Qusarda II Beynəlxalq Tələbə Konfransı keçirilir

Dünən Qusar şəhərində “Gömrük idarəçiliyində aktual məsələlər və çağırışlar” mövzusunda II Beynəlxalq Tələbə Konfransı işə başlayıb. “Shahdag Hotel & Spa” turizm mərkəzində BP şirkətinin dəstəyilə təşkil olunan konfransı Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev  açaraq bildirib ki, yaşadığımız qloballaşma dövründə müstəqilliyin və təhlükəsizliyin təmin edilməsi ən vacib şərtlərdir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir” sözlərini xatırladan DGK sədri vurğulayıb ki, bu gün Azərbaycan Gömrük Xidməti ölkənin iqtisadi təhlükəsizliyinin təminatı, fiskal siyasətin həyata keçirilməsi, qaçaqmalçılıq hallarının qarşısının alınması, beynəlxalq ticarətin asanlaşdırılması və sürətləndirilməsində mühüm rol oynayır, dövlətin müstəqilliyinin əsas atributlarından birinə çevrilməklə üzərinə düşən missiyanı şərəflə yerinə yetirir. A.Əliyev ölkədə gömrük orqanlarının hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırıb.

Komitə sədri onu da vurğulayıb ki, Azərbaycan Gömrük Xidməti gömrük sahəsində əməkdaşlığın gücləndirilməsi, modernləşdirilmə və kadrların peşəkarlıq səviyyəsinin artırılması məsələlərinə xüsusi önəm verir və bugünkü konfrans da sözügedən istiqamətdə nailiyyətlərin əldə edilməsinə öz töhfəsini verəcək. Konfransın iqtisadiyyat və gömrük işini öyrənən tələbələr üçün nəzərdə tutulduğunu söyləyən A.Əliyev qeyd edib ki, məqsəd gömrük və elm arasında vəhdət yaratmaq, bu sahəyə marağı olan gənclərin bilik və təcrübəsini artırmaqdır.

Uruqvay Milli Gömrük Direktorluğunun rəhbəri Enrike Kanon konfransın gömrük idarəçiliyində aktual məsələlər və çağırışlar kimi çox önəmli mövzuya həsr olunduğunu və bundan məmnunluq duyduğunu bildirib. İqtisadiyyat və ticarətlə bağlı məsələlərə toxunana natiq qloballaşma nəticəsində dünyanın müxtəlif ölkələrində yüz milyonlarla insanın rifah halının yüksəldiyini, gələcəkdə ticarət dövriyyəsinin artması ilə birlikdə bu prosesin davam edəcəyini və bu sahədə gömrük işinin və gömrük orqanlarının da xüsusi rol oynayacağını vurğulayıb.

Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) prezidenti Deyvid Uiddouson konfransın təşkilinə görə Azərbaycan tərəfinə xüsusi minnətdarlığını çatdırıb. Azərbaycan Gömrük Xidmətinin təşəbbüskarlığı ilə keçirilən və artıq silsilə xarakteri alan Beynəlxalq Tələbə Konfransının gömrük işinin və gömrükçü peşəsinin səviyyəsinin yüksəldilməsində mühüm rol oynadığını söyləyən INCU-nun rəhbəri bu sahədə Azərbaycan gömrüyünün apardığı siyasətin təqdirəlayiq olduğunu bildirib. Gömrük işinin elmi əsaslara söykənən tədqiqatlar və araşdırmalarla qurulması yönündə görülən tədbirlərə toxunan D.Uiddouson konfransın bu günün tələbələri - gələcəyin gömrük mütəxəssisləri arasında sıx əlaqələrin qurulması, əməkdaşlığın və təcrübə mübadiləsinin artırılmasında mühüm rol oynayacağını diqqətə çatdırıb.

Gürcüstan Gömrük Departamentinin rəhbəri Vladimer Xundadze çıxış edərək konfransa dəvət aldığına görə təşəkkürünü bildirib, tədbirin təşkilatçısı və iştirakçılarına uğurlar diləyib. Gürcüstan Gömrük Xidmətinin rəhbəri beynəlxalq ticarətin vəziyyətindən danışıb və müasir iqtisadiyyatın çağırışlarına tam cavab vermək üçün gömrük orqanlarında aparılacaq islahatlar və görüləcək işlərdən bəhs edib.

Açılış mərasimindən sonra konfransın fəxri qonağı - Arizona Dövlət Universitetinin professoru, iqtisadi elmlər üzrə Nobel mükafatı laureatı Edvard K.Preskottun “ABŞ iqtisadiyyatının mövcud vəziyyəti” mövzusunda məruzəsi dinlənilib. Böyük maraq doğuran bu çıxışdan sonra məruzəçi tələbələrin mövzu ətrafında suallarını cavablandırıb.

Daha sonra konfrans Varşava İqtisadiyyat Məktəbinin professoru Vaslav Çijoviçin moderatorluğu ilə ilk sessiya üzrə işə başlayıb. “Ticarətin asanlaşdırılmasında gömrük idarəçiliyinin rolu” adı ilə keçirilən sessiyada 9 məruzə dinləniləcək.

Xatırladaq ki, konfransa 30 ölkədən - Avstraliya, Avstriya, Belarus, Belçika, Bolqarıstan, Kamboca, Çin, Gürcüstan, Almaniya, Macarıstan, İslandiya, İran, İtaliya, Qazaxıstan, Laos, Litva, Makedoniya, Moldova, Filippin, Polşa, Rusiya Federasiyası, Seneqal, İspaniya, Türkiyə, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Uruqvay, Amerika Birləşmiş Ştatları, Özbəkistan və Vyetnamın universitetlərində gömrük ixtisası üzrə təhsil alan tələbələr, gömrük sahəsində ixtisaslaşan elm adamları, eləcə də məşhur gömrük mütəxəssisləri qatılıb. Həmçinin konfransda 4 beynəlxalq təşkilatın (Ümumdünya Gömrük Təşkilatı, Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsi, BP və Easy Frontier) nümayəndələri iştirak edir.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında