Əlavə təhsil günün tələbidir

{nl}

Bu sahədəki yeniliklərdən xəbərdar olmadan uğur qazanmaq mümkün deyil

{nl}

Memarı ümummilli lider Heydər Əliyev olan müstəqil Azərbaycan Respublikası hərtərəfli inkişaf yolunu seçmiş, bu yolla uğurla addımlamaqdadır. Bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də hərtərəfli inkişafa nail olan Azərbaycan dövləti təhsilə prioritet sahələrdən biri kimi xüsusi diqqət yetirir. Azərbaycan Respublikasında təhsil dünyəvi və fasiləsiz xarakter daşımaqla vətəndaşın, cəmiyyətin və dövlətin maraqlarını əks etdirən strateji əhəmiyyətli prioritet fəaliyyət sahəsidir.
Ölkəmizdə təhsil insan hüquqları haqqında beynəlxalq konvensiyalara və Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər müqavilələrə əsaslanır, təhsil sahəsində milli-mənəvi və ümumbəşəri dəyərlərin prioritetliyi əsasında dünya təhsil sisteminə inteqrasiya olunaraq inkişaf edir.
Azərbaycan vətəndaşlarının Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş təhsil hüququnun təmin edilməsi sahəsində dövlət rəhbərliyi ardıcıl tədbirlər həyata keçirir. 2000-ci ildə təhsil sahəsində İslahat Proqramı qəbul olunmuş, hüquqi, qanunvericilik bazası yaradılmış, normativ və tənzimləyici sənədlər hazırlanmışdır. Son illərdə təhsilin inkişafı ilə əlaqədar 16 Dövlət Proqramı qəbul edilmiş, 28 adda innovasiya tətbiq edilmişdir.
"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin fərmanının icrası ilə əlaqədar Nazirlər Kabineti bir sıra qərarlar qəbul etmişdir. Bunlardan biri "Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi qaydası" barədə 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli qərardır. Həmin qərar fasiləsiz təhsilin və peşə hazırlığının bütün pillələrində özünəməxsus xüsusiyyətləri ilə fərqlənən əlavə təhsilin strukturunu, məzmununu, təşkilini, formasını tənzimləyir.
Azərbaycan Respublikasında əlavə təhsil aşağıdakı istiqamətləri əhatə edir:
-ixtisasartırma təhsili;
-kadrların yenidənhazırlanma təhsili;
-stajkeçmə təhsili;
-kadrların təkmilləşdirilməsi təhsili;
-təkrar ali təhsil;
-təkrar orta ixtisas təhsili;
-dərəcələrin yüksəldilməsi təhsili;
-yaşlıların təhsili.
Nazirlər Kabinetinin təsdiq etdiyi yeni qaydalara əsasən yaxın gələcəkdə dərəcələrin yüksəldilməsi və yaşlıların təhsili tətbiq edilməyə başlanacaqdır. Hazırda Azərbaycanda 24 ali təhsil müəssisəsi təhsilin müxtəlif pillələri ilə bərabər əlavə təhsillə də məşğul olur. Həmin müəssisələrin 18-i pedaqoji profillidir. Pedaqoji profilli əlavə təhsillə məşğul olan ali təhsil müəssisələrindən biri Azərbaycan Müəllimlər İnstitutu və onun regionlarda yaradılmış 11 filialıdır.
Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə yaradılmış Azərbaycan Müəllimlər İnstitutunun fəaliyyət sahələrinin böyük bir hissəsi (ixtisasartırma, təkmilləşdirmə, yenidənhazırlanma, təcrübəkeçmə, dərəcələrin yüksəldilməsi, yaşlıların təhsili və s.) əlavə təhsilə daxildir. Əlavə təhsil respublikanın təhsil sisteminin bütün sahələrini (məktəbəqədər, ümumi orta, tam orta, peşə təhsili, orta ixtisas və ali təhsil, habelə məktəbdənkənar təhsil və s.) əhatə edir. Başqa sözlə, əlavə təhsil Azərbaycanın hər bir vətəndaşını əhatə etdiyi üçün hər kəsin maraq dairəsinə daxildir. Bütün bunları nəzərə alan Azərbaycan dövlətinin rəhbərliyi, Təhsil Nazirliyi, AMİ-nin rektorluğu əlavə təhsilin inkişafına xüsusi qayğı və diqqət yetirir. Nəzərə alsaq ki, Təhsil Nazirliyi son illərdə keçirdiyi kollegiya iclaslarının bir neçəsini əlavə təhsilə həsr etmişdir, onda bu sahənin aktuallığı və məsuliyyəti daha aydın olar.
2005-ci ildən sonrakı dövr Azərbaycan Müəllimlər İnstitutunun həyatında quruculuq və inkişaf dövrü kimi yadda qalır. İnstitutumuzun rektoru, Milli Məclisin deputatı, professor Aqiyə xanım Naxçıvanlının əməyi nəticəsində maddi tədris bazası möhkəmləndirilmiş, təhsil alanlar və institutda çalışanlar üçün rahat şərait yaradılmışdır.
İndi respublikanın şəhər və rayonlarından hər il 15 minə yaxın pedaqoji kadr ixtisasartırma və yenidənhazırlanma təhsili alır. Azərbaycan Müəllimlər İnstitutunda əlavə təhsillə bir fakültə - ixtisasartırma və yenidənhazırlanma fakültəsi, iki kabinet - əlavə təhsilə xidmət edən, təhsildə innovasiyalar kabinetləri və strateji araşdırmalar və proqnozlaşdırma mərkəzi təşkilati iş aparsa da, institutun bütün kafedraları, şöbələri əlavə təhsilin həyata keçirilməsi üçün elmi-metodiki bazanı, kadr potensilını təmin edir. Həmçinin AMEA-nın, ali məktəblərin, mərkəzi icra orqanları mütəxəssislərinin mühazirəçi qismində dəvət olunduğu əlavə təhsil üçün tədris-təcrübə bazası kimi Bakı, Sumqayıt, Xırdalan şəhərlərinin, digər rayon və şəhərlərin qabaqcıl məktəblərindən, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrindən, peşə liseylərindən, kolleclərdən, ali məktəblərin baza kafedralarından istifadə olunması da bu sahənin necə böyük bir auditoriyanı əhatə etdiyini göstərir. Hər tədris ilində yerli təhsil orqanlarının, təhsil müəssisələri ilə kontingent üçün müqavilə bağlaması və icrasını təmin etmək sahəsində görülən işlərin nə qədər gərgin olduğu da heç kəsə sirr deyil. Fəaliyyət sahəsinin genişliyi, tətbiq edilən əlavə təhsilin forma və məzmun rəngarəngliyi nə qədər maraqlı olsa da, özünəməxsus problemlərlə doludur. Bu problemlərin həlli üçün kadr potensialı olduqca vacibdir. Bütün bunları koordinasiya etmək, ayrı-ayrı iştirakçı strukturların iş şəraitini, imkanlarını nəzərə almaq, "sifarişçi", "icraçı" münasibətlərinin müntəzəm və səmərəli olmasını təmin etmək bu sahədə çalışan hər bir əməkdaşdan gərgin iş, yüksək peşəkarlıq, elmi-metodiki potensial, çeviklik tələb edir.
İnstitutun rəhbərliyinin diqqət və qayğısı, iştirakı ilə 2010-2011-ci tədris ilinin birinci yarısında 1339 nəfər dinləyici ixtisasartırma təhsilinin üçaylıq, ikiaylıq, 24 günlük, 12 günlük, 6 günlük kurs və seminarlarına cəlb olunmuşdur. İnstitutun professor-müəllim heyətinin, aparıcı metodiki korpusunun yerli təhsil orqanlarının sifarişləri və məqsədli ezamiyyələri zamanı yüzlərlə pedaqoji işçi ilə seminarlar, treninqlər, görüşlər təşkil edilmişdir. Azərbaycan Müəllimlər İnstitutu ilə səmərəli əməkdaşlıq əlaqələri yaradan Bakı şəhəri üzrə Təhsil İdarəsi, Sumqayıt Şəhər Təhsil Şöbəsinin, İsmayıllı Rayon Təhsil Şöbəsinin, Cəlilabad RayonTəhsil Şöbəsinin adlarını xüsusi qeyd etmək olar. İnanırıq ki, respublikanın digər rayonlarının təhsil orqanları da təhsil sahəsində yenilikləri öyrənmək sahəsində pedaqoji kadrların əlavə təhsil almasına diqqəti artıracaqlar. Tədris dövründə məşğələlərin aparılmasına Təhsil Nazirliyinin məsul şəxslərinin, AMEA-nın müxtəlif institutlarının görkəmli alimlərinin, ölkənin ali məktəblərinin təhsil sahəsində tanınmış mütəxəssislərinin, Bakı, Sumqayıt şəhərlərinin tanınmış məktəb rəhbərləri və müəllimlərinin kurs və seminarlara mühazirəçi kimi dəvət olunması xüsusi diqqət mərkəzində saxlanılmışdır.
Ötən tədris ilinin birinci yarısı ilə müqayisədə 341 nəfər çox dinləyici kurs və seminarlara cəlb edilmişdir. Ötən illər ərzində toplanmış müsbət təcrübənin, ənənələrin davam və inkişaf etdirilməsinin nəticəsidir ki, Təhsil Nazirliyinin 24 oktyabr 2009-cu il tarixli kollegiyasında Azərbaycan Müəllimlər İnstitutunda əlavə təhsil sahəsində görülən işlər yüksək qiymətləndirilmişdir.
Bütün bunlar nə qədər xoş olsa da, bizi arxayınlaşdırmır, əksinə, qayğımızı, məsuliyyətimizi artırır.
2010-2011-ci tədris ilinin birinci yarısı ölkənin həyatında mühüm bir ictimai-siyasi kampaniyanın - Milli Məclisə seçkilərin keçirilməsi dövrünə təsadüf etmişdir. Artıq seşkilər başa çatmış, Milli Məclisin yeni tərkibi öz fəaliyyətinə başlamışdır. Bu seçkilərin institutumuz üçün əhəmiyyəti bir də ona görə böyükdür ki, institutumuzun rektoru professor Aqiyə Naxçıvanlı Milli Məclisə deputat seçilmişdir. Bu, qazanılmış müvəffəqiyyətlərin daha da inkişaf etdirilməsinə çağırışdır.
Hazırlanmasında və müzakirəsində institut əməkdaşlarının da yaxından iştirak etdiyi "Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası" Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş və təhsil naziri həmin qərarın icrasını təmin etmək məqsədilə əmr vermişdir. İnstitutun rəhbərliyi əmrin icra olunmasını, bütün strukturlarda öyrənilməsini, əlavə təhsil sahəsində fəaliyyətin həmin qərarın tələblərinə uyğunlaşdırılmasını təmin etmək üçün ardıcıl tədbirlər planlaşdırır və həyata keçirir. Belə tədbirlərdən biri 2010-cu il noyabrın 25-də Təhsil Nazirliyində keçirilmiş müşavirədə dinlənilmiş təqdimat-məruzənin (AMİ-nin kafedra, kabinet, fakültə və digər struktur bölmələrinin əməkdaşlarının iştirakı ilə) təqdimatı olmuşdur.
2009-2010-cu tədris ilində əlavə təhsil sahəsində təşkil edilmiş kurs və seminarların qrafik hesabatının təhlili göstərir ki, yerli təhsil orqanlarının, təhsil müəssisələrinin heç də hamısında ixtisasartırma təhsilinə birmənalı münasibət yoxdur. Apardığımız təhlillər sübut edir ki, ixtisasartırma təhsilinin məzmunu, keyfiyyəti yüksəldikcə dinləyici kontingentinin tərkibi genişlənir, yeni sifarişlərin sayı artır. Dərs ilinin birinci yarısında Gəncə Təhsil İdarəsinin, Sumqayıt Şəhər Təhsil Şöbəsinin, Bülbül adına orta ixtisas musiqi məktəbinin, Bakı Biznes Universitetinin sifarişləri əsasında "Kurikulum, onun həyata keçirilmə mexanizmi üzrə" institut əməkdaşlarının keçirdikləri seminar - treninqlər rəğbətlə qarşılanmışdır.
Razılıq hissi ilə qeyd etmək istəyirəm ki, uzun illərdən bəri həllini gözləyən tədris bazası şəbəkəsi institut rəhbərliyinin səyi ilə Təhsil Nazirliyində təsdiq edilmiş Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun aparıcı 36 təhsil müəssisəsi tədris bazası kimi təsdiq olunmuşdur. Əlavə təhsil sahəsində 2010-2011-ci tədris ilinin ixtisasartırma təhsilinin illik qrafiki tərtib edilərək 2010-cu ilin may ayında təhsil orqanlarına göndərilmişdir. Bağlanmış müqavilələrə əsasən 2010-2011-ci tədris ilində AMİ-də 4546 nəfər, filiallarla birlikdə isə 15351 nəfər pedaqoji kadrın kurslara cəlb olunması proqnozlaşdırılmışdır.
Yeni dərs ilində institutun digər qurumları kimi, əlavə təhsil sahəsi də yeni tərtibatda, təchizatı zənginləşdirilmiş maddi-texniki və tədris bazası ilə işə başlayıb. Tədris korpusunun VII mərtəbəsində 701 və 709-cu auditoriyalar kompyuter və multimedia qurğuları ilə təmin edilmiş, tərtibat və məlumat bankı zənginləşdirilmişdir. 315-ci auditoriya fəal təlim üçün hazırlanmış, respublikanın müxtəlif regionlarında çalışan müəıllimlərin çoxlu sayda fəal dərs nümunələri, tədbirlərin videolentləri məlumat bankına toplanmışdır. Bundan əlavə, 8 auditoriya müxtəlif mövzuların tədrisi ilə əlaqədar yeni təlim texnologiyalarını reallaşdırmaq məqsədilə müasir qurğularla təchiz edilmişdir.
2009-2010-cu tədris ilində instituta yenidənhazırlanma təhsili planlaşdırılmamışdı. 2010-2011-ci tədris ilində isə Təhsil Nazirliyinin razılığı ilə Azərbaycan dili və ədəbiyyatı, praktik psixoloq və riyaziyyat-informatika ixtisasları üzrə yenidənhazırlanma təhsilinə qəbul üçün elan verilmiş və bu günə qədər 17 müdavimin sənədi Azərbaycan dili və ədəbiyyatı, 20 müdavimin sənədi praktik psixoloq, 18 müdavimin sənədi riyaziyyat-informatika qruplarına qəbul edilmişdir. Hazırda tədris məşğələləri müvəffəqiyyətlə davam edir.
Əlavə təhsilin məzmununda müsbət dəyişikliklər yaratmaq məqsədilə institut rəhbərliyi ilə məsləhətləşmələr aparılaraq müxtəlif tədbirlər müəyyənləşdirmişik. Belə ki, AMİ-də və onun 11 filialında fəaliyyət göstərən kabinetlərin işinin analizi, proqnozu və mövcud vəziyyətini öyrənib "ən yaxşı kabinet" müsabiqəsi keçirməliyik. Filiallarda ixtisasartırma təhsilinin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə müxtəlif treninqlər və seminarlar təşkil edilməsi planlaşdırılır. İnstitutumuzda əlavə təhsilin müasirləşdirilməsi və aktuallığını təmin etmək məqsədilə müxtəlif görüşlər və tədbirlər keçirilir. Ötən ilin oktyabr ayında AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun direktor müavini, professor B.Zahidovla görüş keçirilmişdir. Görüşdə ali məktəb müəllimlərinin 80 nəfər 3 aylıq kurs dinləyicisi ilə təhsilin hüquqi məsələləri mövzusunda maraqlı fikir mübadiləsi aparılmışdır. Rusiya Dövlət Təhsil Akademiyasının həqiqi üzvü,Təhsil Problemləri İnstitutunun direktoru, professor A.Mehrabovla təhsilin konseptual əsasları mövzusunda ümumtəhsil məktəb rəhbərlərindən ibarət 120 nəfər dinləyici ilə təşkil edilmiş işgüzar müzakirələr də maraqla qarşılanmışdır.
2010-cu ilin noyabr ayında Fransa Versal Akademiyasının institut tipli Müəllimlər İnstitutunun bir qrup əməkdaşı ilə əlavə təhsildə yeniliklərin qarşılıqlı öyrənilməsi və tətbiq edilməsi ilə bağlı çoxsaylı görüşlər keçirilmiş və tədbirlər müəyyənləşdirilmişdir.
2010-cu il dekabr ayının 2-də Azərbaycan Müəllimlər İnstitutunda "İnkluziv təhsil günün tələbidir" mövzusunda Təhsil Nazirliyinin, bir çox ictimai və beynəlxalq təşkilatların, Bakı, Sumqayıt, Mingəçevir şəhərlərinin təhsil orqanları nümayəndələrinin də dəvət olunduğu elmi-praktik konfransda dinlənilmiş məruzə və çıxışlar, konfrans iştirakçılarına təqdim olunmuş əl işlərindən ibarət sərgi belə tədbirlərin nə qədər aktual və səmərəli olduğunu bir daha nümayiş etdirdi.
2010-cu il dekabrın 17-də AMİ-nin filiallarının əlavə təhsil üzrə direktor müavinlərinin əlavə təhsilə xidmət edən kabinet rəhbərlərinin institutun əlavə təhsil strukturunun rəhbərləri ilə birlikdə "Ən yaxşı kabinet" devizi altında keçiriləcək müsabiqənin şərtləri, müddətləri, yekunlaşdırılmasına həsr olunmuş seminar müşavirəsi keçirilmişdir.
Azərbaycan təhsil sisteminin inkişafında pedaqoji kadrların əlavə təhsilinin həyata keçirilməsində uğur qazanmaq üçün yaxşı mənada rəqabət mühiti yaranmışdır. Filiallarımız arasında maddi tədris bazasına, kadr potensialına görə mərkəzdəki müəssisələrlə rəqabət apara biləcək müəssisələr çoxdur. Bu gün təhsil sistemində çalışan bütün kadr potensialını auditoriya şəraitində əlavə təhsilə cəlb etmək qeyri-mümkündür. Amma təhsilini artırmadan, təhsil sistemindəki yeniliklərdən xəbər tutmadan uğur qazanmaq olmaz. Bəs nə etməli? Əlavə təhsilin çevik formalarını axtarıb tapmaq, dayaq məntəqələrinin fəaliyyətini canlandırmaq, metodik korpusun təhsil müəssisələrində çalışanlarla əlaqələrini genişləndirmək, distant təhsil üçün əməkdaşlıq mühiti yaratmaq və s.əlavə təhsil sahəsində çalışan hər kəsi düşündürməlidir.

{nl}

Rahim ƏZİZOV, Azərbaycan Müəllimlər İnstitutunun əlavə təhsil üzrə prorektoru

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında