Təhsil sistemində müəllimin elmi-tədqiqat fəaliyyəti

{nl}

 Müasir Azərbaycan dövlətinin qurucusu və memarı ulu öndər Heydər Əliyev elmə və təhsilə həmişə böyük önəm vermiş, müəllim adını hər şeydən uca tutmuşdur. "Mən müəllim adından yüksək ad tanımıram" - deyən ümummilli liderin öz müəllimlərinə yüksək hörmət və ehtiram nümayiş etdirməsi gənc nəslin bu ruhda tərbiyə olunmasına yaxşı bir nümunə olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli elm və təhsilin inkişafı, bu sahədə mövcud olan problemlərin həlli istiqamətində həyata keçirdiyi ardıcıl siyasət də məhz ulu öndərin təhsilə və elmə göstərdiyi qayğı və diqqətin davamıdır. Prezident İlham Əliyev dövlət başçısı seçildikdən sonra müəllimləri daim diqqət mərkəzində saxlamış, onların şərəfli bir peşənin keşiyində durduqlarını bütün çıxışlarında vurğulamış və bu müqəddəs peşə sahiblərini cəmiyyətin ən hörmətli təbəqəsi adlandırmışdır.
Müstəqil respublikamızın yeni inkişaf mərhələsində Azərbaycan təhsilinin və bu sahədə çalışan alim və pedaqoqların üzərinə daha böyük vəzifələr düşür. Dünyada elmi-texniki tərəqqinin sürətli inkişafı bu gün klassik maarifçi ənənələrini qoruyan, indiki qloballaşma şəraitində Avropa təhsilinin qabaqcıl dəyərlərini mənimsəyən tamamilə yeni müəllim, təlimçi, pedaqoqlar nəslinin yetişdirilməsi zərurətini ortaya qoyur.
Yeni dövrdə təhsilin problemlərini və müasir müəllimin, pedaqoqun keyfiyyətlərinin təhlili pedaqoji fəaliyyətə və elmi yaradıcılıq məsələlərinə kompleks şəkildə yanaşmağı tələb edir. Bu gün mövcud tədris metodlarının təkmilləşdirilməsi, yenilərinin isə axtarışı və tətbiqi tədris prosesi ilə məşğul olan hər bir ziyalının əsas vəzifəsinə çevrilməlidir. Əlbəttə, müasir təhsilin inkişafı peşəkar kadrların elm, təhsil strukturları və eləcə də təcrübə ilə qarşılıqlı fəaliyyətini, nəzəri-praktik əlaqəsini tələb edir. Bu əlaqə, eyni zamanda, ali məktəblərin pedaqoji potensialını inkişaf etdirməyə, tədris proqram və kurslarının məzmununu, təhsil texnologiyalarını və metodlarını yeniləşdirməyə imkan verir.
Bu gün elmi-texniki potensialı inkişaf etdirmədən, tədqiqatçıların yeni nəslinin yaradılmasını təmin edən elm və təhsil strukturlarının bir-biri ilə sıx əlaqəsi, təhsilin elmlə qarşılıqlı sintezi olmadan müasir təhsil inkişaf edə bilməz. Bu proses ali məktəblərin pedaqoji potensialını inkişaf etdirməyə, tədris proqramlarının təkmilləşdirilməsinə və kurslarının məzmununun, o cümlədən təhsilin texnologiyasının və metodunun yeniləşdirilməsinə də imkan verir. Bunun üçün ilk növbədə elm və təhsilin inteqrasiyasına nail olmaq, elmi tədqiqatların ali məktəb, sahə və akademik bölmələrinin bir sıra sahələrində yaranmış əlaqəsizliyin aradan qaldırılmasına yönəldilmiş tədbirlərin hazırlanması və mərhələlər üzrə həyata keçirilməsi tələb olunur.
2009-cu ilin 19 iyununda dövlət başçısı "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiq etdi. Bu qanun təhsil sahəsində yaranmış bir çox problemlərin həlli üçün mühüm hüquqi baza oldu. Qanun vətəndaşların Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş təhsil hüququnun təmin edilməsi sahəsində dövlət siyasətinin əsas prinsiplərini və təhsil fəaliyyətinin tənzimlənməsinin ümumi şərtlərini müəyyən edir, təhsilin ayrı-ayrı pillələri üzrə müvafiq qanunların və digər normativ-hüquqi aktların qəbul edilməsində baza rolunu oynayır. Azərbaycan Respublikasında təhsil dünyəvi və fasiləsiz xarakter daşımaqla, vətəndaşın, cəmiyyətin və dövlətin maraqlarını əks etdirən strateji əhəmiyyətli prioritet fəaliyyət sahəsidir. Azərbaycan Respublikasında təhsil insan hüquqları haqqında beynəlxalq konvensiyalara və Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq müqavilələrə əsaslanır, təhsil sahəsində milli-mənəvi və ümumbəşəri dəyərlərin prioritetliyi əsasında dünya təhsil sisteminə inteqrasiya olunaraq inkişaf edir.
Azərbaycan Respublikasının Təhsil Qanununa əsasən, ali məktəblər həm təhsil, həm də aparıcı elm mərkəzləridir. Ali məktəblər elmi ixtisas profilinə uyğun olaraq təhsil prosesinin daim təkmilləşdirilməsini təmin etməklə bərabər, dövlət sifarişlərinin, müqavilə və kontraktlar əsasında xüsusi proqramların, layihələrin yerinə yetirilməsində də fəal iştirak edir. Elə bu məqsədlə də ali məktəblərdə kafedralarla yanaşı, elmi-tədqiqat laboratoriyaları, mərkəzlər, institutlar, yaradıcılıq kompleksləri və s. yaradılır. Dövlət milli dirçəlişi təmin edən elm sahələrində, o cümlədən təhsil və mədəniyyət sahəsində də problemlərin əsaslı şəkildə öyrənilməsinə və aradan qaldırılmasına üstünlük verir. Tədqiqatçının elmi uğurları və bacarığı nəzərə alınaraq bir sıra ali məktəblərdə çalışan bəzi mütəxəssislərin fəaliyyətlərinin mühüm hissəsi elmi-tədqiqat sahələrində cəmləşdirilir.
Ali məktəbin professor-müəllim heyətinin işinin həcmi ali təhsil müəssisələrinin rəhbərləri tərəfindən təsdiq olunmuş ştata əsasən və 6 saatlıq iş günü müddətində tutduqları vəzifədən, tədris planından və elmi-tədqiqat işlərinin planından irəli gələn tədris, tədris-metodiki və elmi-tədqiqat işlərinin bütün növlərinin onlar tərəfindən məcburi yerinə yetirilməsini nəzərə alaraq müəyyənləşdirilir.
Ştat cədvəli üzrə işləyən professor, müəllim heyətinin tədris yükü "Təhsil haqqında" Qanuna və müvafiq aktlara əsasən 450-500 saat miqdarında planlaşdırılır. Auditoriya məşğələləri tədris yükünün 40 faizindən az olmamalıdır. Bu halda mütəxəssislər ümumi dərs yükünün azaldılması hesabına ixtisas kursları, seminarlar, kurs və diplom işlərinin hazırlanmasına, yüksək ixtisaslı kadrlar yetişdirilməsinə yaxından cəlb edilirlər. Ali təhsil müəssisələrində elmi işlərin nəticələrinin tədris prosesinə tətbiqi getdikcə aktuallaşır, bu da elmi tədqiqatların keyfiyyətinə daha çox diqqətin artırılmasını tələb edir. Elmi-texniki nailiyyətlərin ümumiləşdirilməsi və yayılması, elmi-tədqiqat işlərinin aparılması və nəticələrinin istehsalat və təcrübədə tətbiq edilməsi, innovasiya, patent-lisenziya və ixtiraçılıq fəaliyyəti, dissertasiyaların, monoqrafiyaların və dərsliklərin hazırlanması, elmi jurnalların nəşri, elmi məqalə və tezislərin çap edilməsi sahəsində təhsil sistemində əhəmiyyətli işlər görülməkdədir. Ali məktəblərin fəaliyyəti elm və təhsilin inteqrasiyasına yönəldilib. Professor-müəllim heyəti kafedralarda aparılan elmi-tədqiqat işlərində fəal iştirak edir. Tədqiqatların aparılmasına doktorantlar, aspirantlar, magistrantlar və tələbələr cəlb olunur.
Respublikamızın digər ali təhsil müəssisələri kimi Daxili İşlər Nazirliyinin Polis Akademiyasında da bu sahədə uğurlu nailiyyətlər əldə olunub. Belə ki, Polis Akademiyasında hazırda 1 hüquq elmləri doktoru, 19 fəlsəfə doktoru, 4 əməkdar müəllim, 8 dosent fəaliyyət göstərir.
Akademiyanın 4 əməkdaşı doktorluq dissertasiyası üzərində, 20 əməkdaş isə namizədlik dissertasiyası üzərində çalışır.
Akademiyanın professor-müəllim heyəti tərəfindən bu günə qədər Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş 95 fənn proqramı, 4 dərslik, 55 dərs vəsaiti, 35 sxemlər albomu, 35 mühazirələr toplusu, 50 metodik tövsiyə, 20-yə yaxın monoqrafiya, həmçinin birgə müəllifliklə İnzibati Xətalar və Cinayət Məcəllələrinin Kommentariyaları hazırlanmışdır. Bunlarla yanaşı, Akademiyanın əməkdaşları kütləvi informasiya vasitələrində müxtəlif mövzularda elmi məqalə və tezislərlə çıxışlar edir, respublika və beynəlxalq əhəmiyyətli, o cümlədən Amerika və Avropa ölkələrində elmi-nəzəri və elmi-praktiki konfranslarda, habelə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının təşkil etdiyi müdafiə şuralarında və elmi seminarlarda iştirak edir, aparıcı təşkilat, elmi rəhbər və rəsmi opponent qismində rəylər hazırlayırlar. Akademiyada tədbirlər planına əsasən, mütəmadi olaraq elmi-nəzəri, praktiki və hüquqi əhəmiyyətli müvafiq mövzularda konfranslar təşkil edilir. Mötəbər beynəlxalq təşkilatlarda iştirak və nümunəvi çıxış etdiklərinə görə akademiya əməkdaşlarına müvafiq sertifikatlar və mükafatlar təqdim edilmişdir. Bunun nəticəsidir ki, akademiyanın 2 əməkdaşı Rusiya Hüquq Akademiyasının Elmi Şurasının üzvü seçilmişdir.
Bütün bunlar, əlbəttə, Azərbaycan təhsilinin inkişafına stimul verən amillərdəndir. Təhsil haqqında qanun və təhsilin inkişafı ilə əlaqədar qəbul olunmuş digər aktlar müəllim və pedaqoqların elmi-tədqiqat işinə marağını daha da artırır və nəticədə pedaqoji işlə elmi fəaliyyətin vəhdətinin yaradılmasına gətirib çıxarır. Artıq neçə illərdir ki, respublikamızda təlimdə elmi-tədqiqat fəaliyyətinin metod kimi istifadəsi ideyası sistemli tədqiqat yanaşması konsepsiyasına çevrilməyə başlayır. Tədqiqat işi insanın elmi və peşəkar fəaliyyətinin təzahür olunması formasına çevrilir və bununla da elm və pedaqoji təcrübənin əlaqəsini yaradır.
Hazırda təhsilin inkişafında qabaqcıl rol pedaqoqun elmi-tədqiqat işinə məxsusdur. Açıq informasiya məkanı şəraitində elmin əhəmiyyəti artır, o, insan həyatının bütün sahələrinə daxil olur, uğurlara nail olmaqda zəruri əsasa çevrilir. Elmi-tədqiqat fəaliyyəti ən nüfuzlu, sosial əhəmiyyətli və iqtisadi baxımdan ən məqsədəuyğun fəaliyyət sahələrindən biridir, çünki o, iqtisadiyyatın inkişafını təmin edir, mədəniyyəti zənginləşdirir, cəmiyyətin intellektual potensialına davamlılıq gətirir, sosial tərəqqini müəyyənləşdirir. Elmi biliyin pedaqoji təcrübədə istifadəsinin həddi isə onun sosial əhəmiyyəti, praktiki effektivliyi və mənəvi qiymətilə müəyyən edilir.
Elmi-tədqiqat fəaliyyəti ilə məşğul olmaqla pedaqoqda - bilik və tədqiqat işinin əldə edilməsinin pedaqoji nəzəriyyəsi və üsulları haqqında biliklər sistemi olan metodologiya, özünün və öz fəaliyyətinin dərk olunmasına əsaslanan metodoloji mədəniyyət, metodoloji savad, pedaqoji elm və təcrübə arasında əlaqəni görmək, təcrübi işdə tədqiqat metodlarının tətbiqini müəyyən etmək bacarığı, ayrı-ayrı sahələrdə elmi işin aparılması məntiqi formalaşır. Bu amillər pedaqoqun yüksək peşəkarlıq səviyyəsini təmin edir, onun fərdi yaradıcı şəxsiyyətini xarakterizə edir. Pedaqoji əmək yaradıcı quruluşa malikdir. Pedaqoqun peşəkarlıq məharətinin inkişafına təsir edən faktorların müəyyən edilməsi problemi üzrə mövqelər müəyyən bilik və bacarıqlara yiyələnmək vasitəsilə fəal yaradıcılıq fəaliyyətinin mövcudluğunda birləşir. Pedaqoji yaradıcılıq kimi elmi-tədqiqat fəaliyyəti də müasir pedaqoji fəaliyyətin mahiyyətini təşkil edir. Elmi-tədqiqat fəaliyyəti pedaqoqun işində peşəkar inkişafı və yaradıcılıq fəallığının formalaşmasını təmin edən komponentdir.
Müasir pedaqoqun şəxsiyyətinə pedaqoji problemləri nəzəri-metodoloji baxımdan başa düşmək qabiliyyəti, yeni təlim, tərbiyə, idarəetmə, informasiya texnologiyalarının təhsil müəssisələrində fəal tətbiqi, pedaqoji tədqiqat metodologiyası əsasında tədqiqatçı funksiyasının yerinə yetirilməsi və digər tələblər qoyulur.
Beləliklə, elmi-tədqiqat fəaliyyəti peşəkar məharət və yaradıcı fəaliyyətin prosesi və nəticəsi kimi çıxış edir. Yeni təhsil sisteminin müasir inkişaf səviyyəsində pedaqoqun elmi-tədqiqat fəaliyyəti onun məharətinin inkişafı və yaradıcılıq qabiliyyətlərinin üzə çıxması üçün effektiv faktora çevrilir.
Təhsil prosesində elmin rolunun artması ona gətirir ki, pedaqoqun ənənəvi funksiyaları ilə yanaşı, təhsilin müasirləşməsi şəraitində yeni peşəkar funksiyalar da yaranır və aktuallaşır. Beləliklə, təhsildə müəllimlərin müasir pedaqoji fəaliyyəti ənənəvi funksiyaların (təlim, tərbiyə, inkişaf, tədqiqatçılıq) mürəkkəb kopmleksini təşkil edir.
Pedaqoji fəaliyyətdə elmi-tədqiqat fəaliyyətinin rolu haqqında danışarkən, qeyd etmək lazımdır ki, bu, müəllim və tələbələrin fəaliyyətini birləşdirir və istənilən təhsil ocağının metodiki işinin əsasına çevrilir. Bu fəaliyyət pedaqoji məharətin müxtəlif inkişaf səviyyələrində təzahür olunur və ayrı-ayrı peşəkar hərəkətlərdə reallaşır.
Elmi-tədqiqat fəaliyyəti prosesində müəllimdə - pedaqoqda inkişaf etmiş təfəkkür əsasında özünün və həmkarının fəaliyyətini qiymətləndirmək, başa düşmək və adekvat qavramaq bacarıqları formalaşır. Elmi-tədqiqat funksiyanın uğurla həyata keçirilməsi üçün vacib şərt öz pedaqoji məharətini təkmilləşdirməyə və inkişaf etdirməyə, metodoloji mədəniyyət və savada yiyələnməyə təlabatın olmasıdır.
Təhsildə elmi-tədqiqat işi təlimin mütləq elementidir və tədris prosesinin təkmilləşdirilməsi işində əsas müddəadır. Belə ki, pedaqoji kollektivdə yaradıcı ab-hava yaratmaq məqsəd yox, müəllim əməyinin məhsuldarlığını artırmaq üçün vasitə olmalıdır.
Beləliklə, bu nəticəyə gəlmək olar ki, müasir pedaqoji fəaliyyət mütərəqqi sosial təcrübəyə əsaslanmalı və onun gələcək inkişaf yollarını görməlidir. Pedaqoqun rolu təkcə bilik, bacarıq və vərdişlər öyrətməkdən ibarət deyil, o, həm də yetişən nəslin inkişafını modelləşdirməli, layihəsini qurmalıdır. Buna görə də pedaqoqun elmi-tədqiqat işi ilə məşğul olması aktualdır. Pedaqoqun öz inkişafına mükəmməl yiyələnməsi, qabaqcıl təcrübəni öyrənməsi, yenilik axtarması, elmi yaradıcı fəaliyyəti və daim inkişafda olması vacib şərtlərdəndir.

{nl}

Mahir ƏHMƏDOV, Polis Akademiyası rəisinin tədris və elmi işlər üzrə müavini, əməkdar müəllim, hüquq elmləri doktoru, polis polkovniki, Hikmət EYVAZOV, Polis Akademiyasının daxili işlər orqanlarının inzibati fəaliyyəti kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru, polis mayoru

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında