Pedaqoji Universitetdə boş yerlər ilk dəfə müsabiqə yolu ilə tutulub

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının iclasında kafedralarda tədris olunan fənlər üzrə boş professor, dosent, baş müəllim və müəllim vəzifələrinin tutulması üçün  keçirilən müsabiqənin nəticələri elan edilib, yay semestrinin təşkili, filologiya fakültəsinin fəaliyyəti və cari məsələlər müzakirə olunub.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov şura iclasında nəzərdən keçirilən məsələlər barədə məlumat verdikdən sonra ali məktəbin tarixində boş yerlərin tutulması üçün geniş aşkarlıq və obyektivlik şəraitində keçirilmiş ilk müsabiqənin nəticələri açıqlanıb. Qeyd edilib ki, ölkəmizdə də ilk dəfə gerçəkləşdirilən belə bir seçim elmi-pedaqoji ictimaiyyətin diqqətində olub. Respublika Təhsil Şurasının sədri, professor Əjdər Ağayev, Əməkdar elm xadimi, professor Şahlar Əsgərov, fəlsəfə doktoru Etibar Əliyev, nüfuzlu ekspert və ziyalılar elmi-pedaqoji məclislərdəki və mərkəzi mediadakı çıxışlarında  ADPU-da işə qəbul ediləcək yeni professor-müəllim heyətinin müsabiqə yolu ilə seçilməsini yüksək qiymətləndirib, bu addımın təhsilin keyfiyyətinin yüksəldilməsinə  xidmət etdiyini vurğulayıblar.

Müsabiqənin yekunu barədə məlumat verən insan resursları şöbəsinin müdiri, dosent Avtandil Bayramov bildirib ki, 8 fakültədə, 39 kafedrada 87 fənn üzrə 114 boş yer müsabiqəyə çıxarılıb. 350 nəfəri universitet əməkdaşı, 150-si isə digər ali təhsil müəssisələrində və ümumtəhsil məktəblərində işləyən elm və təhsil mütəxəssisi olmaqla, 500 nəfərin sənədi qəbul edilib. Boş yerləri 12 professor, 45 dosent, 44 baş müəllim, 11 müəllim bilik və bacarığını sübuta yetirməklə tutub. Qalib gələnlərin 100 nəfəri ADPU-nun əməkdaşı, 12-si isə müsabiqədə kənardan iştirak edənlərdir.  2 boş yerdə müsabiqə baş tutmayıb.

Elmi Şurada müsabiqənin nəticələri müsbət qiymətləndirərək qəbul edilib. 112 yeni müəllimlə müvafiq fənləri tədris etmələri üçün 5 tədris ili müddətinə əmək müqaviləsi imzalanıb və onlara 5 illik sertifikatlar təqdim edilib. Müsabiqədən uğurla keçən professorlar Edil Eyvazov,  Xəqani Məmmədov,  dosent Rasim Şükürov,  baş müəllimlər Təranə Nağıyeva, Solmaz Həsənova, müəllim Sevinc Mehdiyeva müsabiqənin şəffaf və obyektiv keçdiyini bildirərək öz bilik və bacarıqlarını nümayiş etdirmək üçün yaradılan şəraitə görə ali məktəb rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov qalibləri təbrik edərək, onlara tədrisdə və elmi fəaliyyətdə uğurlar arzulayıb.

Elmi Şurada tədrisin idarə olunması və tədris texnologiyaları mərkəzinin direktoru, dosent Sənan Əliyevin yay semestrinin təşkili barədə məlumatı, filologiya  fakültəsinin dekanı, professor Buludxan Xəlilovun cari hesabatı dinlənilib.

Sonda rektor Cəfər Cəfərov Elmi Şura üzvlərinə  tapşırıq və tövsiyələrini verib. 

Tahir AYDINOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında