Görkəmli tarixçi alim və elm təşkilatçısı

Akademik İsmayıl Hacıyev - 60{nl}

Azərbaycan tarix elminin görkəmli nümayəndəsi, bacarıqlı elm və təhsil təşkilatçısı, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, AMEA Naxçıvan Bölməsinin sədri, Azərbaycan MEA-nın həqiqi üzvü, əməkdar elm xadimi, tarix elmləri doktoru, professor İsmayıl Muxtar oğlu Hacıyevin 60 yaşı tamam olur.

{nl}

{nl}

İsmayıl Muxtar oğlu Hacıyev 1951-ci il yanvar ayının 21-də Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Xanağa (indiki Xanəgah) kəndində müəllim ailəsində anadan olmuşdur. 1974-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. Tələbəlik illərində elmi-tədqiqat işinə böyük həvəs göstərmiş, tələbə elmi konfranslarında çıxış etmişdir. Görkəmli alim, nəcib insan İsmayıl Hacıyev gərgin əməyi və zəhməti hesabına sıravi kənd müəllimindən professorluğa, akademikliyə, AMEA Naxçıvan Bölməsinin sədrliyinə, Milli Məclisin deputatlığına qədər yüksəlmiş, şərəfli bir yol keçmişdir.
İsmayıl Hacıyev 1974- 1977-ci illərdə təyinatla göndərildiyi Naxçıvan MR Culfa rayonunun Xoşkeşin kəndində müəllim işləmişdir. Həmin dövrdə hələ gənc tarix müəllimi ikən topladığı materiallar əsasında yazdığı maraqlı elmi məqalələri respublikanın elmi jurnallarında dərc etdirmişdir. 1978-ci ildən fəaliyyətini Naxçıvan Dövlət Pedaqoji İnstitutu ilə bağlamış və bu təhsil müəssisəsində assistentlikdən professorluğa qədər şərəfli yol keçmişdir. Ali məktəb illərində və pedaqoji fəaliyyət dövründə əldə etdiyi zəngin təcrübə İsmayıl Hacıyevin Naxçıvan Dövlət Universitetində müəllim, dosent, dekan müavini, elmi işlər üzrə prorektor (1996-1997) və tədris işləri üzrə prorektor (1997-2003) vəzifələrində uğurla çalışmasına zəmin yaratmışdır. Dərin və hərtərəfli hazırlıqlı və saf mənəviyyatlı müəllim kimi tələbələrinin böyük hörmətini qazanan İsmayıl Hacıyev prorektor vəzifəsindəki səmərəli fəaliyyəti ilə özünün həm də yüksək təşkilatçılıq bacarığı olduğunu göstərmişdir.
Universitetdə işlədiyi dövr- də yüksək pedaqoji təşkilatçılıq bacarığı, insanlarla ünsiyyət yaratmaq qabiliyyəti, diqqət və qayğıkeşliyi İsmayıl müəllimi tələbələrin sevimlisinə çevirmişdir. İsmayıl müəllim bilavasitə tədris prosesində də yaxından iştirak etmiş, Azərbaycan tarixinə, onun tarixi coğrafiyasına aid dərin məzmunlu mühazirələr oxumuş, gənc nəslin ardıcıl vətənpərvərlər kimi yetişməsində, yüksək ixtisaslı kadrlar kimi formalaşmasında mühüm rol oynamışdır.
Akademik İsmayıl Hacıyev Naxçıvan Dövlət Universitetinin "Azərbaycan tarixi" kafedrasının professoru kimi öz şərəfli müəllimlik fəaliyyətini davam etdirir.
Akademik İsmayıl Hacıyev tariximizin müxtəlif problemləri ilə bağlı uğurlu və ciddi tədqiqatların müəllifi olan görkəmli alimdir. O, 1941- 1945-ci illər müharibəsi dövründə Azərbaycan qadınlarının arxa cəbhədəki fəaliyyətinə həsr olunmuş dissertasiyasını 1992-ci ildə müdafiə etmişdir. Sonrakı tədqiqatlarında Azərbaycan, o cümlədən, Naxçıvan tarixinin, xüsusilə, müstəqillik dövrü tariximizin müxtəlif problemlərinin tədqiqinə böyük diqqət yetirmişdir. Onun Naxçıvan Muxtar Respublikasının yaradılması, fəaliyyəti, qorunub saxlanması, bölgənin ərazi taleyi, Naxçıvanın muxtariyyət statusunun qarantı olan Moskva və Qars müqavilələri haqqında yazdığı qiymətli kitabı, digər çoxsaylı tədqiqatları aktual olmaqla yanaşı, həm də tarix elmimizin mühüm nailiyyətləridir.
İsmayıl Hacıyev 1999-cu ildə "Naxçıvan Muxtar Respublikası Azərbaycanın milli dövlətçilik tarixində" adlı doktorluq dissertasiyasını müdafiə etmişdir. O, bu əsəri ilə bir daha sübut etdi ki, nəinki bütövlükdə Azərbaycan, eyni zamanda, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan diyarının qədim dövlətçilik ənənələri olmuşdur. İsmayıl Hacıyev tutarlı tarixi faktlara əsaslanaraq bu əsəri ilə sübut etdi ki, əlverişli təbii-coğrafi mövqedə, mühüm tranzit ticarət yollarının üzərində yerləşən Naxçıvan diyarı Azərbaycan dövlətçilik tarixində özünəməxsus yer tutmuşdur.
2003-cü ildə AMEA-nın həqiqi üzvü və AMEA-nın Naxçıvan Bölməsinin sədri vəzifəsinə seçilən İsmayıl Hacıyev Azərbaycan elminin daha dərindən inkişaf etdirilməsi sahəsində mühüm uğurlar qazanmışdır. Tanınmış alim, bacarıqlı elm təşkilatçısı olan akademik İsmayıl Hacıyev Azərbaycan tarix elmini xarici ölkələrdə layiqincə təmsil edir. O, dünyanın bir çox ölkələrində keçirilən (Türkiyə, Rusiya, İran, Misir, Tunis, Qazaxıstan, Türkmənistan və s.) beynəlxalq konfrans və simpoziumlarda dərin məzmunlu məruzələrlə çıxış etmişdir. Tanınmış alim bir sıra elmi qurumların və nüfuzlu xarici jurnalların redaksiya heyətinin üzvü seçilmişdir. O, 2001-ci ildə ABŞ-ın Bioqrafiya İnstitutu tərəfindən "İlin adamı" adına layiq görülmüş, 2002-ci ildə Nyu-York Elmlər Akademiyasına, 2006-cı ildə "Dialoq Avrasiya Platforması"na üzv seçilmiş, 2010-cu ildə isə ABŞ-ın Bioqrafiya İnstitutunun Qızıl medalı ilə təltif olunmuşdur.
Akademik İsmayıl Hacıyev AMEA Naxçıvan bölməsinin "Xəbərlər" jurnalının baş redaktoru, "AMEA-nın məruzələri", "AMEA-nın xəbərləri (tarix, fəlsəfə, hüquq seriyası)" və onlarla başqa jurnalların redaksiya heyətlərinin üzvü kimi həmin nəşrlərin yüksək elmi səviyyədə hazırlanmasında yaxından iştirak edir.
Tarixçi alim kimi akademik İsmayıl Hacıyevin elmi fəaliyyətində Azərbaycan dövlətçilik tarixinin tədqiq edilməsi mühüm yer tutur. Akademikin elmi araşdırmalarında xalqımızın ümummilli lideri Heydər Əliyevin həyatının və siyasi fəaliyyətinin, zəngin nəzəri irsinin tədqiqi və elmi ümumiləşdirilməsi xüsusi yer tutur. Onun tədqiqatlarında Heydər Əliyev dünyanın nadir siyasi şəxsiyyətlərindən biri, müstəqil Azərbaycan dövlətinin banisi, Naxçıvan Muxtar Respublikasının xilaskarı kimi yüksək qiymətləndirilir.
Otuza yaxın kitab və monoqrafiyanın, 220-yə yaxın elmi məqalənin müəllifi olan İsmayıl Hacıyevin tədqiqatlarında Azərbaycan Xalq Cümhuriyyətinin regionlarla əlaqəsi, 1941-1945-ci illər müharibəsində Azərbaycan qadınlarının arxa cəbhədəki fəaliyyəti, Azərbaycanın milli dövlətçilik tarixində Naxçıvanın yeri, Naxçıvan bölgələrinin ərazi taleyi, sosial-iqtisadi inkişafı, tarixi və mədəniyyət abidələri, görkəmli yetirmələrinin həyat və fəaliyyəti kimi mühüm mövzular əsas yer tutur.
Tarixçi elmi kadrların hazırlanması sahəsində mühüm xidmətləri olan İsmayıl Hacıyev AMEA-nın Naxçıvan Bölməsində üç ixtisas üzrə (Vətən tarixi, arxeologiya, iqtisadiyyat) fəaliyyət göstərən Dissertasiya Şurasının sədridir. Onun rəhbərliyi və elmi məsləhətçiliyi ilə 16 nəfər fəlsəfə doktoru və elmlər doktoru dissertasiyası müdafiə etmişdi. O, hazırda 6 doktorantın elmi rəhbəridir. Dünyanın müxtəlif ölkələrində keçirilən 35-ə yaxın nüfuzlu beynəlxalq simpozium və konqreslərdə Azərbaycan elmini layiqincə təmsil etmişdir.
AMEA Naxçıvan Bölməsinə rəhbərlik etdiyi doqquz ilə yaxın bir dövrdə İsmayıl Hacıyev bu elm mərkəzinin fəaliyyətinin qurulmasında, maddi-texniki bazasının möhkəmləndirilməsində, yüksək ixtisaslı kadrlarla təmin edilməsində, xarici ölkələrin elm və təhsil müəssisələri ilə əlaqələrin qurulmasında faydalı işlər görmüşdür. AMEA Naxçıvan Bölməsi akademik İsmayıl Hacıyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçmiş, Naxçıvanda elmi mühitin tərəqqisində mühüm rol oynamışdır.
2003-cü ildə fəaliyyətə başlayan AMEA-nın Naxçıvan Bölməsi, yüksək dövlət qayğısı, bölmənin sədri akademik İsmayıl Hacıyevin məqsədyönlü fəaliyyəti və ardıcıl səyləri nəticəsində Azərbaycanın mühüm elm ocağına çevrilmişdir. Olduqca sadə və təvazökar insan olmasına baxmayaraq elmdə çox tələbkar olan və güzəştə getməyən akademik İsmayıl Hacıyev gənc tarixçi kadrların hazırlanması sahəsində çox səmərəli iş aparır, xeyirxah əməlləri ilə onlara yardımçı olur. Çoxlu doktorant və dissertanta uğurla elmi rəhbərlik edən və etməkdə olan alim özünü bacarıqlı elm təşkilatçısı kimi göstərmişdir.
Respublikanın təhsil və elmi ictimaiyyəti onu böyük alim, nüfuzlu tədqiqatçı, bacarıqlı təşkilatçı, Vətən tarixinin, Heydər Əliyev ideyalarının daşıyıcısı və fədakar təbliğatçısı kimi tanıyır.
135 işçi, o cümlədən 50 elmi işçi, bir elmlər doktoru (İ.Hacıyevin özü) və 12 nəfər elmlər namizədi ilə fəaliyyətə başlayan Naxçıvan Bölməsində hazırda 278 nəfər işçi, eləcə də 100 nəfər elmi işçi çalışır. Bu illərdə Bölmədə elmi dərəcəli işçilərin sayı artıb. Hazırda bölmədə 2 akademik, 4 müxbir üzv, 7 elmlər doktoru və 45 nəfər elmlər namizədi (fəlsəfə doktoru) çalışır. 6 elmi-tədqiqat institutu üçün binalar ayrılmış, onlar yenidən qurulmuş, yüksək səviyyədə təmir olunmuş və müasir avadanlıqlarla təmin edilmişdir. Bütün elmi işçilər kompyuter texnologiyası ilə təmin olunmuş, internet sistemi qurulmuş, bəzilərində isə simsiz internetdən istifadə üçün şərait yaradılmışdır. Bölmədə doktorantura şöbəsi, nəşriyyat, fəaliyyət göstərir. "Elmi" xəbərlər" buraxılır.
Naxçıvan Bölməsinin 2010- cu il elmi hesabatından aydın olur ki, elmi işçilərin 700-dən artıq əsəri (o cümlədən, 140 elmi əsər xaricdə) çap olunmuşdur. Bunlardan 22-si kitab və monoqrafiyadır.
Akademik İsmayıl Hacıyevin rəhbərliyi altında AMEA-nın Naxçıvan Bölməsinin səkkizillik fəaliyyəti dövründə Batabat Astrofizika Rəsədxanası üçün yeni inzibati bina tikilmiş və teleskop qurulmuşdur. Ordubad rayonunun Aşağı Əylis kəndində "Biokimyəvi tədqiqatlar laboratoriyası" üçün 3 mərtəbəli bina inşa edilmiş və yeni cihaz və avadanlıqlar alınmışdır. Nəbatat bağı (13,5 hektar) abadlaşdırılaraq yenidən qurulmuş və 2 mərətəbəli inzibati bina tikilmişdir. Bütövlükdə, elmi işçilərin normal fəaliyyət göstərmələri üçün hər cür şərait yaradılmışdır.
Naxçıvan Bölməsində fəaliyyət göstərən "Zooloji tədqiqatlar", "Meyvə, tərəvəz və üzüm", "Dənli, taxıl, paxlalı və texniki bitkilər", "Torpaq ehtiyatları", "Biokimyəvi tədqiqatlar", "Sorbsiya prosesləri", "Mineral xammalın kimyası və texnologiyası", "Fiziki tədqiqatlar" laboratoriyaları son model cihaz və avadanlıqlarla təchiz olunmuşdur.
Akademik İsmayıl Hacıyevin rəhbərliyi altında AMEA Naxçıvan Bölməsinin elmi əməkdaşlarının yaxından iştirakı ilə bir sıra ümumiləşdirici əsərlər yazılmışdır. İkicildlik "Naxçıvan ensiklopediyası", "Naxçıvan abidələri ensiklopediyası" (Azərbaycan və ingilis dillərində), "Naxçıvan tarixi atlası", "Naxçıvan folklor antologiyası", "Naxçıvanın qırmızı kitabı" (I və II cildlər, flora və faunaya aid) və başqa əsərlər bu qəbildəndir.
Naxçıvan Bölməsi fəaliyyət göstərdiyi səkkiz il ərzində öz işlərini bir sıra elm və təhsil müəssisələri ilə sıx qarşılıqlı əlaqədə qurmuşdur. Akademik İsmayıl Hacıyev tarixi tədqiqatlar sahəsində AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu ilə əlaqələrə xüsusi önəm verir. Belə ki, AMEA-nın Naxçıvan bölməsinin və Tarix İnstitutunun əməkdaşlarının yaxından iştirakı ilə "Naxçıvan: tarixi gerçəklik, müasir durum, inkişaf perspektivləri" (9-10 iyun 2006, Naxçıvan), "Naxçıvan bu gün: islahatlar, perspektivlər" (5-6 oktyabr 2007, Naxçıvan), "Nuh peyğəmbər, dünya tufanı və Naxçıvan" (24-25 aprel 2009, Naxçıvan) və başqa beynəlxalq simpoziumlar keçirilmiş və materiallar çap edilmişdir. Bundan başqa, fundamental bir araşdırma olan "Naxçıvan: tarixi və abidələri" kitabı (Azərbaycan və ingilis dillərində, müəllifləri Y.Mahmudov, K.Şükürov) A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi Şurası və AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin birgə qərarı ilə çap olunmuşdur. Hazırda isə Tarix İnstitutu və Naxçıvan Bölməsinin birgə tədqiqatı olan iki cildlik "Naxçıvan tarixi" əsəri tamamlanmış və çapa hazırlanır. Bu əsərin hazırlanmasında Naxçıvan bölməsinin alimlərindən 5 nəfəri yaxından iştirak edirlər.
Akademik İsmayıl Hacıyevin uğurla rəhbərlik etdiyi AMEA-nın Naxçıvan Bölməsinin alimləri Tarix İnstitutu ilə digər müştərək əsərlər üzərində də işləyir, ölkəmiz üçün yüksək ixtisaslı kadrlar hazırlanmasında səmərəli əməkdaşlıq edirlər.
Akademik İsmayıl Hacıyev ölkə miqyasında fəal ictimai iş aparır. İctimai-siyasi xadim kimi Naxçıvan Muxtar Respublikasının, bütövlükdə, Azərbaycanın ictimai-siyasi və elmi-mədəni həyatında fəal iştirak edən akademik İsmayıl Hacıyev bir sıra mötəbər məclislərin, o cümlədən üzvü olduğu Yeni Azərbaycan Partiyasının, Dünya Azərbaycanlılarının, X Türk Dünyası dövlət və cəmiyyətlərinin, XI Türk dövlətləri və müəllimlər xalqlarının və müstəqillik dövründə keçirilən qurultaylarının iştirakçısı olmuşdur.
İctimai-siyasi, elmi və pedaqoji fəaliyyəti ilə Naxçıvan Muxtar Respublikasında və bütün Azərbaycanda böyük nüfuz və hörmət qazanan, məhz bütün bunlara görə xalqın etimadı ilə II çağırış Naxçıvan MR Ali Məclisinin, III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilən akademik İsmayıl Hacıyevin xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. Elm sahəsində qazandığı uğurlara görə o 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür. Azərbaycan elmi qarşısında xidmətlərinə görə 2007-ci ildə akademik Yusif Məmmədəliyev adına mükafatla və medalla təltif olunmuşdur.
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsində, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gedən böyük quruculuq-abadlıq işlərində Naxçıvan Muxtar Respublikasında aparılan islahatlarda alim-vətəndaş kimi fəal iştirak etmək akademik İsmayıl Hacıyevin həyat kredosuna çevrilmişdir.
Ömrünün kamillik dövrünü yaşayan İsmayıl müəllimi 60 illik yubileyi münasibəti ilə təbrik edir, ona möhkəm can sağlığı, gələcək elmi fəaliyyətində və şəxsi həyatında daha böyük uğurlar arzulayırıq.

{nl}


Yaqub MAHMUDOV, AMEA Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, Milli Məclisin deputatı

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında