Şriftin ölçüsü:
23.01.2011 11:04 | Oxunma sayı: 623
Ali və orta ixtisas təhsili müəssisələrində 2010/2011-ci tədris ilinin qış imtahan sessiyasında tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək üçün bir sıra işlər görülür. Yarana biləcək neqativ halları dərhal aradan qaldırmaq və digər müvafiq tədbirləri həyata keçirmək məqsədilə Azərbaycan Dövlət Pedaqoji Universitetində də bu sahədə xeyli irəliləyiş müşahidə olunur. Diqqəti cəlb edən odur ki, universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor Yusif Məmmədov universitetdə tələbələrin müəllimlərə olan inamını bərpa edə bilmişdir.
Dörd ildir bu iş davam etdirilir, daha da təkmilləşdirilir. Aydındır ki, ali məktəbin ən vacib işi imtahanların uğurla keçirilməsi prosesidir. Son illər bu iş çox məsuliyyətlə və ciddi nəzarət altında aparılır. Bu məqsədlə hər fakültədə münaqişə komissiyası və universitet üzrə "Qaynar xətt" fəaliyyət göstərir.
Bir qayda olaraq universitetin ən obyektiv, təcrübəli, ağsaqqal müəllimləri, psixoloqlar bu komissiyalarda iştirak edirlər. İmtahanların bir hissəsi yazılı, bir hissəsi isə test üsulu ilə aparılır. Hətta bu ildən etibarən qiyabi şöbənin I kurs tələbələri də test üsulu ilə imtahan verirlər. Kompyuterə cavab verən tələbələrin bir-biri ilə əlaqə saxlamaq və ya bir-birinə kömək etmək şansı olmur. Çünki kompyuter otağında yanaşı oturan tələbə ixtisasca ayrı olur. Onların başqasına kömək etmək imkanları da məhduddur. Tələbənin cavabı kompyuterin ekranında görünür. Nəzarətçilər kompyuter zalında nizam-intizamı gözləyirlər. Yazılı imtahan prosesində isə tələbələr "koordinator" adlanan iki nəfərin nəzarəti altında 90 dəqiqə ərzində biletindəki suallara cavab yazır. Fənn müəllimi də imtahanda həm nəzarətçi, həm də biletdəki suallarla bağlı zəruri izahat vermək məqsədilə iştirak edir. Yazılar koordinatorlar otağında şifrələnərək fənn müəlliminə verilir, müəllim kimin yazısını yoxladığını bilmir. Qiymətlər isə imtahan gününün səhərisi elan edilir. Qiymətindən narazı qalan tələbələr dərhal münaqişə komissiyasına müraciət edə bilirlər. Bəzən tələbənin arzuladığı qiyməti alması üçün 1-2 balı çatmırsa, tələbə ilə müəllimin görüşündə tələbənin şifahi izahı qənaətbəxş olarsa, komissiya ortaya çıxan narazılığı tələbənin xeyrinə həll edir. Komissiya tərəfindən imtahan suallarının proqrama uyğunsuzluğu və müəllimin yazını obyektiv yoxlamaması aşkar edilirsə, nöqsan yerindəcə düzəldilir. Müəllimin tələbənin cavabını qiymətləndirməsində kəskin fərq olarsa, məsələn, 4-dən çox bal fərqi yaranarsa, yazı digər ixtisasçı tərəfindən təkrar yoxlanılır. Müəllimin qeyri-obyektivliyi aşkar edilərsə, ona cəza verilir.
Sevindirici hal odur ki, komissiyaya universitetin ən çox yüksək bal almaq istəyən tələbələri müraciət edirlər. İmtahan vərəqində heç bir suala cavab yazmayan tələbə isə başa düşür ki, heç kəs ona kömək edə bilməz. Deməli, biletdə olan beş sualdan ikisinə, üçünə cavab yazmaq üçün tələbə hökmən oxumalıdır. Biliyin əsas meyar olmasını tələbə dərk edir. Müsbət qiymət alan tələbə başa düşür ki, o yalnız oxuduğuna görə keçici qiymət alır, yəni oxumaq vacibdir. Əks halda, heç nəyə nail olmaq mümkün deyil. İmtahan prosesində köçürməyə şərait yaratmağa çalışan koordinator isə dərhal işdən kənarlaşdırılır.
Tələbələrin tapşırıqla qiymət alması halı da mümkün deyil, çünki tələbə cavab vərəqində iki suala dolğun cavab yazmalıdır, digər tərəfdən, müəllim kimin yazısını yoxladığını bilmir.
Bu proses hər semestr daha da təkmilləşdirilir. Buraxılan nöqsanlar növbəti semestrlərdə aradan qaldırılır. Məsələn, ötən imtahanlardan məlum oldu ki, bəzi tələbələrin biletdəki sualları dəyişmələrinə də təsadüf edilmişdir. Cari imtahan sessiyasında bu da yoxlanılır. Əks halda, həmin suala bal verilmir.
Dediklərimizə inanmaq üçün istənilən valideyn müvafiq dekanlığa, habelə "Qaynar xətt"ə müraciət edə bilir, yəni imtahandan kəsilən tələbənin əsassız etirazına inanmağa ehtiyac qalmır. Aydındır ki, oxumayan tələbə özünə haqq qazandırmaq üçün istənilən fikrə əl atır. Valideyn isə bu deyilənin doğru olub-olmadığını yoxlaya bilər.Göründüyü kimi, Azərbaycan Dövlət Pedaqoji Universitetində yaranmış sağlam mühiti saxlamaq üçün hamıdan - həm müəllimlərdən, həm də tələbələrdən obyektivliyin qorunması tələb olunur. Bu da müsbət nəticələrə gətirib çıxarmışdır.
{nl}
Süleyman MƏMMƏDOV, əməkdar elm xadimi, professor, ADPU-nun Azərbaycan tarixi kafedrasının müdiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.