UNEC-də nüfuzlu beynəlxalq konfrans keçirilib

UNEC növbəti dəfə nüfuzlu beynəlxalq konfransa ev sahibliyi edib. İctimai elmlər sahəsində dünyanın nüfuzlu ənənəvi elmi platforması olan “XIII Beynəlxalq Bilik, İqtisadiyyat və Menecment Konfransı”nda Azərbaycanla yanaşı Türkiyə, İran, ABŞ, Avstraliya, Özbəkistan, Pakistanın elm adamları iştirak edib.

“İslam Həmrəyliyi ili” çərçivəsində keçirilən konfransın təşkilatçıları UNEC-lə yanaşı, Türk Dünyası İqtisadçılar Birliyi, Türkiyənin İstanbul Sabahattin Zaim Universiteti, Bandırma On Yedi Eylül Universiteti, Bilik, İqtisadiyyat və Menecment Jurnalıdır.

UNEC-in rektoru, professor Ədalət Muradov nüfuzlu konfransa Azərbaycan Dövlət İqtisad Universiteti olaraq ev sahibliyi etməkdən böyük məmnunluq duyduğunu bildirib. Rektor həyatın bütün sahələrində biliyin ön plana çıxdığını vurğulayaraq, müasir dövrdə əksər dövlətlərin cəmiyyətlərini “bilik cəmiyyəti” konsepsiyasının, iqtisadiyyatlarını isə “bilik iqtisadiyyatı” konsepsiyasının tələbləri istiqamətində qurmağa çalışdıqlarını diqqətə çatdırıb: “Təsadüfi deyil ki, Azərbaycan post-neft dövründə ölkənin iqtisadi inkişafını məhz bilik və innovasiyalara əsaslanan iqtisadiyyatın qurulmasında görür. Bu məqsədlə qəbul edilən “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə 2025-ci ilə qədər olan dövr ölkədə bilik tutumlu iqtisadiyyata keçid dövrü kimi xarakterizə edilir və “təhsil-elm-istehsal” üçbucağının qarşılıqlı inteqrasiyası əsasında bilik iqtisadiyyatının formalaşdırılması nəzərdə tutulur”.

Rektor bildirib ki, universitetlər təkcə iqtisadçı kadr hazırlayan qurumlar deyil, eyni zamanda yeni bilikləri meydana çıxaran fundamental araşdırmaların aparıldığı və cəmiyyətin, xüsusilə də sənaye sektorunun inkişafına xidmət edən texnologiyaların, innovasiyaların həllinin formalaşdırıldığı təhsil-tədqiqat-innovasiya mərkəzləridir. Məhz buna görədir ki, artıq klassik universitet anlayışı ədəbiyyatlarda sahibkar universitet, multiversitet anlayışları ilə əvəz olunmağa başlayıb. Müasir dövrdə universitetlər bilik iqtisadiyyatının formalaşmasında mühüm rol oynamaqla, iqtisadi inkişaf üzərində ciddi pozitiv təsirlər yaradır. Onlar bu funksiyasını əsasən ixtisaslı mütəxəssislərin hazırlanması, yeni biliklərin yaradılması, tətbiqi və ötürülməsi yolu ilə reallaşdırır.

İstanbul Sabahattin Zaim Universitetinin professoru, konfransın baş koordinatoru İbrahim Güran Yumuşak 2002-ci ildən keçirilən Bilik, İqtisadiyyat və Menecment Konfransının türk dünyasının aparıcı universitetləri arasında səmərəli və dayanıqlı elmi əməkdaşlıq və araşdırma platforması olduğunu bildirib. Türkiyənin və digər ölkələrin nüfuzlu universitetlərində təşkil edilən konfransın bu dəfə Cənubi Qafqazın ən böyük iqtisadyönümlü universiteti olan UNEC-də keçirilməsinin ənənənin davamı olduğunu diqqətə çatdırıb.

Türkiyə Katılım Bankları Birliyinin baş katibi Osman Akyüz “İslam iqtisadiyyatı, islam bankçılığı”, AMEA-nın müxbir üzvü, akademik Qorxmaz İmanov “Milli, sosial və insan kapitalının qiymətləndirilməsi modelləri”, UNEC-in professoru Əlican Babayev “Sənaye cəmiyyəti konsepsiyasının təkamülü kontekstində iqtisadi nəzəriyyə və siyasi iqtisad”, İstanbul Universitetinin professoru Veysəl Bozkurt “Kapitalizmin dəyişən mədəniyyəti” mövzularında məruzə ilə çıxış ediblər.

Sonra “XIII Beynəlxalq Bilik, İqtisadiyyat və Menecment Konfransı”nın təşkilatçılarına göstərdikləri dəstəyə görə sertifikatlar təqdim olunub.

Konfrans öz işini bölmələrdə davam etdirib. İki gün davam edəcək konfransda ictimai elmlərin bütün sahələri üzrə alim və gənc tədqiqatçılar on bölmədə aktual məsələlər barədə elmi araşdırmalar aparacaq, 80-dək məruzə dinləniləcək. Əldə olunan faydalı elmi araşdırmalar konfransın yekun kitabında dərc ediləcək.

Elnarə Ömərova


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında