Bakıda “Beynəlxalq təhsil həftəsi-2017” simpoziumu keçirilir

“ADA” Universiteti, ABŞ-ın Azərbaycandakı səfirliyi və ABŞ Təhsilli Məzunlar İctimai Birliyinin təşkilatçılığı ilə Bakıda  “Beynəlxalq təhsil həftəsi-2017” simpoziumu keçirilir.

İyunun 13-də “ADA” Universitetində simpoziumun rəsmi açılışı  olub.

Açılış  mərasimində “ADA” Universitetinin Təhsil İnstitutunun dekanı Vəfa Kazdal simpoziumun  Azərbaycanda təhsilin davamlı inkişafına dəstək məqsədilə keçirildiyini bildirib. O, simpozium çərçivəsində innovativ və müasir təhsil üsulları mövzusunda yerli və ABŞ mütəxəssislərinin təcrübə mübadiləsi aparacaqlarını qeyd edib. V.Kazdal qısa müddətdə böyük nüfuz və hörmət qazanmış “ADA” Universitetində dünyanın aparıcı universitetləri ilə əməkdaşlıq layihələrinin həyata keçirildiyini diqqətə çatdırıb.

Təhsil nazirinin müavini Ceyhun Bayramov  “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində aparılan islahatlardan, əldə olunan nəticələrdən bəhs edib. Ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsindən danışan nazir müavini son üç ildə müəllimlərin maaşlarının təxminən 30 faiz artdığını deyib.

BP Azərbaycan şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli qeyd edib ki, təhsilə qoyulan sərmayə gələcəyə yönəlmiş ən səmərəli yatırım sayılır. BP Azərbaycan şirkətinin fəaliyyət göstərdiyi müddətdə təhsil sisteminə təxminən 72 milyon ABŞ dolları məbləğində sərmayə yatırdığını deyən B.Aslanbəyli bu istiqamətdə səylərin davam etdiriləcəyini bildirib.

ABŞ səfirliyinin müşaviri Uilyam Gill ikitərəfli münasibətlərdə təhsil sahəsində əməkdaşlığın vacibliyini vurğulayıb. U.Gill ABŞ mübadilə proqramları üzrə təhsil almış təxminən 6 min azərbaycanlı məzunun təhsil sektorunun inkişafında yeniliklər tətbiq etdiklərini diqqətə çatdırıb.

İyunun 16-dək davam edəcək simpozium günlərində tədris üzrə mütəxəssislər və təhsil idarəçiləri praktiki seminarlar keçirəcəklər. Müzakirələr əsasən təhsilin müxtəlif idarəetmə mərhələlərinin təhlili, statistik göstəricilərə əsaslanan qiymətləndirmə və hesabatların hazırlanması, tədqiqatların qiymətləndirilməsi və STEAM (elm, texnologiya, mühəndislik, incəsənət, riyaziyyat) təhsilinə fərqli yanaşma istiqamətlərində aparılacaq.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında