Müstəqillik illərində Azərbaycan təhsili yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu gün də ulu öndərin siyasi xəttini bütün sahələrdə uğurla davam etdirən ölkə başçısı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyənləşdirilib.
Belə qayğının ifadəsidir ki, son illər muxtar respublikada 200-dən artıq təhsil müəssisəsi tikilib və ya əsaslı şəkildə yenidən qurulub, məktəblər ən müasir tədris avadanlıqları və informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunub. Həyata keçirilən tədbirlər məzunların buraxılış imtahanlarında yüksək nəticələr əldə etmələrinə şərait yaradıb.
Artıq məktəblər müasir informasiya-kommunikasiya texnologiyaları və zəngin kitabxana fondu ilə təchiz olunub. Bu günədək ümumtəhsil məktəblərində 700-dək elektron lövhə və 4 minədək kompüter quraşdırılıb.
Müasir maddi-texniki bazanın formalaşdırılması təhsildə mütərəqqi üsulların tətbiqinə geniş imkanlar açıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli sərəncamının icrası artıq öz bəhrəsini verir. Bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı fənlərin tədrisi prosesində muzeylərlə təhsil müəssisələri arasında interaktiv əlaqələr təşkil edilir, gənclər elmi biliklərlə yanaşı, milli- mənəvi dəyərlərimizi, tariximizi, mədəniyyətimizi ən mütərəqqi üsullarla mənimsəyirlər. Bütün bunlar təhsildə qazanılan uğurların sayını getdikcə artırır. Konkret bir tədris müəssisəsinin timsalında əldə olunan nailiyyətlər barədə danışmazdan əvvəl bir qədər geriyə qayıdaq...
2 sentyabr 2004-cü il. Muxtar respublika sakinlərinin yaddaşında uzun müddət yaşayacaq unudulmaz bir tarix. Həmin gün Naxçıvan şəhərində müstəqil Azərbaycanın memarı və qurucusu ulu öndərimiz Heydər Əliyevin adını daşıyan təhsil ocağının möhtəşəm binası istifadəyə verildi. Bu, sadəcə, bir məktəb binasının istifadəyə verilməsi deyildi, ümummilli liderimizin təşəbbüsü ilə tikilən və onun adına ucaldılan bir abidənin açılışı idi. Açılış mərasimində iştirak edən dövlət başçısı demişdir: “Bu məktəb çox yüksək səviyyədə tikilmiş və ən müasir dünya standartlarına cavab verir. Bu, həm memarlıq baxımından gözəl binadır, eyni zamanda, burada yüksək səviyyədə təhsil almaq üçün hər cür şərait vardır. Bu məktəbin tikintisi xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə başlanıb. Heydər Əliyev bu məktəbin tikintisinə çox böyük diqqətlə yanaşırdı, istəyirdi ki, bu təhsil ocağı Azərbaycanda bir nömrəli məktəb olsun”.
Ölkə başçısının bu sözləri pedaqoji kollektivin məsuliyyətini daha da artırıb. Bu isə yüksək nəticələr qazanılmasına imkan verib. Məktəb 2007-2008-ci tədris ilinin yekununa görə, ölkəmizdə “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olub. Məhz belə yüksək nəticələrə görə də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun “Heydər Əliyev adına tam orta məktəbin yaradılmasının 10 illiyinin qeyd olunması haqqında” 2014-cü il 21 avqust tarixli sərəncamına əsasən yubiley tədbiri keçirilib.
Bəli, 13 ildir ki, məktəbin kollektivi təhsil ocağında ölkə Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin tövsiyələrinə əməl edərək, milli təhsilimizin tərəqqisi naminə çalışır, müstəqil dövlətimizin gələcəyi üçün bilikli, vətənpərvər, müstəqilliyimizin keşiyində durmağı vətəndaşlıq borcuna çevirən gənclər yetişdirilməsi üçün bütün imkanlarını səfərbər edir. Məktəbin müəllimləri unutmurlar ki, burada görülən hər bir iş ulu öndərin adına, onun ideyalarına layiq olmalıdır. 13 il ərzində məktəbi yüksək qiymətlərlə bitirənlərdən fərqlənmə attestatı, “qızıl” və “gümüş” medal alan məzunlar etimadı yüksək səviyyədə doğruldublar. Məktəbin şagirdlərindən birinin adı Naxçıvan Muxtar Respublikası gənc istedadlarının “Qızıl kitabı”na salınıb.
Təhsil ocağının qazandığı uğurlar belə deməyə əsas verir ki, pedaqoji kollektiv məsuliyyətini dərindən dərk edir, işini dahi rəhbərin adına layiq səviyyədə qurmağa səy göstərir. Elə bu səbəbdəndir ki, Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının statistik məlumatlarında Heydər Əliyev adına tam orta məktəb ölkəmizin ən yaxşı məktəbləri sırasında layiqli yerini qorumaqdadır.
Məzunlar cari ildə məktəbin tarixinə yeni uğurlar yazıblar. Belə ki, 2016-2017-ci tədris ilində məktəbi bitirən məzunların 98 faizi ali məktəb tələbəsi adına layiq görülüb. Onlardan 11 nəfəri 500-700, 4 nəfəri isə 550-700 intervalında bal toplayıb. Məzunlardan 4 nəfər fərqlənmə attestatı, 1 nəfər isə “qızıl” medal ilə məktəbi başa vurub.
614 balla Naxçıvan Dövlət Universitetinin riyaziyyat-informatika ixtisasına qəbul olunmuş Turac Hüseynzadə sevincini bizimlə bölüşdü:
– Bütün abituriyentlər yüksək bal toplamaq arzusunda olurlar. Onların hamısı uğurlu nəticə əldə edərək, həm ailəsini, müəllimlərini sevindirmək, həm də istədikləri təhsil ocağında seçdikləri ixtisasda təhsil almaq haqqı qazanmaq istəyir. Lakin abituriyent bu sevinci, sadəcə, yaxşı çalışaraq yaşaya bilər. Mən də arzuma bu yolla çatdım, ali məktəblərə qəbul imtahanlarında 614 bal toplamağa müvəffəq oldum. Bundan sonrakı hədəfim Vətənə layiqli bir övlad kimi yetişmək, cəmiyyətdə öz yerimi tutmaqdır. Ümumtəhsil məktəblərini bitirərək ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə görüş zamanı Ali Məclis sədrinin bizə verdiyi qiymətli tövsiyələrə gələcək təhsilimizdə, həyat yollarımızda əməl etməliyik.
Yüksək bal toplayan məzunlardan Elcan Yaqubzadə ilə də həmsöhbət olduq. O dedi:
– 611 balla Azərbaycan Dövlət İqtisad Universitetinin mühasibat uçotu və audit ixtisasına qəbul olunmuşam. Heç bir əziyyət bəhrəsiz qalmır. Gecəni gündüzə qataraq oxudum və nəhayət, arzuladığım sahə üzrə təhsil almaq mənə qismət oldu. Bundan sonra da yorulmadan çalışacaq, Vətənə, millətə xeyirli övlad olacağam.
Yeri gəlmişkən onu da qeyd edək ki, qazanılan uğurlarda başlıca sima olan müəllimlərin əməyi layiqincə qiymətləndirilib. Məktəbin 4 müəllimi “Azərbaycan Respublikasının Əməkdar müəllimi”, 4 müəllimi “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi” fəxri adlarına layiq görülüb, 4 müəllim “Tərəqqi” medalı ilə təltif edilib, 1 müəllimi isə “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olub.
Qazanılan uğurlar belə düşünməyə əminlik yaradır ki, Heydər Əliyev adına tam orta məktəbin kollektivi bundan sonra da ölkəmizin qabaqcıl təhsil ocaqları sırasında öz yerini qoruyacaq, məktəbin məzunları daha böyük uğurlara imza atacaqlar.
Fatma BABAYEVA,
“Şərq qapısı” qəzetinin müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.