Bakı Ali Neft Məktəbində Layihələrin idarə edilməsi məktəbi açılıb

Bakı Ali Neft Məktəbində (BANM) Layihələrin idarə edilməsi məktəbinin (SPM) rəsmi açılış mərasimi keçirilib. Bu məktəb BANM, BP və onun tərəfdaşları, o cümlədən layihələri idarəetmə sahəsində aparıcı beynəlxalq təlim şirkəti olan “TwentyEighty Strategy Execution” tərəfindən təşkil olunub.

Tədbirə SOCAR və BP-nin rəhbər heyəti, ölkəmizin bir sıra ali təhsil müəssisələrin və beynəlxalq şirkətlərin təmsilçiləri, həmçinin SPM-in iştirakçıları qatılıb. SPM-in iyirmi altı tələbələri sırasında SOCAR, BP, ATLANTIC WASTE SOLUTIONS, “PAŞA Həyat Sığorta” ASC, “Pasha Holding”, “Gilan Tekstil Parkı”, “Bakı Şəhər Halqası” şirkətlərinin və Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin əməkdaşları iştirak ediblər.

Tədbiri açan BANM-in rektoru Elmar Qasımov çıxışında SPM-in Azərbaycan üçün çox önəmli məktəb olmasından, yerli insan resurslarına və ümumilikdə, layihələrin idarə edilməsi üzrə bacarıqların inkişafına verəcəyi töhfədən bəhs edib. Rektor, layihənin beynəlxalq səviyyəli mütəxəssislər yetişdirməkdə əhəmiyyətli rolu olacağını xüsusi olaraq vurğulayıb.

SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov çıxış edərək bildirib ki, SPM ölkənin elmi və təhsil potensialının inkişafına kömək etmək məqsədilə yaradılıb. X.Məmmədov qeyd edib bu proqram vasitəsilə iqtisadiyyatın bütün sahələrindən orta və yüksək səviyyəli menecerlərə layihələrin idarə edilməsi sahəsində öz bacarıqlarını və biliklərini inkişaf etdirməyə kömək edə biləcək.

BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli öz çıxışında qeyd edib ki, bu layihə indiyədək BP-nin öz tərəfdaşları ilə birlikdə maliyyələşdirdiyi ən uğurlu ixtisasartırma və yerli potensialın yaradılmasına dəstək təşəbbüslərindən biridir. O, bildirib ki, artıq bu məktəb yerli potensialı inkişaf etdirən beynəlxalq məzmunlu davamlı bir təlim müəssisəsinə çevrilmişdir.

SPM-in açılış mərasimində çıxış edən SOCAR-ın geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Hüseynov və SOCAR-ın Yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov Layihələrin idarə edilməsi məktəbinin tələbələrinə uğurlar arzulayaraq, bu təlim proqramın iştirakçıları üçün onların gələcək karyeralarında uğur qazanmaqlarına birbaşa təsir edəcəyini bildiriblər.

“TwentyEighty Strategy Execution” şirkətinin əməkdaşı, biznes inzibatçılığı üzrə magistrı, SPM-in təlimçisi Didye Estibal BANM-də iştirakçılar üçün yaradılan şərait və imkanların yüksək səviyyədə olmasından və SPM-də iştirak edən hər bir mütəxəssisin layihələrin idarə edilməsi, planlaşdırma və büdcəyə nəzarət, risklərin idarə edilməsi, layihələrdə liderlik və keyfiyyət kimi aspektləri daha dərindən öyrənmək imkanı əldə edəcəyini vurğulayıb.

Bildirib ki, layihənin məqsədi həm də yerli təlim müəssisəsinin bacarıqlarını artırmaqdır. Buna görə də ilkin mərhələdə kurslar ingilis dilində keçiriləcək və 2-3 il keçdikdən sonra proqramı Azərbaycan dilində tədris etmək üçün yerli mütəxəssislər hazırlanacaq.

Qeyd edək ki, SPM proqramı 2011-ci ildə BP və onun partnyorları tərəfindən layihələrin beynəlxalq standartlar əsasında idarə olunması ilə bağlı yerli tələbi ödəmək məqsədi ilə təsis edilib. “TwentyEighty” şirkətinin texniki dəstəyi və yerli tərəfdaşla birgə həyata keçirilən proqram 7 moduldan (10 ay) ibarətdir və yekunda ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr sertifikatının verilməsi nəzərdə tutulur. Başlandığı gündən etibarən proqramda 98 müxtəlif qurumu təmsil edən 300-dən artıq mütəxəssis iştirak etmişdir. BANM-in dəstəyi ilə proqramın 4-cü mərhələsinin həyata keçirilməsinə başlanılıb. Bu mərhələdən sonra BANM proqramı müstəqil olaraq tədris etmək səlahiyyətini əldə edəcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında