Nobel mükafatı laureatı Aziz Sancar UNEC-də

İyunun 12-də UNEC-də kimya üzrə Nobel mükafatı laureatı, ABŞ-ın Şimali Karolina Universitetinin professoru və əslən türk olan Aziz Sancara həsr edilən “Aziz Sancar: Bir elm fədaisinin həyat hekayəsi” adlı konfrans keçirilib.

Konfransda görkəmli alimin həyat və yaradıcılığından bəhs edən film nümayiş olunub.

UNEC-in rektoru, professor Ədalət Muradov bildirib ki, türk dünyasının elm fədaisi Aziz Sancar Azərbaycana təhsil naziri Mikayıl Cabbarovun dəvəti ilə gəlib: “Aziz Sancar Azərbaycana bir kimyaçı kimi yox, bir türk alim kimi dəvət olunub. Aziz Sancar şəxsiyyəti elm sahəsində Nobel alan ilk türk alimi kimi bizim üçün çox əzizdir. Elə buna görə də bu günü UNEC-in tarixində ən əlamətdar günlərdən biri hesab edirəm”.

Rektor Azərbaycanın elm və təhsilində çox böyük islahatlar aparıldığını diqqətə çatdırıb: “Bu prosesdə Prezident İlham Əliyevin qarşımıza qoyduğu əsas vəzifələrdən biri də Azərbaycanın yüksəlişində maraqlı olan dünya alimləri və mütəxəssisləri ilə əlaqələr qurmaq, onların zəngin təcrübələrindən yararlanmaqdır. Aziz Sancar da məhz belə alimlərdəndir”.

 Ə.Muradov dünya şöh-rətli alimin iyunun 14-də “Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli” mövzusunda keçiriləcək beynəlxalq elmi-praktik konfransda da çıxış edəcəyini bildirib.

Sonra Aziz Sancar geniş nitqlə çıxış edib. O deyib: “DNA-nın bərpa mexanizmi üzərində üç alim çalışırdıq. İşlədiyimiz mövzular fərqli olduğu üçün bir-birimizlə rəqabət aparmırdıq. Üçümüz də kimya üzrə Nobel mükafatına layiq görüldük. Mən mütləq şəkildə Nobel mükafatı alacağımı deyə, düşünmürdüm. Nobel mükafatını almaq bir qədər subyektivdir. Nobel mükafatı ala bilməyən görkəmli alimlər də bəşəriyyətə bir sıra töhfələr veriblər. Süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin yaradıcısı kimi dünyada məşhur olan Lütfi Zadəni nümunə göstərə bilərəm. Lütfi Zadənin Nobel mükafatına layiq görülməməsi bir alim kimi onun dəyərini azaltmır”.

A.Sancar gənclərə elmlə məşğul olmağı tövsiyə edib: “Elm zaman alır, nəticəni həmən görməyə bilərsiniz, amma ruhdan düşməyin, gələcəkdə mütləq nəticəsini görəcəksiniz. Mən bu araşdırmaya ömrümün qırx ilini verdim”.

Professor Nobel mükafatını qazanmasının Türkiyə ilə yanaşı, Azərbaycanda da böyük marağa səbəb olduğunu bildirib: “Nobelə layiq görülməyimə Türkiyədən sonra böyük maraq göstərən ikinci ölkə Azərbaycan idi. Hətta Azərbaycanın Vaşinqtondakı səfiri dərhal zəng edib, mənə təbriklərini çatdırdı. Biz bir millət, iki dövlətik. Azərbaycanda olduğum üçün çox sevincliyəm”.

Nobel mükafatına layiq görülməsi xəbərini necə alması barədə xatirələri auditoriyanın xüsusi marağına səbəb olub. Professor Nobel mükafatına layiq görüldükdən sonra ən çox qarşılaşdığı sualları cavablandırıb. Təqdimat mərasimindən çəkilən fotoşəklini nümayiş etdirən professor çıxışını bu sözlərlə tamamlayıb: “Bu şəkil həyatımın ən xoşbəxt anındandır. Bu anda Nobel mükafatına layiq görüldüyümü elan edirlər və mən türk dünyası qarşısında öz borcumu layiqincə yerinə yetirdiyimi hiss edirəm”.

Daha sonra A. Sancar sualları cavablandırıb.

A.Sancar UNEC-in fəxri doktoru adına layiq görülüb. Ə.Muradov bildirib ki, növbəti tədris ilində UNEC-də ən yaxşı tədqiqatçı üçün “Aziz Sancar mükafatı” təsis ediləcək. Eyni zamanda, Aziz Sancar adına Qida mühəndisliyi laboratoriyası yaradılacaq.

Konfransda UNEC-də Azərbaycan dilinə tərcümə edilən “Aziz Sancarın Nobel bioqrafiyası” adlı kitabçası da təqdim edilib.

Elnarə ÖMƏROVA


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında