Dil öyrənmək sağlamlığa xeyirlidir?

Multilinqvizm uşaqlara da, yaşlılara da kömək edir
Hələ yarım əsr öncə hesab edilirdi ki, ikidillilik uşaqlarda nitqin inkişafına mane olur. O vaxtdan bu gunədək dünya çox qloballaşıb, yad dil əhatəsində yaşayan və uşaqları tərbiyə edən insanların sayı da artıb. Elə çoxdilli ailələrin olmasıyla da heç kimi təəccübləndirmək olmaz. Bununla yanaşı, bu gün çoxlarını belə sual maraqlandırır: çoxdillilik uşaq psixikasının formalaşmasına və yaşlaşanda səhhətinə necə təsir göstərir?
Bir neçə dildə anlamaq və danışmaq "multilinqvizm" və ya çoxdillilik adlanır. Doğrusu, müasir dövrdə cəmiyyətdə o qədər də müşahidə edilmir. Bununla belə, ənənəvi cəmiyyət üçün çoxdillilik istisna hal da deyil. Tanınmış coğrafiyaşünas və mədəniyyətşünas, "Kollaps" və "Silahlar, mikroblar və polad" kitablarının müəllifi Cared Daymond "Sayns" jurnalında dərc olunmuş məqaləsində yazır ki, kiçik ənənəvi cəmiyyətlərdə mültilinqvizm istisna haldan daha çox, qaydadır. Papua-Yeni Qvineyanın yüksək dağ yerlərində yaşayan sakinlər arasında aparılmış tədqiqatlar nəticəsində C.Daymond aşkar edir ki, hər bir aborigen minimum 5 yerli dildə sərbəst danışmaq bacarığına malikdir. O, hətta 15 dildə danışa bilən sakinlərə də rast gəldiyini açıqlayıb. Bəs, belə çox dildə danışmaq bacarığı inkişafa necə təsir göstərir? Bu yaxınlarda aparılmış araşdırmalar göstərib ki, iki dil mühitində tərbiyə olunmuş uşaqlar koqnitiv (əqli) qabiliyyətlərin inkişafı üçün əlavə imkanlara malikdirlər. Həmin uşaqlar yaşlanan zaman "bilinqvizm", yəni ikidillilik XXİ əsrin məşhur patologiyasının- Alsheymer sindromunun dağıdıcı təsirindən müdafiə edir.
1960-cı illərədək hesab olunurdu ki, uşağa erkən yaşından ikinci dil öyrədilməsi danışıq qabiliyyətinin inkişafına mənfi təsir göstərir. O dövrün araşdırmaları göstərirdi ki, ikidilli uşaqlar bir dildə danışan uşaqlarla müqayisədə danışıq vərdişlərini bir qədər gec inkişaf etdirir və az söz ehtiyatına malik olurlar. Təəssüf ki, bu gün də belə mövqedən çıxış edənlərə tez-tez rast gəlmək olar. Halbuki müasir linqvistika və psixologiya tam başqa mənzərəni ortaya çıxarır. Belə erkən araşdırmalar valideynlərin sosial səviyyələri və ya məktəbə baş çəkmək imkanları kimi vacib sosiomədəniyyət faktorlarını nəzərə almırdı. Müasir araşdırmalar təsdiqləyir ki, iki və birdilli uşaqlar eyni əqli və nitq qabiliyyətlərinə malikdirlər. Bundan başqa, həmin tədqiqatlar dəqiq göstərir ki, ikidilli uşaqlar ilk günlərdə yalnız bir dil eşidən həmyaşıdlarından daha çox üstünlüklərə sahibdirlər.
Bəs çoxdilliliyin faydalı təsirini nə ilə izah etmək olar? Linqvistlər deyirlər ki, insan beyni fasiləsiz olaraq ətraf mühitdən gələn böyük sayda siqnallar qəbul edir. Bu siqnallar müxtəlif səs-küy, əlamətlər, qoxular və s. ola bilər. Buraya bizim, məsələn, əzələ reseptorlarımızdan aldığımız şüuraltı hisslərimizi də əlavə etmək olar. Bu informasiya okeanında nəsə səmərəli iş bacarmaq üçün insan beyni daxil olan siqnalların 99 faizinin "həzm" olunmasını təxirə salmalı və "həzm" etmək iqtidarında olduğu cəmi 1 faiz siqnala əsasən qərar qəbul etməlidir. Bununla belə, bu həlledici 1 faizin seçilməsi daim dəyişir və birbaşa xarici şəraitlərdən asılıdır. Belə "nümunəlik diqqət" özündə beynin ön alın hissəsində baş verən bir sıra fizioloji prosesləri birləşdirir. Mütəxəssislər deyirlər ki, "nümünəlik diqqət"ə öyrədilmə və onun məşq etdirilməsi insan övladının ilk beş ilində daha intevsiv baş verir.
Bir neçə dildə danışan insanlar hər dəfə daha çətin seçim etmək kimi mürəkkəb vəzifə qarşısında qalırlar. Bir dil bilən insan eşitdiyi müxtəlif səsləri yalnız ixtiyarında olduğu söz "anbarına" istinadən müqayisə edir və anlamağa çalışır. Bir neçə dil bilən insan isə eşitdiyi sözləri anlamaq üçün bir neçə "anbardan" istifadə etməli olur. Məsələn, ispan və italyanca danışan insan "buro" səs fonemini (dil sistemində mənaayırıcı səs) eşidərkən, əgər söhbət ispanca gedirsə, onu "eşşək" kimi, danışıq italyanca aparılırsa, sözu "yağ" kimi interpretasiya edir. Əgər insan bir neçə dildə danışırsa, o zaman özünün yaddaşında saxladığı müxtəlif məlumat bazasından yararlanaraq, "seçim funksiyasını" daim məşq etdirir.
Bu yaxınlarda həyata keçirilmiş araşdırmalar dəyişən qaydalarla xüsusi olaraq hazırlanmış oyun testlərindən istifadə edərək, "nümunəlik seçim" qabiliyyətini qiymətləndirməyə imkan verir. Müxtəlif elementləri və rəngləri özündə birləşdirən rəsm kartlarının uyğunluq dərəsinə görə müəyyənləşdirilməsində həm birdilli, həm də çoxdilli uşaqlar eyni bacarıq nümayiş etdiriblər. Amma qaydalar dəyişdirilən zaman uyğunluq dərəcəsinin müəyyənləşdirilməsində yalnız bir dildə danışan uşaqlar böyük çətinliklə tapşırığı yerinə yetirməyə başlayıblar. Bu, əlbəttə, o demək deyil ki, belə oyun tapşırıqlarında uğur mütləq olaraq həyat uğuruna çevriləcək. Amma etiraf etmək lazımdır ki, həyatımız belə "səhv" informasiyalarla doludur, həyatımızda qaydalar isə o qədər tez dəyişir ki, bunların öhdəsindən gəlmək xüsusi vərdişlər tələb edir.
Hələ danışmağı bacarmayan körpə uşaqların əqli funksiyalarının öyrənilməsinə həsr olunmuş tədqiqatlar xüsusi maraq doğurur. Məsələn, mütəxəssislər Aqnesa Kovak və Jak Meler bir və ikidilli körpə uşaqların bacarıqlarını müqayisə ediblər. Alimlər körpələrə kompyuterin son tərəfində peyda olan fiqurlu gəlinciyi izləmək tapşırığını veriblər. Fiqurlu gəlinciyin monitorda peyda olmasına bir neçə saniyə qalmış körpə heç bir sözə oxşamayan hecalar eşitməyə başlayır. Doqquz cəhddən sonra həm birdilli, həm də ikidilli uşaqlar hecaları eşitdikdən sonra monitorun sol kənarına baxmağa başlayıblar. Mütəxəssislər növbəti addımda qaydaları dəyişiblər: bu dəfə gəlincik monitorun sağ kənarında görünüb, amma digər hecalar səsləndirilib. Məlum olub ki, ikidilli uşaqlar birinci eksperimenti unudurlar və altı cəhd ərzində ekranın sağ kənarına baxmağı öyrənirlər. Lakin birdilli uşaqlar hətta doqquz cəhddə belə, tapşırığın öhdəsindən gələ bilmirlər.
Amma çoxdillilik yalnız uşaqlıq dövründə təsir göstərmir. Qərb mütəxəssislərinin apardıqları daha bir tədqiqat nəticəsində məlum olub ki, multilinqvizm Alsheymer xəstəliyindən əziyyət çəkən yaşlı adamlara da müsbət təsir göstərir. "Alsheymer sindromu" aşkar edilmiş ikidilli insanların xəstəlik tarixcəsinin statistikası göstərir ki, ikidilli xəstələr orta hesabla beş il daha gec adı çəkilən xəstəliyə tutulurlar və daha çox yaşayırlar. Bəs bu necə baş verir? Mütəxəssislər deyirlər ki, beynin daim məşq etdirilməsi orqanizmin müxtəlif sistemlərinin inkişafına gətirib çıxarır. İdman məşqləri də məhz bu prinsipə söykənir və məhz buna görə yaşlı adamlara şahmat və ya sudoku kimi intellektual oyunlar oynamaq məsləhət görülür. Bu nöqteyi- nəzərdən iki dildə danışmaq beyin üçün daha daimi və daha təsirli məşqə çevrilir.
Bununla belə, linqvistlərin hələ cavab vermək imkanında olmadıqları çox suallar qalır. Məsələn, əlavə dil öyrənilməsi insan ömrünü neçə il uzadır? Və ikinci dilin doğulduğu andan yox, məktəbli yaşlarından öyrənilməsi hansı təsirlərə malikdir? Təbii ki, bu suallara cavab axtarılması hələ çox vaxt aparacaq. Amma bu gün çəkinmədən demək olar ki, uşaqların optimal böyüməsi və inkişafı üçün çoxdilliliyin təsiri böyükdür.{nl}

Hazırladı: Səbuhi MƏMMƏDOV, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında