Azərbaycanın bu qədim diyarının dünya üfüqlərinə çıxan görkəmli şəxsiyyətləri, alimləri, mütəfəkkirləri olmuşdur və indi də var. Adətən, təfəkkür sahibləri olan alimlər son dərəcə işgüzar, elmi biliklərə yiyələnən, ədalətli, yeri gələndə bağışlamağı bacaran, lakin prinsipial məsələlərdə heç kimə güzəşt etməyən şəxsiyyətlər olurlar. Belə şəxsiyyətlər hər bir məsələyə düzgün qiymət verir, heç vaxt hissə qapılmır, tərəfkeşlik, yerlibazlıq, dostbazlıq etmədən yaxşını yaxşı, pisi də pis kimi qiymətləndirir və adətən, özlərindən çox başqalarını düşünürlər. Onların yolu, taleyi min bir çətinlikdən keçsə də, bu yol onları həmişə insanlığın zirvəsinə ucaldır. Həmin şəxslərdən biri haqqında söhbət açmaq istəyirəm.
Rövşən Zülfüqar oğlu Hümbətəliyev 1970-ci il noyabrın 6-da füsunkar təbiəti və tarixi şəxsiyyətləri ilə tanınan Zəngəzur mahalı Qubadlı rayonunun Aşağı Mollu kəndində, fəhlə ailəsində anadan olub. Ayağı yer tutandan adı dillərdə dastan olan, əməlləri ilə ölməzlik qazanan Qaçaq Nəbinin ayaq basdığı hər bir yeri qarış-qarış gəzmiş, nənə və babalardan soy-kök bağlılığı olduğu xalq qəhrəmanı haqqında eşitdiyi nəğmələrin ab-havası ilə böyümüşdür.
Orta məktəbə doğma kəndində gedən Rövşən 1978-ci ildə ailə vəziyəti ilə bağlı təhsilini Sumqayıt şəhərində davam etdirmişdir. 1987-ci ildə Sumqayıt şəhər 12 saylı tam orta məktəbi fərqlənmə attestatı ilə bitirmişdir. Hələ orta məktəbdə oxuduğu müddətdə o, orta məktəb proqramı ilə kifayətlənmir, ali məktəb səviyyəli tədqiqatlarla maraqlanır, müəllimlərin diqqətini cəlb edirdi. Bu sahədə ona ilk yardımçı evdə qardaşı, riyaziyyat elmləri namizədi Elmar Hümbətəliyev, məktəbdə isə riyaziyyat müəllimi, o dövr üçün respublikada tədrisdə novatorluğa görə Krupskaya medalçısı Yaqub Bünyadov olmuşdur. Rövşən dəfələrlə şəhər və respublikada, o dövr ali təhsil müəssisələrində keçirilən riyaziyyat və fizika üzrə olimpiadaların qalibi olmuşdur. Böyük arzular sorağı ilə böyüyən gənc ali təhsil almaq üçün Sankt-Peterburq şəhərini seçmişdir.
1987–1990-cı illərdə V.İ.Ulyanov adına Leninqrad Elektrotexnika İnstitutunun elektrofizika fakültəsində təhsil alır. Lakin Sumqayıt hadisələri və milli münaqişə ilə əlaqədar olaraq təhsilini yarımçıq qoyaraq, respublikaya qayıtmaq məcburiyyətində qalır. 1990-cı ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində ali təhsilini davam etdirir. 1996-cı ildə BDU-nu riyaziyyatçı, riyaziyyat müəllimi ixtisası üzrə fərqlənmə diplomu ilə bitirir. Elə həmin il AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun riyazi analiz ixtisası üzrə əyani aspiranturasına qəbul olunur. Görkəmli riyaziyyatçı alim, professor, Əməkdar müəllim, Ukrayna Milli Elmlər Akademiyasının Boqolyubov gümüş medalçısı S.S.Mirzəyevin rəhbərliyi altında 2000-ci ildə “Bir sinif operator-diferensial tənliklər üçün sərhəd məsələlərinin həlli haqqında” mövzusunda namizədlik dissertasiyası işini müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi, alimlik dərəcəsini almışdır.
2000–2002-ci illərdə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun funksional analiz şəbəsində elmi işçi, 2002–2004-cü illərdə böyük elmi işçi, 2004–2012-ci illərdə isə həmin şöbədə aparıcı elmi işçi vəzifələrində işləmişdir. 2004-cü ildə riyazi analiz ixtisası üzrə dosent vəzifəsinə layiq görülmüşdür. Gənc alim öz elmi axtarışlarına ara vermədən 2013-cü ildə professor S.S.Mirzəyevin elmi məsləhətçisi, AMEA-nın akademiki Y.Ə.Məmmədovun və Rusiya Elmlər Akademiyasının müxbir üzvü A.V.İlyinin opponenti olduğu diferensial tənliklər ixtisası üzrə “Yüksək tərtibli operator-diferensial tənliklər və bəzi spektral məsələlər” mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək, riyaziyyat üzrə elmlər doktoru adına layiq görülmüşdür. O, dəfələrlə xaricdə (Rusiyada, Türkiyədə, Ukraynada, Polşada) və respublikada keçirilən Beynəlxalq konfrans və simpoziumlarda elmi məruzələrlə çıxış etmiş, 96 məqalənin (o cümlədən 36-sı xaricdə nüfuzlu jurnallarda), iki monoqrafiyanın (o cümlədən biri Rusiya Elmlər Akademiyasının “Nauka” nəşriyyatında), universitetlər üçün 13 dərslik və yeddi dərs proqramının müəllifidir. Bir çox beynəlxalq nüfuzlu jurnallarda çap edilən məqalələrdə alimin aldığı elmi nəticələrə istinadlar var.
2012-ci ilin mart ayından gənc alim elmi axtarışları ilə yanaşı, pedaqoji fəaliyyətə başlayır. O, ilk olaraq Azərbaycan Kooperasiya Universitetinin tətbiqi riyaziyyat kafedrasında dosent, 2014-cü ilin noyabr ayından isə professor vəzifəsində işləmişdir. 2016-cı ilin oktyabr ayından Azərbaycan Dövlət Pedaqoji Universitetinin hesablama riyaziyyatı və informatika kafedrasında dosent vəzifəsinə işə qəbul olunmuşdur. O, 2017-ci il mayın 31-də həmin kafedraya müdir və eyni zamanda, FD 02.601 Müdafiə Şurasının elmi katibi vəzifəsinə təyin edilmişdir.
Rövşən Hümbətəliyev öz elmi biliklərini gənc nəslə öyrədir və magistrlərə müvəffəqiyyətlə rəhbərlik edir.
Qeyd edək ki, Rövşən müəllimin elmi tədqiqatları nəinki respublikamızda, eyni zamanda, xaricdə yüksək qiymətləndirilir. Qısa müddətdə o, xaricdə fəaliyyət göstərən elmi və pedaqoji akademiyaların diqqətini cəlb etmişdir. Belə ki, onu 2015-ci ilin may ayında mərkəzi Moskvada yerləşən Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının müxbir üzvü, noyabr ayında Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, 2016-cı il iyul ayında Rusiya Təbiətşünaslıq Akademiyasının müxbir üzvü seçiblər.
Rövşən müəllimin elmi araşdırmaları Avropa Elminin İnkişaf Mərkəzinin də diqqətini cəlb etmişdir. 2016-cı ilin sentyabr ayında Rusiya Federasiyasının Soçi şəhərində keçirilən beynəlxalq konfransda o, Avropa Elminin İnkişaf Mərkəzinin riyaziyyat sahəsində elmi nəticələrinə görə M.V.Lomonosov adına, pedaqoji sahədə K.Uşinski qızıl medallarına layiq görülmüşdür. Həmin konfransda Rusiya Təbiətşünaslıq Akademiyası tərəfindən elm və maariflənməyə xidmətə görə “Böyük Yekaterina” ordeninə və Rusiyanın “Əməkdar elm və texnika xadimi” adına layiq görülmüşdür. Həmin ilin noyabr ayında Rövşən müəllimin həm İKT sahəsində, həm də riyaziyyatın tətbiqinə dair nəticələrinə görə Avropa Elminin İnkişaf Mərkəzinin təsis etdiyi “Avropada keyfiyyət”, “İsaak Nyuton” və “Vilhelm Leybnis” qızıl medalları, Rusiya Təbiətşünaslıq Akademiyasının elmi qələbə və nailiyyətlərə görə “Böyük Aleksandr” ordeni və “Təhsildə novatorluq” qızıl medalı ilə təltif olunmuşdur.
Rövşən müəllim öz elmi və pedaqoji fəaliyyətini uğurla davam etdirir, elmi tədqiqatları respublikadan kənarda nüfuzlu jurnallarda çap olunur, beynəlxalq konfrans və simpoziumlarda respublikamızı müvəffəqiyyətlə təmsil edir.
R. Hümbətəliyev 2013-cü ildən Beynəlxalq “Caspian Journal of Aplied Mathematics, Economics and Ecology” və 2017-ci ildən “Təhsildə İKT” jurnallarının redaksiya heyətinin üzvüdür.
İnanırıq ki, dünya şöhrətli elm fədaisi bundan sonra da riyaziyyat elminə yeni-yeni töhfələr verəcəkdir.
Əhməd ƏSƏDLİ,
“Qızıl qələm”
mükafatı laureatı
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.