Pedaqoji Universitetdə yubiley tədbiri

Dünən Azərbaycan Dövlət Pedaqoji Universiteti pedaqoji fakültəsinin yaranmasının 50 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilmişdir. Öncə universitetin kollektivi türkiyəli qonaqlarla birlikdə Fəxri Xiyabana gələrək ümummilli lider, təhsilimizin əsl himayədarı Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı üzərinə əklil qoymuşlar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə güllər düzülmüşdür.
Ölkəmizin elm ictimaiyyətinin, Təhsil Nazirliyi rəhbərliyinin, millət vəkillərinin, diplomatik korpus nümayəndələrinin, xarici qonaqların, ali və orta ixtisas təhsili müəssisələrinin, elmi-tədqiqat institutları rəhbərliklərinin, məzunların, eləcə də Dövlət Pedaqoji Universitetinin müəllim və tələbə heyətinin iştirak etdikləri yubiley tədbirini giriş sözü ilə açan universitetin rektoru, akademik Yusif Məmmədov bildirdi ki, bu gün pedaqoji fakültənin, universitetin, eləcə də təhsilimizin bayramıdır. Bu münasibətlə tədbir iştirakçılarını təbrik edən rektor Azərbaycan təhsilinin keçdiyi inkişaf yolundan, ulu öndər Heydər Əliyevin təhsilə, müəllim əməyinə verdiyi yüksək qiymətdən söhbət açdı. Rektor bildirdi ki, 50 illik yubileyinin qeyd olunduğu pedaqoji fakültənin maddi-texnika bazasının gücləndirilməsi, burada tədris prosesinin günün tələbləri səviyyəsində qurulması ölkəmizin orta məktəbləri üçün savadlı kadrların hazırlanması işinə müsbət təsir göstərmişdir.
Pedaqoji fakültənin dekanı, professor Fərrux Rüstəmov 1958 - 1959-cu tədris ilindən ibtidai təhsilin pedaqogikası və metodikası adı ilə fəaliyyətə başlayan fakültənin keçdiyi 50 illik inkişaf yoluna geniş nəzər saldı. Qeyd olundu ki, ötən müddətdə 15 minə yaxın məzunu olan bu fakültədə tədris işinin yüksək səviyyədə qurulmasına, tələbələrin savadlı müəllim kadrları kimi yetişdirilməsinə, onların mənəvi-estetik tərbiyəsinə və ləyaqətli vətəndaş kimi formalaşmasına həmişə ciddi diqqət göstərilmişdir. Natiq 50 yaşlı pedaqoji fakültənin formalaşdırılmasında İsfəndiyar Vəlixanlı, Mərdan Muradxanov, Şövqi Ağayev kimi tanınmış pedaqoqların, elm fədailərinin müstəsna xidmətlər göstərdiyini diqqətə çatdırdı.
AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor Yusif Məmmədovun ADPU-ya rektor təyin edilməsinin pedaqoji fakültənin də fəaliyyətinin keyfiyyətcə yeni mərhələyə daxil olmasına əlverişli şərait yaratdığını bildirən dekan bildirdi ki, son illər bütün universitetdə olduğu kimi, bu fakültədə də tədrisin keyfiyyəti xeyli yüksəlmiş, təhsilin yeni texnologiyalar əsasında təşkilində ciddi uğurlar qazanılmışdır.
Qeyd olundu ki, fakültədə elmi-tədqiqat və elmi-metodik işlərin planlaşdırılması, dərslik və dərs vəsaitlərinin, proqramların yazılması üçün səmərəli əməli fəaliyyət həyata keçirilir, pedaqoji kadr hazırlığına yüksək səviyyədə qayğı yetirilir, pedaqoji təcrübənin səmərəli keçirilməsi diqqət mərkəzində saxlanılır.
Hazırda beş kafedranın fəaliyyət göstərdiyi fakültədə 1122 nəfər tələbə təhsil alır. Onların təhsil-tərbiyəsi ilə 10 nəfər elmlər doktoru, professor, 40 nəfər elmlər namizədi, dosent və 50 nəfər müəllim məşğul olur. Fakültədə 91 nəfər magistrant təhsil alır. 2008 - 2009-cu tədris ilindən fakültədə təhsil kredit sistemi əsasında aparılır. Həmçinin qeyd olundu ki, fakültə Gəncə Dövlət Universitetinin və Azərbaycan Müəllimlər İnstitutunun müvafiq fakültələri ilə sıx əməkdaşlıq edir. Fakültənin əməkdaşları universitetin elmi-pedaqoji və ictimai-mədəni həyatında da yaxından iştirak edirlər.
Yubiley tədbirində təhsil naziri Misir Mərdanov çıxış edərək bu əlamətdar hadisə münasibətilə universitet rəhbərliyini, pedaqoji fakültənin müəllim və tələbə heyətini təbrik etdi, təhsilimizin inkişafı yolunda göstərdikləri fədakarlığa görə fakültənin bir qrup əməkdaşı nazirliyin xüsusi mükafatları və fəxri fərmanları ilə təltif olundu.
Mərasimdə Milli Məclisin deputatı Gövhər Baxşəliyeva, İranın ölkəmizdəki səfiri Məmmədbagir Bəhrami və yubiley tədbirində iştirak etmək üçün Bakıya gəlmiş Türkiyə nümayəndə heyətinin rəhbəri, Hacəttəpə Universiteti pedaqoji fakültəsinin dekanı Buket Akkoyunlu çıxış edərək təbriklərini çatdırdılar, fakültənin müəllim-tələbə heyətinə xoş arzularını bildirdilər.
Yubiley tədbiri pedaqoji fakültənin tələbələrinin hazırlandıqları konsert proqramı ilə başa çatdı.{nl}

Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında