespublika turunda tarix fənni üzrə III yeri tutaraq Təhsil Nazirliyinin diplomu ilə təltif olunmuşdur.
2017-ci ilin aprel ayında müəllimlərin diaqnostik qiymətləndirmələrinin nəticələrinə görə rayon üzrə 1238 nəfər müəllimdən əksəriyyəti yüksək bal toplamışdır.
2017-ci ildə məzunların ali və orta ixtisas təhsili müəssisələrinə qəbulunda uğurlu nəticələr əldə olunmuşdur. Belə ki, 2016-2017-ci tədris ilində rayonun ümumtəhsil məktəblərini bitirən 602 nəfər XI sinif şagirdlərindən 332 nəfəri ali məktəblərə sənəd vermişdir. Əvvəlki tədris ili ilə müqayisədə ali təhsil müəssisələrinə qəbul olunanların sayı 22 nəfər artmışdır. Ali təhsil müəssisələrinə qəbul olunan məzunlardan 10 nəfəri 600-dən yuxarı, 17 nəfəri isə 500-600 bal toplamışdır. 2017-ci ildə Naxçıvanski adına Hərbi Liseyə qəbul olunanların sayı əvvəlki ildəkindən 2 nəfər artaraq, 5 nəfər olmuşdur.
Məktəblərdə məktəbəhazırlıq qruplarının və təmayül siniflərinin təşkili ilə əlaqədar aparılan işlərin nəticəsində 2017-2018-ci tədris ilində 39 məktəbdə 3 məktəbəhazırlıq qrupu və 3 məktəbdə təmayül siniflərinin təşkili planlaşdırılmışdır. Məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlərin kurikulum kurslarına cəlb olunması üçün şəhər 1 saylı tam orta məktəbində təlim məktəbi yaradılmışdır. 38 nəfər müəllim təlimlərə cəlb olunmuş, nəticədə kursu bitirmələrinə dair sertifikat almışdır.
Məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə 220 şagird yerlik Seydimli kənd tam orta məktəbində 13 sinif otağından ibarət yeni korpus tikilmişdir. “Rövşən-Oğuz-Qrup” MMC təşkilatı tərəfindən 640 yerlik şəhər 6 saylı tam orta və 120 yerlik Qazyan kənd ümumi orta məktəblərində əsaslı təmir işlərinə başlanılmışdır. Bayandur kənd ibtidai və Poladlı kənd ümumi orta məktəblərində modul tipli yeni məktəb binalarında tikinti işləri davam edir.
Yeni dərs ilinə hazırlıqla əlaqədar 159 adda 26211 dərslik gətirilərək, bölgü əsasında məktəblərə paylanılmışdır. Məktəbə hazırlıq qruplarında tədrisin keyfiyyətinin artırılması üçün Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsindən 2017-2018-ci tədris ilində 39 ədəd plakat dəsti göndərilmiş və məktəblərə paylanılmışdır.
Tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu pilot məktəblərin fənn müəllimləri üçün 10 ədəd proqram gətirilərək rayonun 3 ümumtəhsil məktəbinə paylanmışdır.
Göründüyü kimi, son illər Tərtər rayonunda təhsilə diqqət və qayğı daha da artırılmış, bu sahədə bir sıra uğurlar əldə edilmiş, əsaslı tədbirlər işlənilib həyata keçirilmişdir. Əlbəttə, əldə etdiyimiz uğurlar heç də bizi arxayınlaşdırmır. Pedaqoji kollektivlərimizin, bütün təhsil işçilərinin əsas məqsədi yeni dərs ilində bu uğurları daha da artırmaqdır.
Surxay Mirzəyev,
Tərtər Rayon
Təhsil Şöbəsinin müdiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.